Bu şəxslərin işə qəbulu zamanı sınaq müddəti TƏYİN OLUNA BİLMƏZ
Azərbaycanda işə qəbul zamanı tətbiq edilən sınaq müddəti ilə bağlı bəzi məhdudiyyətlər mövcuddur.
Day.Az Xəzər Tv-yə istinadən xəbər verir ki, Əmək Məcəlləsinin 52-ci maddəsinə əsasən, müəyyən kateqoriyadan olan şəxslər üçün sınaq müddətinin təyin edilməsi qadağandır.
Halbuki bir çox işəgötürən bu müddəti peşəkarlığın yoxlanılması kimi təqdim edir və maksimum 3 aya qədər tətbiq edə bilir.
İnsan resursları üzrə mütəxəssis Aytən Şıxəliyevanın sözlərinə görə, universiteti bitirdiyi il ilk dəfə öz ixtisası üzrə işə başlayan şəxslərdən sınaq müddəti tələb edilə bilməz. Bundan əlavə, 18 yaşına çatmayanlar, hamilə qadınlar, 3 yaşınadək uşağı olan analar, həmin yaşa qədər uşağı tək böyüdən atalar, eləcə də dövlət göndərişi ilə işə qəbul olunanlar, istehsalat təcrübəsi keçənlər və müvəqqəti işlərə cəlb edilən şəxslər də bu qaydadan istisnadır.
Ekspert qeyd edir ki, əgər bu qayda pozularsa, işçi ilk növbədə işəgötürəndən sınaq müddətinin ləğvini tələb etməlidir. Bu tələb yerinə yetirilmədiyi halda isə Əmək Müfəttişliyinə müraciət etmək mümkündür. Müfəttişlik əvvəlcə işəgötürənə xəbərdarlıq edir, pozuntu aradan qaldırılmadıqda isə qanunvericiliyə uyğun olaraq cərimə tətbiq oluna bilər.
Daha ətraflı videoda:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре