Avtomobil alıcılarını necə aldadırlar?

Day.Az представляет новость на азербайджанском языке.
Azərbaycanda avtomobil alan hər 10 müştəridən 8-i müxtəlif üsullarla aldadılır.
Milli.Az bildirir ki, bu barədə fins.az-a avtomobil satışı ilə məşğul olan dəllallar, eləcə də servis xidmətlərindən deyilib. Ən çox aldadılma avtomobilin texniki vəziyyətini müəyyən edəndə baş verir.
Etibarsız "məsləhətçilər"
Azərbaycanda bir qayda olaraq avtomobil alıcıları bazara ya tanış ustaları, ya da qohum-tanışlarını, dostlarını aparırlar. Amma əksər hallarda tanış usta, qohum və dostlar bu etibardan sui-istifadə edirlər. Belə ki, müştərilərin yanında gələn belə "məsləhətçilər" satıcılarla sövdələşəməyə gedərək müştərinin ziyanına qərar çıxarırlar. Avtomobil ekspertləri bildirirlər ki, müştərilər adətən belə şəxslərə inanırlar və onların avtomobillə bağlı qərarına üstünlük verirlər. Nəticədə ya avtomobilin qiymətində uduzurlar, ya da nasaz avtomobili alib daha sonra təmir etməyə məcbur olurlar.
80% hallarda tanış ustalar alıcıları aldadırlar
Avtomobil satışları üzrə ekspert Aley Şamilov fins.az-a bildirib ki, hər satılan 10 avtomobildən 8-də yaxın usta və qohumlar müştəriləri aldadırlar. Tanış ustalar müştərinin avtomobilə marağı yaranan zaman dərhal satıcını yoxlayırlar. Satıcı əlavə 100-200 manat ödəməyə razılaşarsa, usta avtomobilin kiçik qüsurlarını gizlədərək müştəriyə bu barədə demir. Əks halda avtomobil yaxşı olsa da, usta avtomobili müştərinin gözündən salır. Məsələn, avtomobilin baha olduğunu deyirlər. Və yaxud müştəri qırmızı avtomobil xoşlayırsa, "bu nə rəngdir?" - deyə etiraz edirlər. Və yaxud vurulduğunu, yağ buraxdığı deyirlər. Nəticədə adətən satıcılar usta ilə razılığa gəlməyə məcbur olurlar.
Satıcılar ustalarla razılığıa gəlməyə məcbur olurlar
Razılığa gəldikdən sonra avtomobildə hər hansı bir qüsur varsa, usta onları gizlətməyə çalışır. Məsələn, yay dəyişmə və qoruyucu rezinlər, əyləc qəlibləri, amortizatorlar nasazdırsa, cızıq və rənglə bağlı problem varsa, bu hallar gizlədilir.
Bu qüsurları gizlətmək olmur
Amma avtomobildə ciddi nasazlıqlar varsa, artıq bunu gizlətməkdən çəkinirlər. Məsələn, avtomobil qəza nəticəsində güclü deformasiyaya uğrayıbsa, təhlükəsizlik yastıqları açılıbsa, mühərrikdən səs gəlirsə, mühərrik yağ "yeyirsə", usta bu hallarda nasazlıqları müştəriyə açıqlamağa məcbur olur.
Tanış ustalar alıcıları 1500 manata kimi ziyana salırlar
A.Şamilovun sözlərinə görə, avtomobilin qiymətindən və nasaz ehtiyat hissəsindən aslı olaraq belə hallarda müştərinin itirdiyi məbləğ də dəyişir. Adətən müştəriyə 1500 manata kimi ziyan dəyə bilir. Məsələn, 2007-c il model "Mercedes" avtomobilinin sürət qutusunda ötürücü plata sıradan çıxmışdı. Müştəri bu detala görə 1200 manat, təmir xərcinə görə isə 300 manat ödəməli oldu. Amma zərər kiçik də ola bilər. Məsələn, köhnə "Mercedes" avtomobilinin amortizatoru sıradan çıxmışdı. Amma usta bunu gizlətmişdi. Avtomobili alan müştəri əlavə buna görə 120 manat pul xərcləməli oldu. A.Şamilov bildirib ki, belə olan halda usta avtomobildəki nasazlığın müxtəlif formada izah edərək alıcını razı sala bilir. Məsələn, hər hansı nasazlığın onun yoxladığı zaman olmadığını, sürüldükdən sonra üzə çıxdığını deyir.
Aldıqları avtomobili təmir edib 2 min manat ucuz satırlar
Bəzi hallarda müştərilər avtomobili alandan sonra nasaz olduğunu bildikdə avtomobil gözlərindən düşür. Ona görə də əlavə xərc çəkib təmir etdirsələr də 1-2 min manat ucuz satırlar. A.Şamilovun sözlərinə görə, ötən ay belə bir avtomobil satılıb. Belə ki, satıcı 13 min manatlıq 2009-cu il model "Passat" avtomobilini 10 min manata satıb. Avtomobil satılarkən məlum olub ki, mühərrikdə səs yaranır. Amma usta avtomobilin yağının dəyişdirilən zaman problemin aradan qalxacağını deyib. Müştəri ustaya inandığından avtomobili alıb. Daha sonra məlum olub ki, mühərrik nasazdır, yəni səs yağla deyil, zəncirlərin yararsız olması ilə bağlı imiş. Əvvəlcədən razılığa gəldikləri üçün satıcı avtomobilin geri götürmək imtina edib. Yəni, avtomobil tanış ustanın yoxlamasından sonra alınıb. Nəticədə müştəri avtomobilin təmiri üçün əlavə 700-800 manat xərc çəkməli olub. Avtomobil gözündən düşdüyü üçün daha sonra onu 9 min manata satıb. A.Şamilov bildirib ki, ustalar satıcıdan pul almaqla yanaşı, nasaz avtomobilin təmiri ilə bağlı alıcıdan da xeyli pul alırlar.
Qaynatasını aldadan kürəkən, atasını aldadan oğullar da var
Tanış ustalarla yanaşı, bəzi hallarda qohum və dostlar da avtomobil alıcılarını ziyana salır. A.Şamilovun sözlərinə görə, hətta qaynatasını aldadan kürəkən, atasını aldadan oğullar da var. Məsələn, kürəkən, oğul və ya dost, avtomobili sürüb yoxlayan zaman satıcını razılaşdıqları qiymətdən aşağı düşməməyə çağırır. Və satışa görə əlavə pul istəyir. Satıcı razılaşmadıqda isə avtomobili almayacaqları ilə bağlı onu hədələyir. Belə hallarda qohum və dostlar müştərinin hesabına 500-1500 manat pul qazanırlar. Avtomobildə nasazlıq üzə çıxanda isə qohum və dostlar arasında yaranan mübahisəni polis həll edir.
Avtomobili kimə etibar etməli?
Ekspertin sözlərinə görə, belə neqativ hallarla qarşılaşmaq istəməyən alıcı avtomobili yalnız özü seçməlidir. Satıcı ilə birgə rəsmi servisə aparıb yoxlatdırmalıdır. Bu zaman artıq hər hansı sövdələşmə olmur. Və hər iki tərəf avtomobildə olan qüsurları bilir və daha sonra qiymət məsələsində razılığa gəlirlər. Bu həm də, tanış ustaların yoxlamasından ucuz başa gəlir. Əgər alıcı tanış ustaya 50-60 manat ödəməli idisə, servisdə cəmi 20-30 manat xərc çəkir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре