Yağışlı hava ilə bağlı DYP-dən vacib

Hazırda Bakı şəhəri və respublikanın bir sıra bölgələrində müşahidə olunan yağışlı hava şəraiti yollarda hərəkəti çətinləşdirib və yol-nəqliyyat hadisələrinin başvermə riskini artırıb.

Day.Az xəbər verir ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və digər hərəkət iştirakçılarına müraciət edib.

Qurumdan bildirilib ki, xüsusilə gecə və səhər saatlarında müşahidə olunan çiskinli hava görünüş məsafəsini məhdudlaşdırır, yolun sürüşkən olmasına səbəb olur və sürücülərdən daha yüksək diqqət tələb edir.

DYP həftəsonu paytaxtdan bölgələrə və əks istiqamətdə səfər edənlərin sayının artacağını nəzərə alaraq, şəxsi avtomobillə yola çıxan və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə sürət həddinə ciddi riayət etməyi, avtomobillərin texniki sazlığını əvvəlcədən yoxlamağı, təhlükəli ötmə və digər riskli manevrlərdən çəkinməyi tövsiyə edib.

Məlumatda qeyd olunub ki, sinoptiklərin proqnozuna əsasən, iyunun 28-dək davam edəcək qeyri-sabit hava şəraiti piyadaların, eləcə də moped və motosiklet sürücülərinin hərəkətinə də mənfi təsir göstərəcək. Bu səbəbdən bütün hərəkət iştirakçılarından hava şəraitini nəzərə alaraq ehtiyatlı davranmaları, özlərinin və başqalarının həyatını təhlükəyə ata biləcək hərəkətlərdən çəkinmələri xahiş olunub.