Türkmənistan qazın Azərbaycan vasitəsilə Avropaya ixracı imkanını nəzərdən keçirir - Batır Muradov
Türkmənistan gələcək potensial enerji layihələri çərçivəsində təbii qazın Azərbaycan vasitəsilə Avropaya ixracı imkanını nəzərdən keçirir.
Bunu Trend-in sualını cavablandırarkən "Türkmen Dünýäsi" qəzetinin baş redaktoru Batır Muradov "Qalkınış" qaz yatağının işlənilməsinin dördüncü mərhələsinə start verilməsi münasibətilə keçirilən təntənəli mərasim çərçivəsində deyib.
Onun sözlərinə görə, "Qalkınış" qaz yatağının işlənilməsinin dördüncü mərhələsi perspektivli hesab olunur və Türkmənistanın qaz sektorunun gələcək inkişafından asılı olaraq Azərbaycan da daxil olmaqla regionun bir neçə ölkəsini əhatə edə bilər.
Muradov qeyd edib ki, bu cür layihələr çərçivəsində potensial ixrac həcmləri təxminən 10 milyard kubmetr qaza çata bilər. O vurğulayıb ki, yekun parametrlər müvafiq infrastrukturun həyata keçirilməsindən asılı olacaq.
Türkmənistanın şərqində yerləşən "Qalkınış" qaz yatağı dünyanın ən iri yataqlarından biridir. Onun ehtiyatları 4 trilyondan 14 trilyon kubmetrədək qaz həcmində qiymətləndirilir. Yataq 2006-cı ildə kəşf olunub, sənaye hasilatına isə 2013-cü ildə "Türkmənqaz" dövlət konserninin idarəçiliyi altında başlanılıb.
Çin Milli Neft-Qaz Korporasiyası (CNPC) müvafiq müqavilələr imzalandıqdan sonra 2009-cu ildə yatağın işlənilməsinə çıxış əldə edərək layihənin əsas xarici tərəfdaşlarından birinə çevrilib. Şirkət qaz emalı güclərinin və infrastrukturun tikintisində iştirak edib, həmçinin 2025-2026-cı illərdə bu mərhələnin icrası üçün seçilib ki, bu da onun Türkmənistanın qaz sektorundakı mövqelərini daha da möhkəmləndirir.
2026-cı ilin mart ayında "Türkmənqaz" dövlət konserni ilə CNPC arasında yatağın dördüncü mərhələsi üzrə obyektlərin "açar təslimi" prinsipi ilə layihələndirilməsi və tikintisinə dair müqavilə imzalanıb. Layihənin ildə 10 milyard kubmetrə qədər qaz hasilatı təmin edəcəyi və Türkmənistanın ixrac potensialının genişlənməsinə töhfə verəcəyi gözlənilir.
Bundan əvvəl Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Antalya Diplomatiya Forumunda çıxışı zamanı vurğulayıb ki, ölkənin enerji gündəliyinin əsas prioritetlərindən biri təbii qazın Avropaya tədarüküdür.
"15-20 il əvvəl Avropalı həmkarlarımızla çox yaxşı əməkdaşlığımız var idi və Türkmənistan təbii qazının Xəzər dənizi vasitəsilə Avropaya çatdırılması ilə bağlı bir sıra ideyaların praktiki həyata keçirilməsi üçün çox iş gördük", - deyə o bildirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре