Gəncədən "Bakı 2015" Avropa Oyunları iştirakçılarına salam rekordu...

Day.Az представляет новость на азербайджанском языке:

Ginnessin Rekordlar Kitabı... İnsanlar tərəfindən göstərilən və təbiətdə qeydə alınan ən yüksək nəticələri ümumiləşdirən məcmuə.
 

İlk dəfə 1955-ci ildə irlandiyanın "Ginness" pivə zavodunun sifarişi ilə nəşr olunub. Məcmuənin dərc olunmasının, ümumiyyətlə, yaranmasının maraqlı bir tarixcəsi var. "Ginness" pivə zavodunun direktoru Hyu Biver 4 may 1951-ci ildə tanışı ilə birlikdə ova çıxır. Ovda onların arasında qızılı cüllütün, yoxsa şotland tetra quşunun daha sürətlə uçması barədə mübahisə düşür. O vaxt bu barədə soraq kitabı olmadığına görə, kimin haqlı olduğunu müəyyənləşdirmək mümkün olmur. Bundan sonra ser Hyu qərara alır ki, belə bir soraq kitabçası tərtib etdirsin. Bəlkə də ser Hyu o vaxt bilməzdi ki, illər sonra onun nəşr etdirdiyi bu kitab bu qədər məhşurlaşacaq və dilindən, dinindən, irqindən asılı olmayaraq hər qitədən olan insanlar o kitaba adlarını yazdırmaq üçün dəridən-qabıqdan çıxacaqlar. Amma bu günümüzün reallığıdır. Əslində bu, bir tərəfdən də yaxşıdır. Belə olan halda fərqli bacarıq və istedada malik olan insanlar, irimiqyaslı layihə və flaşmoblar bütün dünyada tanınır. May ayı bu istiqamətdə Gəncə və gəncəlilər üçün də yaddaqalan oldu. Çünki bir neçə saat sonra başa çatacaq bu ayda Gəncə gəncləri iki dəfə rekord cəhdi etdilər və tam əminliklə demək olar ki, bu cəhdlərin hər ikisi uğurla nəticələndi.
 

Kəpəz TV-nin (Region TV) xəbər verir ki, bu gün artıq 60 ildir ki, nəşr edilən və dünyanda ən çox satılan məcmuə olan "Ginnessin Rekordlar Kitabına" düşmək üçün insanlar maraqlı, təhlükəli, qeyri-adi, ən ağlagəlməz yollara əl atır. Tək qulağı ilə 8,28 tonluq yük avtomobilini çəkən kim, oksigen maskası olmadan yanan paltar geyinib, qaçan kim, saçlarını, dırnaqlarını uzadan, qəribə kolleksiyalar toplayan, 100 evin inşasında istifadə oluna biləcək qədər kərpici başında saxlayan kim. Bu siyahını hələ çox uzatmaq olar. Amma məqsədimiz o deyil. Məqsədimiz Azərbaycandan olan Giness rekordçularını tanımaq, onların nailiyyətlərinə nəzər salmaqdır.
 

"Ginnesin Rekordlar Kitabı"na düşən ilk azərbaycanlı Cəbrayıl rayonunda anadan olan, hazırda Belçikada yaşayan Fəxrəddin Vəliyevdir. O, 5 dəqiqəyə 20 nəfərin siluetini çəkməklə bu şərəfə nail olub. Azərbaycanın ən kiçik Giness rekordcusu isə 7 yaşında bu adı qazanan Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini Ələsgər Həsənzadədir. O, 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə qalxıb enib.
 

Dünyanın ilk gənc peşəkar rəssamı kimi rekordlar kitabına adını yazdırmış Stanislav Şpanin də azərbaycanlıdır. 1990-cı ildə Bakı şəhərində anadan olmuş Stanislav milliyətcə rus olsa da, 2002-ci ildə Azərbaycan vətəndaşı kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb. Etibar Elçiyev isə "Ginnesin Rekordlar Kitabı"na düşən son azərbaycanlı hesab olunur. Gürcüstanın Borçalı mahalında yaşayır. O, öz bədəni ilə dəmir əşyaları saxlamaq bacarığı ilə "Maqnit adam" ləqəbi alıb. Etibar Elçiyev 2014-cü ildə bədənindəki xüsusi maqnit cazibəsinin köməyi ilə eyni vaxtda bədənində saxladığı metal qaşıqların sayına görə dünya rekordu vurub. "Maqnit adam" bədənində eyni vaxtda 50 qaşıq saxlayıb. Qeyd etdiyimiz kimi, Etibar Elçiyev Azərbaycanın son rekordçusu hesab olunur. Lakin bir müddət əvvəl Azərbaycanın ikinci böyük şəhəri və bu şəhərdə yaşayan 10 minə yaxın gənc möhtəşəm dünya rekordunun bir parçası olaraq, bu kitabın səhifələrinə düşməyə namizəddir. Bəli... Söhbət şəhərin baş meydanında yaradılan ümummilli lider Heydər Əliyevin canlı portreti və imzasından gedir. 10 minə yaxın gənc, günlərlə edilən məşq və çoxlarını heyrətə salan nəticə...
 

Könül Zeynalova - İDEA İB-nin resurs mərkəzinin koordinatoru: "Bir qrup gənc bu fikirlə yaxınlaşdı. Biz də layihəni Gəncə Şəhər İcra Hakimiyyətinə təqdim etdik. Qəbul etdilər, dəstək oldular. Biz də bu layihəni həyata keçirdik. Layihənin unikallığını nəzərə alaraq, "Ginnesin Rekordlar Kitabı"na salmaq qərarına gəldik".

Əvvəl onu qeyd edək ki, Ginnes rekordçusu olmaq bir kənara qalsın, etdiyiniz cəhdin belə bu təşkilat tərəfindən qəbul edilməsi elə də asan deyil. Bunun üçün ilk növbədə ciddi, həssas və diqqətli hazırlıq tələb olunur. İlk olaraq www.guinnessworldrecords.com saytına müraciət edilir. Bunun üçün sayta daxil olduqdan sonra "Rekord Cəhdi Et" bölümünə girib, online müraciət ərizəsini doldurmaq lazımdır.
 

Bundan sonra müəyyən vaxt tələb edən bir proses başlayır. Etdiyinin rekord olduğunu nümayiş etdirmək bir yana dursun, rekorda imza atmaq istəyən şəxsin müraciətinə baxılması belə olduqca çətindir. Amma gəncəli gənclər bunu bacardı, üstəlik bir ay ərzində iki dəfə. Gəncə bir ayda iki dəfə "Ginnesin Rekordlar Kitabı" təşkilatının nümayəndələrini qonaq etdi.
 

Könül Zeynalova: "Təşkilatın çox ciddi tələbləri var idi. Tələblərdən bir neçəsi auditoriya idi, keçiriləcək məkanın çəkilişi idi, iştirak edəcək gənclərin qeydiyyatı, sayı idi. Yəni bir çox belə ciddi tələblər var idi".
 

Və hazırlıqlara başlanıldı... Qısa vaxt ərzində gənc könüllülər layihə üzərində çalışaraq, onu hazır etməyi bacardı və ilk cəhd - şəhərdə bu qədər gəncin iştirakı ilə təşkil olunan ilk flaşmob uğurlu alındı.
 

Könül Zeynalova: "Mən xüsusi olaraq İDEA İB-nin könüllülərinə, Gəncə AGP 2016 İB-nin könüllülərinə, xüsusi olaraq GDU-nun tələbələri Allahverdiyev Mətləb və Qarayev Mobilə təşəkkürümü bildirmək istəyirəm. Çəkilişdə bizə göstərdiyi köməyə görə Kəpəz Televiziyasına, Gəncə Şəhər Təhsil İdarəsinə öz dərin təşəkkürümü bildirirəm".

Növbəti flaşmobun hədəfi isə 6000 gəncin iştirakı ilə ən böyük canlı təsviri yatarmaq idi. "Baku-2015" yazısı və I Avropa Oyunlarının loqosu. Artıq təcrübə var idi, amma bu flaşmobun da məsuliyyəti digərindən az deyildi. Çünki bu flaşmob eyni zamanda ilk Avropa Oyunları tarixinə Gəncənin də adını yazacaq və nəinki Azərbaycana, artıq dünyaya səs salacaqdır. Bəli... May ayının 26-da Gəncənin baş meydanı daha bir tarixi ana şahidlik etdi.

Gəncəlilərdən daha bir rekord imza... Gənclər şəhərin baş meydanına Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək 6000-dən çox idmançını özünəməxsus şəkildə salamlamaq üçün toplaşdılar və "Baku 2015" yazısı və I Avropa Oyunlarının rəsmi loqosu canlı olaraq yaradıldı.
 

6.000 gəncin iştirakı ilə ilk dəfə Gəncədə yaradılan canlı loqo gəncəlilərin həmrəyliyini, vətənpərvərliyini və gəncəlilərin İlk Avropa Oyunlarının ətrafında sıx birləşdiklərini nümayiş etdirdi. Bu cəhd də Ginnesin Rekordlar Kitabı Təşkilatının nümayəndələri tərəfindən izlənildi və çox güman ki, rekord adını alması çox çəkməyəcək.

Könül Zeynalova: "Flaşmobların hər ikisi, sadəcə, Gəncədə və Azərbaycanda deyil, bütün dünyada səs salacaq. Çünki biz çalışacağıq ki, Ginnesin Rekordlar Kitabında qeydiyyatdan keçək və bu birinciliyi heç kimə verməyək. Əvvəla məqsədimiz budur. Bizim bu layihələrlə işimiz bitmir. Bildiyimiz kimi Gəncə 2016-cı ilin Avropa Gənclər Paytaxtıdır, 2016-ci ildə də bu cür layihələrimizi daha inkişaf etmiş formada, daha fərqli formalarda davam etdirəcəyik".
 

Gəncədə istedadlı, beynində fərqli idayalar daşıyan gənclər kifayət qədərdir. Onların üzə çıxarılması isə xüsusi bacarıq və qabiliyyət tələb edir. Bir də dəstək. Bu meyarlar mövcud olduqca Gəncə hələ çox fərqli layihələrə imza atacaq və nəinki Azərbaycanda, hətta dünya da fərqlənməyi bacaracaq.