Azərbaycanda yeni turizm mərkəzlərinin yaradılması üzrə işlərə başlanılıb

Regionlara turist axınının artırılması məqsədilə genişmiqyaslı tanıtım, təlim və maarifləndirmə tədbirləri mütəmadi olaraq həyata keçirilir. Turizm subyektləri üçün infoturlar təşkil olunur, bu çərçivədə marşrutlar, yerləşmə və iaşə obyektləri, ekoturizm imkanları barədə əyani məlumatlar təqdim edilir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən məlumat verilib.
Agentlikdən bildirilib ki, Dövlət Turizm Agentliyi, həmçinin "Azerbaijan.travel" və "Mymenu.az" platformalarında bölgələrin təbliğini, regionlardakı turizm obyektlərinin "Tripadvisor" və "Google Maps" platformalarında qeydiyyatı prosesini dəstəkləməkdədir.
"Regional festivallara təşkilati dəstəyin verilməsi, kənd qonaq evləri və mehmanxana sahibləri üçün xüsusi təlim proqramları, yerləşmə müəssisələrində müntəzəm monitorinqlərin aparılması və xidmət keyfiyyətinin artırılması üzrə tədbirlər davam etdiriləcək işlər sırasındadır. Bu istiqamətdə fəaliyyət işğaldan azad edilmiş ərazilərdə də icra edilməkdədir.
Bunda əlavə, Xızı-Xaçmaz, Quba və Qusar turizm və rekreasiya zonalarına yerli və xarici investisiyaların cəlb edilməsi üçün zonaların sərhədlərinin optimallaşdırılması, o cümlədən, sərhədlər daxilində turizm infrastrukturunun qurulması üçün turizm mərkəzlərininin yaradılması üzrə işlərə başlanılıb.
Hazırda "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində Şərqi Zəngəzur iqtisadi rayonunun Kəlbəcər rayonu ərazisində yerləşən "Tutqunçay" və "Zülfüqarlı" Turizm və Rekreasiya Zonalarının yaradılması istiqamətində işlər davam etdirilir. Bu çərçivədə normativ-hüquqi aktların hazırlanması və təsdiqlənməsi, turizm mərkəzlərinin təyin olunması və torpaq ayırma işləri aparılır. Zonalar üzrə investisiya cəlbi və infrastrukturun qurulması məqsədilə intensiv fəaliyyət həyata keçirilir. Növbəti mərhələdə isə həmin turizm mərkəzləri üçün baş inkişaf planlarının hazırlanması nəzərdə tutulur.
"Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"ya uyğun olaraq, Mingəçevir su anbarı və Kür çayı sahilləri ətrafında turizm və rekreasiya zonasının yaradılması məqsədilə ərazilərin qiymətləndirilməsi və yerquruluşu planlarının hazırlanması üzrə işlərə start verilib. Bu tədbirlər su hövzələrinin turizm baxımından səmərəliliyinin artırılmasına xidmət edir.
Turizm imkanlarına sahib kəndlərdə nəqliyyat və ictimai infrastrukturun yaradılması, fasadların bərpası, yaşıllaşdırma, işıqlandırma kimi abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə Qax rayonunun İlisu və Sarıbaş, Qusar rayonunun Laza, Qəbələ rayonunun Duruca, İsmayıllı rayonunun İvanovka, Quba rayonunun Qrız, Lerik rayonunun Bibiyani kəndləri üzrə fəaliyyətlər icra edilir. Hazırda Qusar rayonunun Laza kəndində infrastruktur işlərinə başlanılıb. Qəbələ, İsmayıllı, Quba və Lerik rayonlarının qeyd edilən kəndlərində isə turizm infrastrukturunun layihələndirmə işləri davam etdirilir", - qurumdan qeyd edilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре