Balaxanım nənənin acı həyat hekayəsi

Day.Az представляет новость на азербайджанском языке.


Balaxanım Murtuz qızı Tağıyeva 1926-cı ildə Qazıməmməd rayonunda (indiki Hacıqabul) dəmirçi ailəsində anadan olub.

Orta təhsilini həmin rayonun dəmir yolu məktəbində aldıqdan sonra rayon məhkəməsində kargüzar kimi işə başlayıb. Müharibənin ikinci ili atası xəstələnib vəfat edib.

O illərdə başqaları kimi, onun da qəlbində Hitlerə qarşı nifrət yaranıb. Odur ki, o da ön cəbhəyə getmək istəyib. Əvvəlcə, fikrini anası Xavər xanıma bildirib. Lakin anası razı olmayıb. "Mənim səndən başqa kimim var, axı?" - deyib. Nəhayət, günlərin bir günü çətinliklə də olsa, anasını razı sala bilib. Balaxanım anası ilə birgə Əli Bayramlı Rayon (indiki Şirvan şəhəri) Hərbi Komissarlığına gəlib, könüllü cəbhəyə getmək üçün ərizə yazıb. Əvvəlcə, onu Bakıya kursa göndəriblər. Burada 6 ay hərbi kurs keçdikdən sonra onu Krasnodar vilayətinə yola salıblar. Orada onun bacarığını və rus dilində sərbəst danışdığını görüb, zenit-artilleriya batalyonunda taqım komandiri vəzifəsinə təyin ediblər. Beləcə, Balaxanım kiçik leytenant rütbəsində işə başlayıb.

O günləri kino lenti kimi göz önündən keçirən əmək və müharibə veteranı, ehtiyatda olan zabit, ağsaçlı ana söhbətini belə davam etdirdi: "Krasnodardan sonra Lvov, Kerç, Krım, Simferopol, Odessa, Varşava və digər yerlərdə düşmənə qarşı vuruşdum. 1945-ci il mayın 9-da Hitler Almaniyası təslim olanda sevincimizin həddi-hüdudu yox idi. Varşavada eşitdim bu xoş xəbəri... Onu da deyim ki, döyüşdə qızlarımız əsl qəhrəmanlıq göstərirdilər. Onlardan bir neçəsi qollarımın üstündə can verdi..."

Müharibə qurtardıqdan 3 ay sonra - 1945-ci ilin 10 avqustunda B. Tağıyeva doğulduğu rayona qayıdıb. Qatardan düşəndə onu anası qarşılayıb. Bu üç ildə anası xeyli qocalmış, saçları ağarmışdı. Balaxanım yenidən Qazıməmməd Rayon Məhkəməsində işə düzəlib. Bir neçə il məhkəmə katibi kimi fəaliyyət göstərib. Sonra anası ilə Əli Bayramlıya köçüblər. Az sonra həmkarı, müharibə veteranı, 2-ci qrup əlil Xanhəsən Həsənovla ailə həyatı qurub. Burada da işsiz qalmayıb. Şəhərin Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı şöbəsinin müdiri vəzifəsində işə başlayıb. İllər ötdükcə o, daha da tanınmağa başlayıb. Şəhər İcraiyyə Komitəsində Partiya Təşkilat katibi, Azərbaycan Ali Məhkəməsinin və yerli Şəhər Məhkəməsinin xalq icraçısı seçilir, 7 il Şəhər Məhkəməsinin sədrini əvəz edib.

Quş qanadlı illər artıq geridə qalıb. Zaman öz sözünü çoxdan deyib, hər şey dəyişib. Yaşı 90-ı haqlamış Balaxanım Tağıyeva 30 ildən artıqdır ki, təqaüddədir. Müharibə illərində aldığı 1 orden və 3 medalı, Əmək Veteranı medalını, fəxri fərman və döş nişanlarını keçmişin yadigarı kimi bu gün də əzizləyə-əzizləyə özündə saxlayır. 2003-cü ildə həyat yoldaşını, ondan bir az sonra isə oğlu Rəfaili itirib. Hazırda iki oğlu, 7 nəvəsi, 4 nəticəsi var.

Balaxanım nənə söhbət əsnasında dəfələrlə vurğuladı ki, torpaqlarımızın 20 faizinin erməni faşistlərinin tapdağı altında olması ilə heç cür barışa bilmir. İnanır ki, xalqımızın birliyi, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində torpaqlarımız düşməndən azad ediləcək. "Və onda mən rahat öləcəyəm", - dedi.

Bu gün Tağıyevlər ailəsində ikinci bir Balaxanım da yaşayır. Oğlu Elçinin qızı Balaxanım...