Mirzə Babayevin nəvəsi: “Maneələr çox olub onun həyatında” - FOTO

Day.Az представляет вниманию читателей интервью на азербайджанском языке.

Mirzə Babayevin nəvəsi Emin Babayevin Milli.Az xəbər portalına müsahibəsi.

Dosye: Azərbaycan estrada musiqisinin banilərindən biri, xalq artisti, iki dəfə "Humay" mükafatı laureatı, "Şöhrət" ordenli sənətkar Mirzə Əbdülcabbar oğlu Babayev 1913-cü ildə Bakı şəhərində dünyaya gəlib. İlk ali təhsilini M.Əzizbəyov adına Sənaye İnstitutunun (indiki Neft Akademiyası) memarlıq fakültəsində alıb. Bakıda və Azərbaycanın digər şəhərlərində bir neçə inzibati bina və muzeylərin layihə müəllifidi. Peşəkar müğənnilik fəaliyyətinə ötən əsrin 40-cı illərində Tofiq Quliyevin rəhbərlik etdiyi caz orkestrində başlayıb. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, Bülbülün sinfinə daxil olub. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Estrada janrının şanson ifa tərzinin təqdimatçısı kimi tanınan Mirzə Babayev "Liman", "Uzaq, yaşıl ada", "Kəpənək", "Gəlmədi", "Kimlər gəldi, kimlər getdi bu dünyadan" və digər mahnıların ilk və təkrarsız ifaçısıdı. Özünəməxsus vokalçı olmaqdan savayı incəsənətdə kino aktyoru kimi də öz izini qoyub - 30-dan artıq filmə yazılmış mahnıları ifa eləməkdən başqa müxtəlif rollara da çəkilib ("Telefonçu qız", "Dərviş Parisi partladır", "Qaraca qız", "İstintaq", "Qorxma, mən səninləyəm", "İşarəni dənizdən gözləyin", "Bağ mövsümü", "Bəyin oğurlanması" və s.). Mirzə Babayev 2003-cü il yanvarın 13-də dünyasını dəyişib.

Memar, rəssam, leytenant, vokalçı

- Babanız necə qalıb yaddaşınızda?

- Babamgil İçərişəhərin "ağşalvarlılar" məhəlləsindəndirlər. Sabir küçəsindəki evləri indi də durur. Amma babam heç vaxt deməzdi ki, "mən bakılıyam". Başqalarına da deyirdi ki, "bakılıyam" deməyin, deyin "Bakıdanam". Çünki tam əsilli-köklü bakılı əslində çox azdı. Babamgil də həmçinin. Ulu babam Əbdül Cabbar müasirliyin tərəfdarı olub, vaxtaşırı Parisə gedib-gələrmiş. Yeddi oğlu, bir qızı olub. Uşaqlarının təhsilinə ciddi fikir verib - demək olar ki, hamısı ya Peterburqda, ya da Moskvada təhsil alıb.

Babama musiqiyə maraq, yəqin ki, anasından keçib. Anası Sona xanım Xanlarova rəfiqələrini evə qonaq çağırıb, onlar üçün qarmon çalarmış. Babam böyük səhnəyə çıxandan əvvəl, 1932-ci ildə təhsil aldığı Sənaye İnstitutunda, indiki AZİ-də, çıxış edirmiş. Natəvan meydanındakı indiki "Sabina" mağazasının yerində "Metropol" restoranı yerləşirdi, orda da çıxış edib. Özü də o vaxt restoranlara mikrofonlar hələ gəlib çatmamışdı, müğənnilər ruporla oxuyurdular. Babam Sənaye İnstitutunu bitirəndən sonra Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olub. Musiqi ilə ciddi məşğul olmağa başlamazdan əvvəl, həm memar kimi, həm də rəssam kimi çalışıb. Müharibədən qayıdandan sonra "Vətən" kinoteatrı, Gəncədə, Ağdamda bir neçə inzibati bina onun layihəsi üzrə tikilib. Nizami muzeyinin zallarının tərtibatında da iştirak edib.

- Müharibə vaxtı harda döyüşüb?

- Rostovda. Leytenant rütbəsi alıb, 4-5 medalla qayıdıb.

- Bəs sonralar memar, ya da rəssam kimi heç fəaliyyət göstərmədi?

- Rəsmi şəkildə yox. 70-ci illərin axırında Bilgəhdə özünün layihəsi ilə yaxşı bir bağ evi tikdirmək istəyirdi, icazə vermədilər. Həm də artıq musiqi ilə peşəkarcasına məşğul olmaq əsas fəaliyyətinə çevrilmişdi.

- Bülbüllə Tofiq Quliyev arasında niyə fikir ayrılığı yaranıb?

- Babam konservatoriyada Bülbülün sinfində oxuyub. Hətta Bülbül istəyirmiş ki, onu opera müğənnisi kimi hazırlasın. Amma Tofiq Quliyev deyib ki, Mirzənin səsi estrada mahnılarının ifası üçün daha uyğundu. Tofiq Quliyevin Daxili İşlər Nazirliyinin nəzdində yaratdığı caz orkestrində də çıxış edib. Babamın ilk estrada ifaçısı olması etiraf olunur, amma nədənsə caz ifaçısı kimi qəbul edilmir. Halbuki Tofiq Quliyev musiqimizin bu mərhələsi haqqında danışanda həmişə onun adını çəkirdi.

Ümumiyyətlə, Tofiq Quliyevlə yaxın olublar. Tofiq Quliyev də bildiyiniz kimi çox filmlərin musiqisini bəstələyib. Deyirdi ki, əgər həmin filmdə Mirzə də çəkilirdisə, ssenari üzrə mahnı nəzərdə tutulmayanda da, bir mahnı yazırdim ki, onun ifası bu kino lentində də qalsın. "Dərviş Parisi partladır" filmində də belə olmuşdu. Dərvişin ekranda göründüyü ilk epizodda oxuduğu mahnı ssenaridə yox imiş, o mahnını Tofiq Quliyev babama görə yazıb.

Şanson ifa tərzi - itirdiyimiz mədəniyyət?

- Mirzə Babayevin kinoaktyor kimi də rollarının öhdəsindən çox üzvi şəkildə gəlməsini qeyd etməmək olmur. Ona görə də rejissorlar onu filmlərə ilk növbədə aktyor kimi dəvət edirdilər. Elə olub ki, hansısa rol ona təklif olunsun, amma nəticədə başqası çəkilsin?

- Babam ümumilikdə 40-dan çox filmə çəkilib. Özü də təkcə Azərbaycanda yox, Odessa, Daşkənd, Aşqabad kinostudiyalarında istehsal olunan filmlərdə də iştitak edib. Burda "O olmasın, bu olsun" filmi çəkiləndə Məşədi İbad roluna onu çəkmək istəyirmişlər. Amma kimsə mane olub. Məşədi İbadın yalnız musiqi partiyalarını ona etibar ediblər.

Belə maneələr çox olub onun həyatında. Fikir verin, "əməkdar artist" adını 53-cü ildə, konservatoriyanı bitirən kimi alıb, "xalq artisti" adını isə 92-ci ildə. Sonra "Şöhrət" ordeni ilə də təltif edildi, 2000-ci ildə Amerikada Azərbaycan mədəniyyəti günlərində iştirak edən nümayəndə heyətinin üzvü oldu. Azərbaycan müstəqillik qazanmasaydı, yəqin ki, bütün bunlar olmayacaqdı. Çünki sovet vaxtı babamın ifa tərzini, səhnə hərəkətlərini qəbul etməyənlər çox idi. Müğənnilərdən səhnədə statik olmağı tələb edirdilər. Babam axı belə deyildi - ifası müxtəlif hərəkətlərlə müşayiət olunurdu.

- Şanson ifaçısının statik dayanıb oxumağı qəribə görünərdi.

- Bəli. Elə şanson tərzinin özünü də qəbul etmirdilər.

- Bəs ifa elədiyi mahnılar - onlar məxsusi onun üçün bəstələnirdi, yoxsa özü o tərzdə oxuyurdu?

- Babam Azərbaycanda estrada janrının banisi olmaqdan başqa, həm də şanson üslubunda oxuyan, demək olar ki, yeganə müğənni idi. İndi də belə müğənnilər yox dərəcəsindədir. Oxuduqları da daha çox küçə şansonudu. O vaxtın şanson ifaçıları isə məhəbbət mövzusunda olan, lirik məzmunlu şanson mahnılar oxuyurdular.

- O mahnılar məxsusi bəstələnirdi?

- Tofiq Quliyevlə Emin Sabitoğlu məxsusi babam üçün şanson mahnıları yazırdılar. Oqtay Rəcəbovla Vasif Adıgözəlov isə o cür yazmasalar da, onların da mahnıları babamın ifasında şanson mahnılara çevrilirdi.

- Şanson ifa tərzi dinləyicilərlə ifaçı arasında bütün baryerləri aradan qaldırır. Bəs adi həyatda davranışı necə idi babanızın?

- Səhnədə olduğu kimi, həyatda da ünsiyyətə açıq insan idi. Bir dəfə mən xaricdə idim, babamın yanında isə ya mən qalırdım, ya da bacım, biz demək olar ki, elə onun yanında böyümüşük. Hə, xaricdən zəng eləyəndə babamı soruşdum, bacım dedi ki, getdi Moskvaya. Soruşdum ki, necə yəni, kiminlə getdi? Dedi, mən tanımıram, iki nəfər gəlmişdi, söhbətlərindən başa düşdüm ki, babam onlarla yaxşı tanışdı.

Qısamüddətli səfərə çıxanda sakvoyajla gedirdi, onu götürüb, bacıma deyib ki, qapını yaxşı bağlasın, özü də Moskvaya yola düşüb. Babam rəhmətə gedəndə həmin adamlarla tanış olub bildim ki, Moskvada yaşayan azərbaycanlı biznesmenlərdi. Dedilər, babamla ünsiyyətdə olmaqdan zövq aldıqları üçün onda onu Moskvaya iki günlüyə qonaq aparıblar. Belə adamlar çox idi. Amerikada mədəniyyət günlərində iştirak edəndə də Nyu-Yorkda, Vaşinqtonda yaşayan keçmiş bakılı yəhudilər onunla oturub söhbət eləməyə can atırdılar. Ya da bir də görürdün ki, tanımadığımız bir nəfər gəlib hansısa probleminin həlli üçün babama müraciət edirdi. O da əvvəl bir az deyinsə də, mütləq hər kəsə əlindən gələn köməyi edirdi.

Ümumiyyətlə, bəzi tanınmışlar kimi adi adamlarla ünsiyyətdən qaçan deyildi. Elə olurdu ki, konsertdən əvvəl deyirdim, gəl səni maşınla aparım. Deyirdi, özüm ya gəzə-gəzə gedərəm, ya da avtobusla. Özünü camaatdan ayırmırdı. İctimai nəqliyyatla da gedirdi, piyada da. Yolda ayaq saxlayıb dinləyicilərindən kiminləsə söhbət də edirdi.

Evdə də çox qayğıkeş adam idi. Nənəmə həmişə, xüsusən də son illər, o, xəstə olanda ev işlərində kömək edirdi. Bizə, nəvələrinə də həmişə arxa olub, amma ərköyün eləməyib.

İlk baxışdan məhəbbət və 65 illik evlilik

- Müsahibələrində xanımından həmişə böyük məhəbbətlə danışırdı. Evlənmələrinin tarixçəsini bilirsiz?

- Nənəm Güllü xanımla evlənmələrinin tarixçəsini Şövkət xanım Ələkbərova da yeri düşəndə danışırdı. Onların evliliyi 65 il sürüb. Nənəm şuşalı idi, çox xanım-xatın qadın idi. Babam onu tələbə vaxtı "Narxoz"un (indiki İqtisad Universiteti) qabağında görüb. İlk baxışdan vurulub. Deyirdi ki, çox uzun, gözəl saçları var idi. Amma sonra kəsdirib saçlarını, çünki mən nənəmi uzunsaçlı xatırlamıram.

Babam onu görən kimi vurulub. Deyirdi, elə yolun üstündəki şirniyyat dükanlarının birindən bir qutu şokolad aldım ki, Güllü ilə rəfiqələrinə təklif edim. Bu "uxajivaniye" üç il davam edib. Üç ildən sonra nəhayət, babamın elçilərinə razılıq veriblər. Onların bir qızı, bir oğlu olub - mənim atam Cabbar - babam oğluna atası Əbdül Cabbarın adını qoyub - və bibim Aneliya.

- Nə maraqlı adı var bibinizin...

- Hə, Bakıda çox nadir addı. Nənəm dünyagörüşü geniş olan qadın idi. Həmişə xarici jurnalları tapıb oxuyurdu. Aneliya adına da o jurnallarda rast gəlib, bir polyak aktrisasının adı idi. Nənəmlə babamın evlilik həyatı doğrudan da heyranlıq doğururdu. Baxmayaraq ki, babam məşhur müğənni olub, özü də şux təbiətli kişi idi, heç vaxt nənəmdə ciddi qısqanclıq doğura biləcək hərəkətə yol verməyib. Dostlarının da yerini bilib, sənətinin, karyerasının da, ailəsinin də.

- Dostları çox olub, yəqin...

- Ən yaxın dostları Tofiq Quliyev, Emin Sabitoğlu, Vaqif Səmədoğlu idi. Onların münasibətləri əsl kişi dostluğunun nümunəsi idi.

"Burdan-buradı da, bir tikə çörək yeyib gələcəkdim"

- Sizcə babanızın xarakterinin ən qabarıq cəhəti nə idi?

- Həyatsevərliyi, sərbəstliyi. Bir dəfə Xruşşovun vaxtında filarmoniyada dövlət rəhbərlərinin iştirak edəcəyi konsertdə babam da çıxış etməli imiş. Konsertə 15 dəqiqə qalmış görürlər ki, Mirzə Babayev gəlib-çıxmayıb. Nə isə, kiminsə ağlına gəlir, gedib onu filarmoniyanın yaxınlığındakı restoranların birindən tapıb gətirirlər. Deyib ki, burdan-buradı da, bir tikə çörək yeyib gələcəkdim.

Səhnədə olduğu kimi, həyatda da şux, ünsiyyətə açıq insan olduğunu deyəndə, onun belə görünmək həvəsində olmasını yox, elə olduğu kimi görünmək keyfiyyətini vurğulamaq istəyirdim. Məsələn, o, heç vaxt geyimində tünd rəngləri xoşlamayıb, açıq rənglərə üstünlük verib. Gənclərin geyim tərzinə yaxın geyinmək həvəsi hərdən mənə də qəribə görünsə də, baxıb görürdüm ki, yersiz təsir bağışlamır. Ona görə babamı son günlərinədək səhnədə qıvraq hərəkətlər etdiyinə görə qınayanlar haqlı deyillər. Çünki belə davranış onun daxilindən gəlirdi. Daxilən, həmişə gənc olub.

Нажмите на фотографии для увеличения: