“102 xidməti”ndən reportaj – FOTO

Day.Az представляет новость на азербайджанском языке.

"Şəkinin Orta Zəyzid kəndində oğurluq baş verib. Xahiş edirik, hadisə yerinə təcili polis göndərəsiniz". Bu barədə "102 xidməti"nə məlumat daxil olur. Daxil olan məlumat dərhal operator otağından əməliyyat otağına ötürülür. Oradan isə xəbər dərhal Şəki Şəhər Polis Şöbəsinə göndərilir. Verilən xəbərdən 3 dəqiqə keçməmiş hadisə yerinə dərhal polis əməliyyat qrupu göndərilir. Bütün bu proseslər isə Daxili İşlər Nazirliyinin rəhbərliyi altında xidmət göstərən "102 xidməti" vasitəsilə izlənilir.

Bütün bunları Anspress "102 xidməti"ndən reportaj hazırlayarkən müşahidə edib.

Qeyd edək ki, bu xidmət "2004-2008-ci illərdə polisin fəaliyyətinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" əsasında 2007-ci ildə yaradılıb. "102 xidməti" əhalidən gələn hadisə və cinayət xəbərlərini qəbul edir və fasiləsiz olaraq 24 saat işləyir. Bundan başqa, hər hansı aidiyyatı olmayan zənglər də qəbul edilir.

Xidmətin rəisi Xalidə Baxışovanın verdiyi məlumata görə, ökənin bütün ərazisindən "102 xidməti"ni yığanda zənglər "Operator otağı"na gəlir. Zəngləri operator qızlar qəbul edirlər. Respublikanın bütün polis idarə, bölmə və şöbələri "102" xidmətilə sıx əlaqəlidir. Xidmət rəisinin sözlərinə görə, onlarda bu xidməti dəstəkləyən kompüter və telefon proqramları var. Bura daxil olan zəngin bütün göstəriciləri bu proqramda göstərilir. Telefon nömrəsi, obyektin yerləşdiyi ərazi, telefonun sahibi qeyd olunur. Operator qızlar zəngi qəbul edirlər. Onlar məlumata heç bir müdaxilə etmirlər və aidiyyatı üzrə həmin ərazidəki polis bölməsinə ötürülür. Bununla da operatorun işi bitir.

"Eyni zamanda məlumat bizim qərargaha da ötürülür. Bütün bunlara saniyə vaxt lazım olur. Qərargahda oturan zabitlər məlumatın sonrakı taleyinə nəzarət edirlər. Daha sonra görülən tədbirlər barədə informasiya toplanır və Daxili İşlər Nazirliyinə göndərilir. Əgər hadisə çox önəmli olarsa, məlumat nazirliyə dərhal ötürülür", - deyə Xalidə Baxışova vurğulayıb.

Qeyd edək ki, "102 xidməti"nin ümumilikdə 61 operatoru var. Onların hamısı xanımdır. İşçilər növbəli olaraq 24 saat işləyirlər. Zənglərin sayı gecə saat 2-dən 5-ə qədər bir az azalır. Ən çox məlumatlar yol nəqliyyat hadisələrilə bağlı gəlir.

Xalidə Baxışovanın sözlərinə görə, operator hadisə barədə məlumat verən kimi məlumat qərargaha ötürülür: "Orada hadisə xəritə vasitəsilə izlənilir. Hadisə yerinə göndərilən patrul avtomobili izlənir. Hadisə barədə məlumat ötürüləndən 5 dəqiqə sonra hadisə yerinə polis patrulu çıxmırsa, mövcud sistem bu barədə avtomatik olaraq xəbər verir ki, hadisə yerinə patrul maşını getməyib. Sistem elə qurulub ki, məlumat daxil olan bazalara heç kim müdaxilə edə bilməz. Orada nəyisə dəyişmək, nəyisə silməyə imkan yoxdur".

Qeyd edək ki, bəzən "102 xidməti"nə yalan məlumatlar da daxil olur. Bu zaman isə xəbəri verən vətəndaş mütləq tapılır. Onun barəsində qanunla nəzərdə tutulmuş qaydada ölçü götürülür. Növbətçi hissələrin rəis müavini Fərhad Mehdiyevin verdiyi məlumata görə, vətəndaş elə bilir ki, "102 xidməti"nə məlumat verməklə vəzifəsi bitir. Onun sözlərinə görə, məlumatdan sonra, xəbər verən vətəndaşla əlaqə saxlanılır. Sonra vətəndaş lazım olarsa, hadisə baş verən ərazidəki polis bölməsinə dəvət olunur. Orada vətəndaşdan hadisə ilə bağlı ərizə alınır. Həmin hadisə barədə tədbir görülməsinə başlanılır.

"Bəzən harasa bomba qoyulması barədə məlumat verilir. Şükür ki, bu tipli məlumatların çoxu yalan çıxır. İstənilən halda, biz bu tipli bütün xəbərlərə reaksiya göstəririk. Dərhal Fövqəladə Hallar Nazirliyinə məlumat verilir. Operativ qrup hadisə yerinə göndərilir. Xəbərin doğruluğu yoxlanılır. Daha sonra xəbər verən vətəndaş tapılır. Yalan xəbər verən vətəndaş mütləq tapılır. Biz Ermənistanla müharibə şəraitində yaşayırıq. Ona görə də daxil olan hər bir məlumat diqqətlə yoxlanılır", - deyə Fərhad Mehdiyev bildirdi.

Qeyd edək ki, gün ərzində "102 xidməti"nə 3000-3500 zəng qəbul olunur. Onlardan 600-700-ə yaxını cinayət və hadisə xarakterli olur. Məlumatların çoxu isə yol qəzaları ilə bağlı olur. Lakin bəzən "102 xidməti"nə sosial problemlərlə bağlı müraciətlər də daxil olur. Fərhad Mehdiyevin sözlərinə görə, həmin müraciətlər də diqqətdən kənar qalmır.

"Biri pensiyasını bilmir, birinin evində qaz sızır. Bu zaman vətəndaş aidiyyatı şəxsi tapa bilmir və "102 xidməti"nə müraciət edir. Biz də öz növbəmizdə müraciət edən şəxsə lazımı orqanı tapmaqda kömək edirik, lazım olarsa, qeyd olunan ünvana polis də göndəririk ki, problemin həll olunmasında vətəndaşa yardım göstərilsin", - deyə Fərhad Mehdiyev bildirdi.

Lakin "102 xidməti"nin qarşısında müəyyən çətinliklıər də durur ki, bu zaman vətəndaşlar arasında narazılıqlar yaranır. Məsələn, hansısa ünvanda hadisə baş verir. Oraya polis nəfərləri göndərilir. Lakin yolda tıxac olması oraya polisin bir az gec çatması ilə nəticələnir. Fərhad Mehdiyev bu zaman vətəndaşları bir az səbirli olmağa çağırır.

"Müəyyən narazılıqlar olur ki, hansısa hadisə barədə məlumat veriləndən sonra, polis hadisə yerinə gecikir. Narazılıq daxil olur ki, polis gəlmir. Biz demişik, heç bir tədbir görülmür. Lakin yollarda yaranan tıxac, polisin hadisə yerinə çatması ilə problem yaşaya bilər", - deyə Fərhad Mehdiyev bildirib.

Qeyd edək ki, "102 xidməti"nə müraciət zamanı, laızm gələrsə, vəətndşaların anonimliyi də qorunur. Bəzən isə lazım olarsa, vətəndaşalrın təhlükəsizliyi Azərbaycan polisi tərəfindən təmin olunur.

"Anonim xarakterli müraciətlər də daxil olur. Məsələn, əgər vətəndaş hansısa şəxsin narkotik maddə gizlətməsi barədə məlumat verirsə və istəmirsə onun adı hallansın, biz vətəndaşın anonimliyini qoruyuruq. Bəzən isə vətəndaşın təhlükəsizliyini təmin etmək üçün, təhlükə sovuşana qədər polis nəzarətində saxlayırıq. İstənilən halda, polisin fəaliyyəti vətəndaşın təhlükəsizliyinə xidmət edir", - deyə Fərhad Mehdiyev bildirdi.

Böyütmək üçün şəkillərə klikləyin.