Sözə Tanrının  gözü ilə baxan adam..

...Qəribə  sakitliyi var. Sükutunun  diliylə danışar adamla. Durğu  işarələriylə  ifadə  edər  çox vaxt  fikrini. Anlayançun gözəl müsahibdi. Əsərlərinin diliylə  öz dili  eynidi. Ahəng  qanunundan kənara  çıxmağı  sevməz.

Dostlara  etibar  edər  sözünü. Elə  Sözüylə də  tanıdar   içindəki  mənini. Tarixinə , kökünə çox  bağlıdı. Türkçülüyə  xidmət edir. Bütöv Azərbaycançılığı  var. Təvazökardı  və eyni zamanda  diqqət mərkəzində  olmağı  da  sevir. Laqeydliyə  qarşıdı.  Daim axtarışdadı  və  hər  gün  özünə  hesabat verməyə  alışıb. Sözünün arxasında  durandı  və  dünyaya  işıq  tərəfdən  baxır.  Elə qələmi  də. İmzası  oxuculara   yaxşı  tanışdı. Yunus  Oğuzdan danışıram. Oxucunu  tarixiylə , köküylə  üz -üzə  qoyan ,  öz cığırından çıxmayan , sözünün  çəkisini  bilən  nasir  Yunus  Oğuzdan. Yazdıqlarında  ədalətə  və  həqiqətə  sığınan yazıçı  Sözə  Tanrının  gözüylə  baxanlardandı. Axı  böyük  Sözə  bəşəri  sevgisi var.  Tarixi  bədiiləşdirmək  , eyni  zamanda   yalansız, boyasız  təqdim   etmək  elə  də asan  deyil.. Bu da  böyük  cəsarət  tələb edir.  Zənnimcə  Yunus  Oğuz  bunun öhdəsindən  peşəkarcasına  gəlir . Bu baxımdan  yazıçının   bütün  əsərləri   geniş  oxucu  kütləsinin rəğbətini qazanıb.

"Əmir Teymur" ,"Uçurum", "Nadir şah", "Cığır "  və  başqa  romanlar    yazıçı  təxəyyülünün  məhsulu olsa da  tarixi faktlara  köklənib. . Yunus Oğuzun ədəbiyyatda  öz  dəst -xətti var     və  hadisələrə    yanaşma  tərzi  tamam fərqlidi. Yazıçı  təkrarı sevmir  və  daim axtarışdadı. Tarixə  istinadən yazılan  yazılar  elə də asan  ərsəyə  gəlmir. Hamısı  uzun axtarışların   və  zəhmətin  bəhrəsidi.  Bu yaxınlarda  onun "Türk etnonimi  və törələri " adlı əsərini ( Əsər Olaylar.az saytında yayımlanıb, hazırda çap ərəfəsindədir-red)
oxudum və yazıçının yazı manerasına heyran  qaldım. Mən   bu əsəri  türk  etnologiyası  tarixində  ən  qiymətli  tapıntı  kimi   dəyərləndirirəm. Türk  etnonimi, törələr , qanunlar, ilk  ailə  anlayışı, ibtidai  cəmiyyət,  olum , ölüm  , ruh, ibtidai  inanclar  , "Bozqurd "fəlsəfəsi, Oguz  türklərinin yaşam tərzi  və başqa bu kimi  dəyərli  tarixi  faktlarla  zəngin olan  bu əsər  soy -kökümüz haqqında  oxucuya yeni məlumat verir.

Eyni zamanda  yazıçı   orta  əsr  qadınının   cəmiyyətdə    öz  yeri olduğunu və hadisələrdən kənarda  qalmadığını vurğulayır. Quba xanı Fətəli xanın həyat  yoldaşı Tutibikə xatunun simasında qadınların cəmiyyətdə  tutduğu  mövqedən , onların mübarizəsindən söz açır. İsbat  edir ki, türk  qadını   kölə yox,  cəmiyyətin aparıcı  qüvvələrindən  biri  olub. 

Yazıçı  qədim türk  dövlətlərinin yaranması , coğrafiyası ,  inkişafı  , mübarizəsi haqqında  da    geniş məlumat  verir  ..

Türk  inanclarına  görə Tanrı təkdi.  Türk  törəsinə  görə  hər kəsin cəmiyyət  içində  öz yeri  və mövqeyi var. Türk  ideologiyasına  görə  ailə ocaqdı. Xaqan başda  olmaqla  hər kəs  törələrə  uyğun  hərəkət etməlidi.  Qanunlardan kənara  çıxmaq  olmaz.  Türk  qanunlarında  düzlük  , ədalət , insanlıq  hər  şeydən  öncə gəlir.  Yazıçı bu əsərdə  çox nüanslara  toxunub. 

Müəllif  mənbələrə   əsaslanaraq  həqiqətən  ortalığa  çox gərəkli  və  qiymətli  əsər  qoyub . Bu yazıçının  zəngin tarixi  biliyə   malik  olmasından   xəbər verir. 
Əminəm ki, bu əsər  də yazıçının başqa əsərləri  kimi  geniş oxucu  kütləsi  qazanacaq  və seviləcək. 

Yunus Oğuz  həm  də  "Olaylar" qəzetinin təsisçisidi,  eyni zamanda  gözəl  publisistdi..  Ara-sıra  şeirlər  də yazır. Amma qələmi    nəsrdə  daha  mükəmməldi. Bu da mənim fikrimdi. 

Qarşıdan Yunus  bəyin   doğum günü  gəlir. Bu ərəfədə  onu  yubiley yaşı münasibətilə qəlbən  təbrik edir  və  yaradıcılıq uğurları arzulayırıq.