Aqşin Əlizadə: "Mən başdan-ayağa Azərbaycan bəstəkarıyam"

Day.Az представляет новость на азербайджанском языке.
 

"Yaşadığımız gərgin, səbatsız dövr həyatımıza, yaradıcılığımıza təsir etməyə bilməz. Axı sənətkar va-kuum şəraitində yaşamır. Bütün sarsıntılara baxmayaraq, əsas məqsəd başlıca sənət ideallarına xəyanət etməmək, daxilimizdə səslənən musiqini itirməmək, onun saflığını qoruyub saxlamaqdır. Bəstəkar hər bir səs qarşısında məsuliyyətini dərk etməlidir". Bu fikirləri bir neçə ay bundan əvvəl "Kaspi"yə son müsahibəsində demişdi Xalq artisti, professor, sevimli bəstəkarımız Aqşin Əlizadə.

Onun fikrincə, bəstəkarlıq hərtərəfli musiqi fəaliyyəti ilə məşğul olmaq demək idi. 40-dan çox kino mu-siqisi yazmışdı. Tamaşalara yazılan musiqiləri vardı. "Heç vaxt da bu musiqilərə gəlir mənbəyi kimi ya-naşmamışam. Sözün əsl mənasında musiqi laboratoriyası kimi baxmışam"- deyirdi.

Musiqi tariximizdə əbədi izlər

Bəstəkarın hələ tələbə vaxtı yazdığı sonata Gənc Bəstəkarların I Ümumittifaq Müsabiqəsində I dərəcəli diploma, sonra yazdığı Birinci simfoniya "Zaqafqaziya Baharı" festivalında I diploma layiq görülüb. "Babək", "Qafqaza səyahət", "Ümid valsı" baletləri, 5 simfoniyası, xor üçün "Bayatılar", "Təntənə", "Azərilər" kantatası, "Ana torpaq", "Qədim lay-lay", kamera orkestri üçün "Pastoral", "Aşıqsayağı", "Cəngi", "Kənd suitasi", "Uşaq süitasi", fortepiano üçün sonata, "Dastan", "Qədim oyunlar", "Portret", xoreoqrafiq simfoniya və s. əsərləri onun adını Azərbaycanın musiqi tarixinə əbədi yazıb.

Onlar məni görəndə ağlayırdılar

Musiqi ilə 6 yaşından dostluq etməyə başlayıb. "1943-cü il idi. Uşaq olmağımıza baxmayaraq, biz za-manın ağırlığını anlayırdıq. Biz də çox ciddi olmağa çalışırdıq"-deyə xatırlayırdı. Musiqiyə olan sevgisinə görə doğulub boya-başa çatdığı ailəyə də çox minnətdar idi. Atası Əliqulu kişi, anası Bikəxa-nım elmə, təhsilə, musiqiyə qiymət verən insanlar idi. Evlərində həmişə xalq mahnılarının, muğamların səsi vardı. Çox böyük alimlər, sənətkarlar qonaqları olurdu. Süleyman Rüstəm, Əliağa Vahid, Yusif Məmmədəliyev, ifaçılardan Şövkət xanım, Teymur Dəmirov, Hacıbaba Hüseynovu uşaq vaxtı ev-lərində, bağlarında görmüş, söhbətlərini, canlı musiqilərini dinləmişdi: "O vaxt evimizə Azərbaycanın hər yerindən adamlar gəlirdi. Onlar evimizdəki mühitdən çox məmnun olurdular. İnanın ki, çox sonra-lar həmin adamlar mənimlə rastlaşanda ağlayırdılar. Bu, mənimçün həyat dərsi idi. Anam məni heç vaxt tərifləmirdi. Çox ciddi təbiəti vardı. Beynimə birinci proqram qoymuşdu ki, mən oxumalıyam. İkincisi əllərim təmiz olmalıdır, hər zaman musiqini birinci tutmalıyam və s. O məni tez-tez konsertlərə aparardı. 9 yaşım olanda Üzeyir Hacıbəyovu görmüşəm. Anam məni "Koroğlu" tamaşasına aparmışdı. Orda Üzeyir bəyi görmək mənimçün çox böyük sevincli və müqəddəs gün idi. I sinifdə ilk musiqi müəlliməm Vaqif Mustafazadənin anası Zivər Əliyeva olub. Mən ilk dərsimə başlayan kimi hiss edirdim ki, bu mə-nim həyatımdır. O vaxt adamlar hamısı işə ciddi baxırdılar".

Musiqini ürəkdən sevsə də böyüyəndə bəstəkar olacağını bilmirdi. Çünki uşaq olsa da, bu sənətin ağırlı-ğını və böyüklüyünü hiss edirdi. O vaxt Qara Qarayev, Cövdət Hacıyev kimi bəstəkarların operalarını dinləyir, Əşrəf Abbasovun, Fikrət Əmirovun əsərlərini çalırdı.

Dərs yox, musiqi bayramı

Bülbül adına musiqi məktəbində oxuduğu illərdə isə artıq bəstəkar ola biləcəyinə inanıb. Hətta yazdığı birinci əsər çap olunub və uşaqların proqramına daxil edilib. 1955-ci ildə Konservatoriyaya daxil olan-dan sonra bu işə bir savaş kimi başlayıb. Cövdət Hacıyev kimi görkəmli bəstəkarın sinfində təhsil alması onun yaradıcılıq taleyində mühüm rol oynayıb. Hətta tale elə gətirib ki, Cövdət Hacıyevin assis-tenti kimi 10 il dərs deyib. Həmin 10 il onun üçün çox önəmli olub. "Dərs deyəndə bəstəkar özü də çox şey öyrənir. Sözün düzü, elə mən də ona görə razılıq vermişdim. Bir də bizim dərslərimiz adi dərslər deyildi. Onlar hər zaman musiqi bayramı kimi keçirilirdi. Biz dünya musiqisindən bəhs edirdik. Mən Qara Qarayevin də sinfində dərsləri dinləyirdim. Gəncliyimizdə çox önəmli bəstəkarlıq məktəbi keçdik. Heyf ki, bu gün belə deyil!"- deyə təəssüfünü gizlətmirdi.

50 yaşına qədər yazmamısansa...

A.Əlizadənin yaşıdı olan bəstəkarlar Azərbaycan musiqisinə yenilik gətirdilər: "Bizim evimiz kiçik bir Filarmoniya idi. "Sona bülbüllər", "Apardı sellər Saranı" və başqa xalq mahnılarını lap uşaqlıqdan eşidib zümzümə etmişəm" deyən bəstəkarın bütün əsərləri Azərbaycan musiqisi üzərində qurulub: "Radionun yanında oturub saatlarla Xan Şuşinskiyə, Seyid Şuşinskiyə, Zülfü Adıgözəlova qulaq asardım. Bunlar mənimçün əsl məktəb idi. O vaxt eşitdiyim o mahnıları hətta məşhur bir xanəndə üçün çaldım, o, bunla-rı eşitmədiyini dedi. Çünki o mahnılar 50 ildir ki, ifa olunmur. Xalq musiqisi mənim qanımın içindədir. "Babək"ə, "Azərilər" kantatasına qulaq assanız, hamısı orda var. Dünyanın əksər bəstəkarları öz əsərləri-ni xalq musiqisi üzərində qururlar. Bethovenin sonatalarının içərisində çox miqdarda alman xalq rəqsləri var. Şumanın, Şubertin, Motsartın əsərlərində də bu cürdür. Bizim bəstəkarların əsərlərində də var. Bu, bizim əlifbamızdır". A.Əlizadə deyirdi ki, bəstəkar gənclikdə önəmli söz demirsə, sonrakı illərdə daha çətin olur: "Hər bir sənətkar mütləq gəncliyində güclü, önəmli söz deməlidir. 50 yaşına qədər yazmamı-sansa, sonra heç bir əsər yaza bilməyəcəksən. 20-30 yaş arasında mütləq güclü söz deməlisən. Bütün böyük bəstəkarlarımız öz sözlərini elə deyiblər. Üzeyir Hacıbəyovun, Cövdət Hacıyevin, Qara Qaraye-vin, Fikrət Əmirovun və b. bəstəkarların 25-30 yaşlarında yazdıqları əsərlər bu gün bizim tariximizdir. Bizim də bəzilərimiz məncə o yaşlarda önəmli sözümüzü deyə bilmişik. Bizim üçün şüar o idi ki, bəstə-kar əsəri təmiz əllə yazmalıdır. Təmiz əllə təmiz musiqi yazarlar. Əgər o əl çirkinliyə qarışıbsa, bu, müt-ləq onun musiqisində öz əksini tapacaq.

Onun üçün ən çətin iş Azərbaycan simfonik musiqisini yazmaq idi. Ancaq buna nail ola bilmiş, 5 simfo-niya yazmışdı: " Azərbaycan simfoniyası tapmaq bəstəkarın ən önəmli işidir. Mən bunun üzərində çalış-mışam və deyirlər ki, tapmışam".

A.Əlizadə bir neçə il Türkiyədə çalışıb. Orada yüzlərlə tələbə yetişdirib. Ancaq nə qədər çalışsalar da onu orada saxlaya bilməyiblər: "Sizə əminliklə deyirəm ki, Azərbaycandan gedən musiqiçilərin hamısı gec-tez Vətənə dönəcək. Xaricdə işləmək müəyyən bir dövr üçündür. Vətən istər-istəməz insanı özünə çəkir. Türkiyədə olarkən daim Şüvəlandakı bağım, o qayalar yuxuma girirdi. O balaca bağ mənim üçün çox əzizdir, çünki atam-anam, nənəm, dayım orada gəzib-dolanıb. Bağda gəzəndə sanki onların ayaq izlərini görürəm, onlarla söhbətləşirəm. Hara gedirəmsə Vətənimçün darıxıram. Mən başdan-ayağa sırf Azərbaycan bəstəkarıyam".

Bir də görürsən zəif musiqi səslənir

Aqşin Əlizadə bəstəkarlıq və müəllimliklə yanaşı uzun illər Azərbaycan Televiziyasında fəaliyyət göstərən Bədii Şuranın üzvü və rəhbəri olub. O, bədii şuraların yenidən yaranmasını vacib hesab edirdi: "Bədii şurada təmsil olunanlar adətən peşəkar insanlardır. Orada 6-7 nəfər yazıçı, şair, ifaçı, bəstəkar və başqa sənət adamlarından ibarət peşəkar insanlar toplaşır. Rəhbərlikdə də onların fikrini dinləyirdilər. Bu, işə kömək məqsədi daşıyır. Məsələn, təcrübəsi az olan biri özündən təcrübəli insanları dinləyir, məsləhətlərini həyata keçirir - bunun işə xeyri var. Mənim işlədiyim dövrdə Bəxtiyar Vahabzadə, Tofiq Quliyev və başqa şair və yazıçılar bədii şurada təmsil olunurdu. Bədii şuralar işə qəbula yox, yalnız yaradıcı məsələlərə nəzarət edirdi. Zəif əsərlər az olmur. Bədii şura üzvləri həmin əsərlərə baxır, lazım gələndə onların yenidən işlənməsini təklif edirdi".

Bəstəkar hazırki televiziya aparıcılarının peşəkarlıq səviyyələrinin qənaətbəxş olmadığı fikrində idi: "Onların əksəriyyəti yanlış ifadələr işlədirlər. Məsələn, deyirlər ki, "İndi gözəl bir bəstəkar çıxış edəcək və gözəl bir mahnı ifa olunacaq. Amma görürsən ki, zəif bir bəstəkar çıxış edir və zəif bir musiqi səslənir. Dünyanın heç bir yerində ifadan əvvəl "gözəl" sözü işlənmir. Məsələn, heç vaxt deyilmir ki, Bethovenin gözəl bir simfoniyasını səsləndirəcəyik. Bunlar təsadüfi insanlara "gözəl" deyir, xalqı çaşdırırlar. Hamı da elə bilir ki, həmin iyrənc mahnı yaxşı mahnıdır. Bilirsinizmi, zəif əsəri 10 dəfə təkrar edəndə fikirdə qalır. İnsanlar da buna alışır. Bizim aparıcılar təsadüfi insanları dağ başına qaldırır, tərifləyirlər. İş ondadır ki, bu qüsurları deməklə də düzəlmir. Elə bil ki, sel kimi axaraq hər yeri tutub".

Mehdi Hüseynzadənin qohumu

Görkəmli bəstəkar dayısı, əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin qəhrəmanlığını ithaf edən əsər də yazmışdı. Dayısı haqqında həyəcansız danışa bilmirdi: "Mehdi Hüseynzadənin saysız qəhrəmanlıqları barədə Moskva arxivlərində məlumatlar var. Çox ölkələrdə olmuşam. Mehdinin qəhrəmanlıqları haqqında da çox eşitmişəm. O, sözün əsl mənasında qəhrəman döyüşçü olub. Cəmi 26 il yaşayıb. 1984-cü ildə Afrikaya getmişdim. Orada konsertlər verirdik, mənim də əsərlərim ifa olunurdu. Konqonun ikinci şə-həri olan Roento Nuara şəhərindəki sovet konsulu eşidəndə ki, azərbaycanlılar gəlib, bizimlə görüşmək istədiyini bildirdi. Yuri Andreyeviç Sidelnikov adlı konsul söhbət əsnasında müharibədən sonra Mehdi Hüseynzadənin qəhrəmanlığını araşdıranlardan biri olduğunu söylədi. O biləndə ki, Mehdi Hüseynza-dənin bacısı oğluyam, məni bağrına basdı. Gözləri yaşarmış halda "Azərbaycan xalqı belə qəhrəman oğ-lu olduğu üçün fəxr etməlidir. Siz hələ onun qəhrəmanlığı haqqında çox az eşidibsiniz. Onun çox əmə-liyyatlarını biz gizlədirik. Bu, sirdir. Hətta Mehdi o qədər böyük qəhrəman olub ki, yuqoslavlar onun meyidini verməyiblər. Deyiblər ki, o, bizim qəhrəmandır. Onlar Mehdinin dəfnini xüsusi bir mərasim ki-mi təşkil ediblər" - deyə DTK generalı danışdı. Bundan əlavə, Marşal Jukovun 3 cildlik kitabında bir neçə qəhrəmanla yanaşı Mehdinin də adı çəkilib".

Son illər xəstəlikdən əziyyət çəkirdi görkəmli bəstəkar. Xəstəliyi çox ideyalarının gerçəkləşməsinə mane olsa da ilhamı tükənməmişdi: "Yaşa dolduqca ilham tükənmir, əksinə daha da çoxalır. Bu gün elə ideyalarım var ki, deyirəm, kaş 30 il bundan əvvəl olaydı! İlham tükənmir, yorğunluq hissi çoxalır. Bu da bizim həyatımızın bir qədər gərgin olmağından irəli gəlir".

Bəstəkarın ilhamı, yaradıcılıq ideyaları tükənməsə də, ömrü bu ideyaları gerçəkləşdirməyə fürsət vermədi. Aqşin Əlizadə 77 yaşında dünya ilə vidalaşdı.

Milli.Az