Sizin də avtobus dayanacağı probleminiz varsa...

Day.Az представляет новость на азербайджанском языке

Qaydaya görə, avtobus dayanacaqları təxminən hər 300 metrdən bir olmalıdır. Amma ehtiyac olarsa, sərnişin sıxlığından asılı olaraq, bu məsafə qısaldıla və ya uzadıla da bilər. 

Bunu Milli.Az-ın sorğusuna cavabında Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib. 

Lakin onun sözlərinə görə, dayanacaqların quraşdırılması işlərini Nəqliyyat Nazirliyi yox, Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindəki müvafiq qurum yerinə yetirir:

"Bəzən bununla bağlı bizə müraciət edirlər. Lakin biz həmin müraciətləri icra hakimiyyətinə yönləndiririk. Biz yalnız vətəndaşların müraciətləri əsasında ərazidə araşdırma aparıb, ehtiyac duyulduğu təqdirdə icra hakimiyyətinə təklif verə bilərik". 

Bununla belə, NİİM-in sözçüsü birgə səylər nəticəsində bəzi problemlərin həllinə nail olunduğunu da gizlətməyib:

"Məsələn, Badamdar şossesində əvvəllər avtobusların hər addımbaşı saxlaması müşahidə olunurdu. Lakin sonra bu qanunsuzluq yığışdırıldı. Amma bundan sonra artıq sakinlər şikayət etməyə başladılar ki, ərazidə uzun bir məsafədə dayanacaq yoxdur və onlar da bundan əziyyət çəkirlər. Bizim mütəxəssislər orada araşdırma aparanda məlum oldu ki, həmin hissədə dayanacaq qurmaq üçün yer yoxdur. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Bundan sonra birgə səylərlə yol boyu həmin ərazidə 15 müvafiq yol nişanı quraşdırıldı və avtobusların həmin hissədə durması problemi həll olundu. Artıq həmin ərazidən şikayət gəlmir".

Ş.Mehmanqızı bununla yanaşı qeyd edib ki, dayanacaqlar maddi baxımdan baha başa gəldiyindən onların alınıb quraşdırılması nisbətən daha çətin olur. Bununla belə vətəndaşlar dayanacaqların olması ilə bağlı şəhər icra hakimiyyətinə və NİİM-ə müraciət edə bilərlər. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.