Azərbaycan iqtisadiyyatı güclü makroiqtisadi göstəricilər və sabit investisiya mühiti ilə mövqeyini möhkəmləndirir - Nazir
Azərbaycan təkcə yüksək potensiala malik bazar deyil, həm də investisiya imkanlarının, ideyaların və insan kapitalının qarşılıqlı şəkildə görüşdüyü etibarlı regional platforma kimi çıxış edir.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantısı çərçivəsində keçirilən "Azərbaycan investisiya perspektivləri forumu 2026" tədbirində deyib.
Nazir bildirib ki, uzunmüddətli investisiya ilk növbədə etimad və inam üzərində qurulur. Onun sözlərinə görə, Azərbaycan güclü fiskal əsaslar, praqmatik iqtisadi siyasət və strateji valyuta ehtiyatları ilə dəstəklənən sabit və dayanıqlı iqtisadi mühit təqdim edir.
Mikayıl Cabbarov qeyd edib ki, Azərbaycanın strateji valyuta ehtiyatları ilin əvvəlindən 3,4%, illik müqayisədə isə 15% artaraq 88 milyard ABŞ dollarına çatıb. Bu göstəricilər ölkənin ÜDM-indən yüksək səviyyədə olmaqla yanaşı, aşağı dövlət borcu ilə birlikdə iqtisadi sabitlik və investor etimadı üçün möhkəm baza yaradır.
O əlavə edib ki, bu fundamental göstəricilər beynəlxalq reytinq agentlikləri tərəfindən də təsdiqlənir. Belə ki, "S&P", "Fitch" və "Moody's" Azərbaycana investisiya səviyyəli kredit reytinqi və "sabit" proqnoz verib.
Nazir vurğulayıb ki, bu amillər Azərbaycanın uzunmüddətli inkişafı və dayanıqlı investisiya mühiti üçün mühüm zəmin formalaşdırır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре