Gözdəymə: nəzər nədir, necə yaranır və ondan necə qorunmalı?

2 февраля 2012 16:26 комментарий

Day.Az представляет вниманию читателей новость на азербайджанском языке.


Kimisi bunu adi hal hesab edir, kimisində isə bu, bir növ fobiya olur. Nəzərə inanan da var, inanmayan da. Elm və din bu barədə ortaq məxrəcə gələ biliblər, dinlərdə haqqında söz açılan nəzər anlayışı elmə görə də öz təsdiqini tapıb, indi insanın mənfi və ya müsbət enerjilər yayması ilə bağlı maraqlı tədqiqatlar da var.

Gözdəymə nədir?

Uzun müddətdir ki, elm adamları gözdəymə ilə bağlı maraqlı araşdırmalar aparırlar və gözdəymə-nəzərin mövcudluğu barədə yekun rəyə də gəlirlər. Düzdür, əvvəllər də nəzərin olması sübut edilirdi, amma bunun necə yaranması, hardan qaynaqlanması bir qədər sual doğuran məsələ idi.

Ancaq bu gün texnikanın inkişafı bizə olduqca çox şey verir. Əsrin möcüzəsi olaraq qəbul edilən bioenergetika elmi sayəsində nəzər-gözdəymə də sübut edildi. İndi bilirik ki, insanların gözləri çox şeyə qadirdir, onlar çox təsirli şüalar - həm müsbət, həm də mənfi şüalar yaya bilir.

Gözdəymənin başında bədənə yönlənən mənfi şüalar durur. Bu şüalar insan orqanizminin nizamı olaraq qəbul edilən bioritmi, yəni insanın təbii tarazlığını pozur. Nəticədə insanlarda əldən düşmək, halsızlıq, xəstəlik müşahidə edilir. Hətta, orqanizmi zəif olan insanlarda ölüm belə qaçılmazdır.

Rusiyada aparılan bir araşdırmada bununla bağlı maraqlı nəticələr əldə edilib. Sübut edildi ki, bu şüaların doza və nisbəti insanların acıqlı, əsəbi, həyəcanlı və qısqanc anlarında daha da artır. Bu güc, rəngli gözlü insanlarda digər göz rənglərinə sahib insanlara nisbətən daha artmaqda və təhlükəli olmaqdadır.

Nəzər necə yaranır?

Yəqin ki, oxucularımız öz gündəlik həyatlarında müşahidə ediblər, birisi hansısa bir əşyamıza həsədlə, qısqanclıqla baxanda o əşyamızın başına bir iş gəlir. Bu, insanlar üzərində də olur. Tutaq ki, çox şirin bir övladınızı kimsə öpür, oxşayır və sizə "bəxtəvərsən" deyir. Həmin gün uşaqda hərarət, üşütmə ola bilər və yaxud uşaq qəza keçirə bilər. Bu, çoxumuzun başına gəlib. Uşaqlarımızın üzərində adətən dağdağan ağaçı, gözmuncuğu, qaraçörək otunun toxumunu gəzdiririk ki, bəd nəzərdən, pis gözdən uzaq olsun.
 

Bəzi insanların çox bəyəndikləri insanlara, yaxud əşyaya, baxışları və ya sözləri ilə zərər verdikləri tarix boyunca görülmüş bir gerçəkdir. Siz də öz həyatınızda, durduğu yerdə stəkanınızın qırıldığına, güldanınızın və ya güzgünüzün çatladığına, yeni aldığınız və çox sevdiyiniz bir əşyanın durduğu yerdə parça-parça olmasına şahid olmusunuz. Bəzən də olur ki, özünüzü çox sağlam və gümrah hiss etdiyiniz bir zamanda birdən-birə halsızlaşıb, səbəbsiz bir yerə xəstələnirik. Həkim gəlsə də, dərdimizə çarə edə bilmir, çünki problem müasir tibbin gücü çatan bir şey deyil, ortada bədənin nədən xəstələndiyini göstərəcək bir sübut da yoxdur, çünki bu, gözdəymədir.

Nəzərin növləri

El arasında nəzərə bir çox ad verilir: "gözdəymə", "göz yandırma", "göz çəkmə", "göz istəyi" və "göz işıldaması" kimi də deyilir. Müasir laboratoriyalarda nəzərin tədqiqi aparılır və 3 əsas növü müəyyənləşdirilib.

Alfa - bu növ nəzərlərə "sarsıdıcı nəzər" deyirlər;

Betta - bu kateqoriyaya "incidici, dağıdıcı nəzər" daxildir;

Qamma - bu növ nəzərlər "yandırıcı" adlanır.

İnsanlar arasında daha çox alfa gözdəyməsinə rastlanır, əksəriyyət də buna inanır. "Alfa" nəzəri dəyən insanda elmi olaraq beynin orta qisimində sinirlər hərəkətə gələrək göz kürəsini böyüdür və əsnəmə başlayır. Bu, birinci əlamət hesab edilir. Çünki, insana nəzər dəydiyi elmi olaraq fizioloji baxımdan əsnəmə və göz kürəsinin böyüməsindən anlaşılır.

Bəs nəzər necə yaranır?

Nəzəri olan adamın nəzərə gələcək adama mənfi şüa göndərməsi şüursuz olaraq reallaşır. Nəzər şüurlu olaraq gerçəkləşdirilə bilər, amma bu, olduqca az rastlanan durumdur. Nəzəri şüurlu olaraq reallaşdıran insanlar çox azdır. Bu, artıq parapsixologiya mövzusuna daxildir. Nəzəri şüurlu olaraq vuran insanların gözlərindən "Qamma", yəni yandırıcı şüalar axır.

Bu cür şüalar rentgen çəkilişi zamanı baş verən şüalanma səviyyəsində şüalanma yarada bilirlər. Bu növ insanların sayı az olmaqla yanaşı, həm də çox təhlükəlidirlər. "Qamma" şüaları ilk dəfə 14 yaşlı bir rus qızında tapılıb və ölçülüb. Bu qız gözləri ilə qarşısındakı insana yandırıcı şüa göndərərək rentgen aparatının etdiyini edə bilir.

90-cı illərin əvvəllərində Moskva televiziyalarının birində gözü ilə əşyaları yandıran bir nəfəri göstərirdilər. Hətta, yadımda qalan qədərilə həmin şəxsin gözünə xüsusi eynək düzəltmişdilər ki, hər yeri yandırmasın. O vaxt hamı buna möcüzə kimi baxırdı. Amma alimlər belə halların elmi izahını verdilər və bunun elmi cəhətdən mümkün olduğunu dedilər.

Gözlərin rənginə görə gözdəymə

Rusiyada 1000 nəfər üzərində laboratoriyada aparılmış analizlərdən sonra məlum oldu ki, ən çox nəzərə gələnlər qəhvəyi və yaşıl rəngli gözlərin sahibləridir. Bu insanlar digər rəngli gözlərə nisbətən daha çox nəzərə məruz qalırlar.

Bu elmi araşdırmaya görə, ən təsirli nəzər şüalarını meydana gətirən göz rəngləri isə mavi və ala göz rənglərinə sahib olan insanlardır. 8 növ göz rənglərinə sahib olan insanlar üzərində aparılan araşdırmalar zamanı müxtəlif gözlərin başqasına necə zərər verməsi müəyyənləşdirilib.

Beləliklə, 8 növ - ala, mavi, qara, yaşıl, bənövşəyi (dünyada bu rəngli gözü olanlar çox azdır), boz, bulanıq və qəhvəyi göz rənglərinə sahib insanların bir-birinə uyumu belədir:

Mavi gözlülərin ən çox qəhvəyi, ala, boz, bənövşəyi, yaşıl, bulanıq və qara gözlülərə;

Bulanıq gözlülərin daha çox mavi, qara, yaşıl, qəhvəyi, bənövşəyi, tünd və ala gözlülərə;

Yaşıl gözlülərin boz, ala, qara, qəhvəyi, bənövşəyi, bulanıq və mavi gözlülərə;

Qara gözlülərin ən çox mavi, ala, yaşıl, qəhvəyi, tünd, bənövşəyi və bulanıq göz rəngi olanlara;

Ala gözlülərin ən çox yaşıl, bulanıq, mavi, qara, qəhvəyi, bənövşəyi və boz gözlülərə;

Boz gözlülərin qara, bənövşəyi, bulanıq, mavi, yaşıl, ala və qəhvəyi gözlülərə;

Bənövşə rəngli gözlülərin boz, bulanıq, yaşıl, ala, qəhvəyi, qara və mavi gözlülərə;

Qəhvəyi gözlülərin ən çox mavi, yaşıl, bulanıq, ala, bənövşəyi, boz və qara gözlülərə nəzəri keçir.

Nəzər kimə və ya nəyə daha çox dəyir?

El arasında deyirlər ki, nəzər daha çox gözəl insanlara, mal-mülk sahiblərinə, xalq arasında şöhrəti olanlara, işində uğur qazananlara, qiymətli əşyalara, yeniliklərə, yeni evlənən gənclərə, yeni doğulan şirin uşaqlara, yeni alınan avtomobillərə, yeni alınan evə, səliqəli və göz oxşayan bağ-bağçaya dəyir. Ümumiləşdirsək, insanı özünə çəkən bütün gözəl şeylərə nəzər dəyir.

Elm adamları isə deyir ki, qadın nəzəri kişi nəzərindən daha itidir. Bu hadisə qadınların hər mühitdə gözəl görünmək hissindən meydana gəlir. Çünki qadın başqa bir gözəl qadın görəndə ona həsəd və qibtə ilə baxır və bu səbəbdən qadınlar bir-birlərinə daha çox nəzər vururlar.

Kişi nəzəri qadınlar üzərində çox təsirli deyil. Kişilər də ümumiyyətlə, öz cinslərinə daha çox nəzər vururlar, işində daha uğurlu olan, yaxşı karyerası olan və daim uğur qazanan kişilər öz həmcinsləri tərəfindən nəzərə tez məruz qalırlar.

Eyni zamanda nəzər qızıl, almaz, brilyant və gümüş kimi qiymətli əşyalara da dəyir. Ona görə vacib olmadıqca, bu kimi əşyaları üzərinizdə gəzdirməyin. Bahalı və nadir əşyaları kiminsə "gözünə soxmaq" lazım deyil. Bundan xeyir gəlməz, amma zərər gəldiyi faktları çoxdur. Bundansa üzərinizdə bürcünüzün sizə məsləhət gördüyü təbii daşları gəzdirin.

Nəzərin fizioloji, psoxoloji və parapsixoloji təsirləri

Nəzərin fizioloji təsirləri belədir: baş dönməsi, ani mədə bulanması, ayaq sürüşməsi, bulanıq görmə, refleks pozulmaları, gözlərin qızarması, göz almasının böyüməsi, səbəbsiz əsnəmələr, tez-tez baş verən kiçik qəzalar, müxtəlif xəstəliklər, yıxılma, gözdə qansızma, sızanaqlar, çibanlar, əsasən də göz çibanları (el arasında buna itdirsəyi də deyirlər), əldə və ya başqa bir yerdə ziyillər çıxması, qaş və saç tökülməsi, mədə ağrısı, dodaq quruması, ayaq-əl ağrıması, bel ağrısı, qulaqda küy, göz bulanıqlığı.

Nəzərin psixoloji təsiri: - yuxudan sıçramalar, yuxuda qışqırmalar, əl titrəməsi, gözlərin bir nöqtəyə zillənməsi, yorğunluq hissi, yuxu pozğunluğu, bəzən də həddindən artıq yatmaq istəyi, gülmə krizi, stress, adaptasiya problemi, səbəbsiz əsəbilik, dilin topuq vurması, düşüncədə pozğunluq, qarabasma, səbəbsiz göz yaşı, səbəbsiz narahatlıq hissi, ağırlıq hissi.

Nəzərin parapsixoloji təsirləri: - işinizin uğursuz olması, evinizdə narahatlıq, şans və qismətinizin bağlanması, yaşadığınız mühiti sevməmək, sevdiyinizə nifrət etmək, evliliklərdə səbəbsiz davalar, boşanmalar, xəyanət, qısqanclıqların başlaması, dostluqlarınızın pozulması, evlənə bilməmək, yuxularınızda davamlı mavi rəng və ya nəzər muncuğu görmək, ovsunlanma hissi kimi parapsixoloji təsirlər meydana gəlir.

Həkim: nəzərin elmi əsası yoxdur

Həkim Arif Nuri nəzər və gözdəymə ilə bağlı fərqli düşüncədədir: "Nəzər, gözdəymə və bu kimi fövqəltəbii hadisələrin elmi cəhətdən əsası yoxdur. Elmi cəhətdən bir insanda olan görünməyən neqativ energetik qüvvəni başqa birinə ötürməsi mümkün deyil. İnsan həmişə anlamadığı, bilmədiyi bir şeyi fövqəltəbii br qüvvə ilə bağlayır. Olanların, məsələn, pis əhval ruhiyyənin, xəstəliyin, işdə uğursuzluğun, ailədaxili konfiliktlərin, uşaqlar və valideynlər arasında qarşılıqlı anlaşmanın olmamasının mənasını dərk etməyə, nə səbəbə baş verdiyini araşdırmağa çalışmaq, öz səhvinin nədə olduğunu öyrənmək əvəzinə, günahı çox vaxt ətrafdakılarda axtarmağa çalışır".

Həkim bildirir ki, bütün bunların günahını insan digər insanların üzərinə ataraq, düşdüyü vəziyyətə bəraət qazandırmaq üçün çıxış yolunu nəzər, gözdəymə kimi xəyali anlayışlara bağlayır: "Gözdəymə, nəzər kimi miflərin yayılmasının çox sadə bir səbəbi var: belə daha rahatdır, heç nə haqqında düşünmək lazım deyil, öz çatışmazlıqlarını axtarmaq, tapmaq, onları düzəltmək lazım deyil. Bütün xəstəliklərin, bədbəxt hadisələrin günahkarı kimi digər insanları, onların baxışlarını görmək daha rahatdır, asandır".

Necə qorunmalı?

Münəccimlər, dünyagörmüş böyüklərimiz nəzərdən qorunmağın ən yaxşı yol kimi hər gün evdə üzərlik yandırmağı məsləhət görürlər. Üzərlik spesifik qoxusu ilə bəd nəzərləri, şər qüvvələri evdən qovur. Yeni doğulan körpənin beşiyinə, ərə gedən qızın cehizinə mütləq qaydada üzərlik qoyulmalıdır.

Nəzərdən qorunmaq üçün gerçək gözmuncuqlarından, dağdağan ağacından, bitki tikanından, at nalından, qaraçörəkotunun toxumundan da istifadə etmək olar. Bu toxumu bütün ədviyyat və ərzaq mağazalarından əldə edə bilərsiniz. Ona kiçik bir kisə tikin və üzərinizdən asın.

Bizim elimizin bir adəti var, yeni doğulan körpə 40 gün heç kimə göstərilmir, yanına sadəcə, ata-anası, nənə-babası girə bilir. Bu adət boşuna deyil, yeni doğulan körpə 40 gün nəzərə davamsız olur, əgər ona kimsə pis gözlə baxsa, mənfi enerji ötürsə, o, bunu qəbul edəcək. Bu səbəbdən də körpə 40 gün gizlədilir və otağına üzərlik və gözmuncuğu asılır.

Sonda bir şeyi qeyd etmək istəyirəm, bizim ailədə hamımızın boynunda Hindistandan gətirilmiş və milyon illər yaşı olan müqəddəs Tulasi ağacının budaqlarından hazırlanmış boyunbağı var. Tulasi bir növ dağdağan ağacıdır, yəni ona hindlilərin dağdağanı da deyə bilərik. Bu ağacın çox qüvvətli müsbət enerjisi var və ondan istifadə etdiyimiz son 8 ildə dəfələrlə möcüzəsini görmüşük. Ən adi bir misal, hiperaktiv oğlum gün ərzində ən azı, 3 təhlükəli qəza keçirir və heç birindən zədə almır. Elə 3 gün bundan öncə sonuncu qəzası zamanı beyninin zədə alması ehtimalı 100-də 90% idi, amma təhlükə sovuşdu. Hadisədən 2 dəqiqə sonra evdəki çilçırağın lampası qəfildən partladı. Böyüklər "nəzər bununla çıxdı" dedilər.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!

1комментарий

  • 2 февраля 2012 20:18

    Həqiqətən, əgər onlardan: “Göyləri və yeri kim yaratmışdır?!” – deyə soruşsan, mütləq: “Allah!” – deyə cavab verəcəklər. (Ya Peyğəmbər!) De: “Elə isə bir söyləyin görək, əgər Allah mənə bir zərər toxundurmaq (sıxıntı vermək) istəsə, sizin Allahdan qeyri ibadət etdikləriniz (bütlər, tanrılar) Onun zərərini aradan qaldıra bilərlərmi?! Yaxud: “Əgər Allah mənə bir mərhəmət əta etmək istəsə, onlar Onun mərhəmətinə mane ola bilərlərmi?!” De: “Mənə təkcə Allah kifayət edər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edərlər!”
    az-ZUMAR 38