Qida zəhərlənməsinə nə səbəb olur? BUNLARA MÜTLƏQ ƏMƏL EDİN
Toy və yas mərasimlərində, yaxud hansısa restoranda kütləvi zəhərlənmələrin baş verdiyi ilə bağlı xəbərləri ara-sıra görməkdəyik. Bəs kütləvi zəhərlənmələrə səbəb nədir?
Day.Az-a açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib ki, son illərdə qida zəhərlənmələrinin əsas səbəbləri arasında qidaların düzgün saxlanmaması, temperatur rejiminin pozulması, sanitar-gigiyena qaydalarına əməl edilməməsi və çarpaz çirklənmə xüsusi yer tutur.
.jpg)
O, bildirib ki, xüsusilə isti havalarda bişmiş qidaların uzun müddət otaq temperaturunda saxlanılması bakteriyaların sürətlə çoxalmasına şərait yaradır.
"Buna görə də tez xarab olan məhsullar, xüsusilə kremli, mayonezli və yumurtalı qidalar 0-4°C temperaturda saxlanmalı, otaq temperaturunda uzun müddət qalmamalıdır.
Digər mühüm risk çiy və bişmiş məhsulların bir-biri ilə təmas etməsidir. Çiy ət üçün istifadə olunan doğrama lövhəsi, bıçaq və digər mətbəx avadanlıqları düzgün yuyulmadan tərəvəz, salat və ya hazır qidaların hazırlanmasında istifadə edildikdə mikroorqanizmlər həmin məhsullara keçə bilər. Həmçinin ət, yumurta və digər riskli məhsullar kifayət qədər bişirilməlidir. Ətin daxili temperaturunun ən azı 70°C-yə çatdırılması zərərli bakteriyaların məhv edilməsinə kömək edir", - o deyib.
Mütəxəssis qeyd edib ki, mayonezli salatlar xüsusilə riskli qida qrupuna daxildir:
"Çünki onların hazırlanmasında yumurta, ət, bişmiş və çiy tərəvəzlər kimi müxtəlif məhsullar bir arada istifadə olunur. Bu məhsulların hazırlanması zamanı gigiyena qaydalarına və soyuq zəncirə əməl edilmədikdə bakteriyaların çoxalması üçün əlverişli şərait yaranır. Qida zəhərlənməsi zamanı qusma, ishal, ürəkbulanma və bəzi hallarda görmə pozğunluğu kimi əlamətlər müşahidə oluna bilər. Bununla belə, əlamətlərin hər kəsdə eyni formada və eyni şiddətdə özünü göstərməsi mütləq deyil," - deyə o bildirib.
M. Hüseynova vurğulayıb ki, qida təhlükəsizliyini təmin etmək üçün məhsullar etibarlı və mənşəyi məlum olan yerlərdən alınmalı, son istifadə tarixinə və qablaşdırmanın bütövlüyünə diqqət edilməli, çiy və bişmiş qidalar ayrı saxlanmalı, yeməklər kifayət qədər bişirilməli və hazırlanma zamanı sanitar-gigiyena qaydalarına riayət olunmalıdır.
"Xüsusilə toy, yas və digər kütləvi tədbirlərdə böyük həcmdə yeməklərin hazırlanması və uzun müddət uyğun olmayan temperaturda saxlanılması zəhərlənmə riskini artırır. 5 yaşdan kiçik uşaqlar, yaşlılar, xroniki xəstəliyi olan şəxslər, hamilə və südverən qadınlar isə qida zəhərlənmələrinə qarşı daha həssas qruplar olduğundan onların qidalanmasında əlavə diqqətli olmaq lazımdır", - o yekunlaşdırıb.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре