Azərbaycanın Qlobal Cənub QHT Platformasına sədrliyi mühüm prosesin başlanğıcını göstərir - QHT Koalisiyasının rəhbəri

Azərbaycanın Qlobal Cənub QHT Platformasına sədrliyi mühüm prosesin başlanğıcını göstərir.
Day.Az xəbər verir ki, bunu BMT yanında Sosial İnkişaf üzrə QHT Koalisiyasının rəhbəri Melvin Vaciri Bakıda keçirilən Qlobal Cənub Qeyri-Hökumət Təşkilatının (QHT) Platformasının "Fəaliyyətdə həmrəylik: Qlobal Güney QHT-lərinin yeni və ədalətli dünya üçün gücləndirilməsi" mövzusunda təsis konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Biz Azərbaycanda mühüm prosesə yenicə başlayırıq və bu tempi müəyyən edən məhz Azərbaycandır. Bütün dünyada vətəndaş cəmiyyəti ilə 28 illik fəaliyyətim ərzində ilk dəfədir ki, bir dövlətin bu qədər fəal mövqe sərgilədiyini və vətəndaş cəmiyyətini belə genişmiqyaslı, qlobal platformada əməkdaşlığa dəvət etdiyini görürəm. Bu platformada QHT-lərlə dövlət qurumları çiyin-çiyinə çalışaraq bir-birinin səylərini tamamlayır və prosesə Qlobal Cənub ölkələrindən olan həmkarları da cəlb edirlər", - o bildirib.
Onun sözlərinə görə, hazırda ənənəvi narrativlər dəyişir və dünya getdikcə daha da proqnozlaşdırılmaz olur. "Lakin dövlət, məsələn, Azərbaycan kimi, vətəndaş cəmiyyətinə doğru addımlar atdıqda, bu, həqiqətən də təqdirəlayiq və nümunəvi bir yanaşmadır", - o bildirib.
O, bu prosesin yeni başladığını və bunun son dərəcə vacib olduğunu vurğulayıb.
"Mən bu təşəbbüsün arxasında duranlara qarşılıqlı fəaliyyət üçün yeni mexanizmlər yaratdıqlarına görə minnətdarlığımı bildirmək istərdim. Bu platformanı birgə inkişaf etdirmək üçün Afrikadan olan həmkarlarım və Afrika diasporunun nümayəndələri ilə qüvvələri birləşdirməyə hazıram", - Vaciri bildirib.
O, həmçinin dünyanın hər yerindən olan QHT-lərin öz problemlərini - dərisinin rəngindən, mənşəyindən və siyasi baxışlarından asılı olmayaraq hər bir insanı narahat edən qlobal problemləri müzakirə edə biləcəyi və qlobal müzakirələrə töhfə verə biləcəyi ümumi məkanın yaradılmasının zəruriliyini qeyd edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре