Misirin nüfuzlu qəzeti Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazdı
2015-ci ilin 18-19 may tarixlərində Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu sözügedən Forumda iştirak edən Misirin nüfuzlu "Əl-Əhram" qəzetinin Baş redaktor müavini Məhəmməd Osman tərəfindən həmin qəzetdə işıqlandırılmış və AR Prezidenti İlham Əliyevin çıxışına xüsusi yer ayırmışdır.

M.Osman iki gün davam edən Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Bakı Forumunun əsas tərəfdaşları qismində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Ümumdünya Turizm Təşkilatı kimi nüfuzlu beynəlxalq siyasi, iqtisadi və mədəni güc mərkəzlərinin çıxış etmələri barədə məlumat vermişdir.

M.Osman builki Forumun proqramına toxunaraq, mədəniyyətlərarası dialoqun bütün sahələrdə inkişaf tendensiyaları, dünyada müasir qlobal çağırışlar, dini-ideoloji qarşıdurmalar, mədəni və sosial transformasiyalar fonunda bəşəri dəyərlərin qorunması üçün məşhur şəxsiyyətlər, siyasətçilər, dövlət xadimləri, elm adamları arasında müzakirələrin təşkil olunduğunu bildirmişdir. Forum çərçivəsində mədəni hüquqlar, ekstremizmə qarşı mübarizədə dini plüralizm və dəyərlərin qorunması, beynəlxalq təşkilatların mədəniyyətlərarası dialoqun qurulmasında rolu və əməkdaşlığı üzrə plenar sessiyalar, təhsilin, gənclərin, incəsənətin, turizmin mədəniyyətlərin yaxınlaşmasında və dialoqda roluna həsr edilən müxtəlif işçi sessiyalar keçiriləcəyi də xəbərlərdə öz əksini tapmışdır.

Sonra müəllif Prezident İ.Əliyevin çıxışına istinad edərək, Forumda yüzdən artıq dövlətin nümayəndələrinin iştirak etdiyini, mədəniyyətlərarası münasibətlərə müsbət dinamika verilməsi üçün Forumun keçirildiyi günlərdə dəyərli fikirlər səsləndiyini, Azərbaycanın bu sahədə öz səylərini hər zaman göstərdiyini və xalqları, dövlətləri, sivilizasiyaları bir araya gətirməyə çalışdığını bildirmişdir.

M.Osman Prezident İ.Əliyevin çıxışından sitatlar gətirərək, Azərbaycanın sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşdiyini qeyd etmiş, bu coğrafi mövqeyin Azərbaycanın mədəni müxtəlifliyində öz rolunu oynadığını, əsrlər boyu bütün mədəniyyətlərin, dinlərin və etnik qrupların nümayəndələrinin Azərbaycanda sülh və ləyaqət şəraitində bir ailə kimi yaşadıqlarını diqqətə çatdırmışdır. Müəllif bu müsbət meyillərin Azərbaycanın müstəqillik illərində daha da gücləndiyini bildirərək, Azərbaycanın tarixi abidələrinə nəzər saldıqda, Azərbaycanın mədəni müxtəlifliyinin aydın göründüyünü vurğulamışdır. Dünyanın ən qədim məscidinin və ən qədim kilsəsinin, eyni zamanda digər məbədlərin Azərbaycanın mədəni irsinin tərkib hissəsi olduğunu qeyd etmişdir.

Müəllif Prezident İ.Əliyevin mədəni müxtəliflik və mədəniyyətlərarası dialoqun təşviqinin ən vacib elementlərindən birinin təhsil olduğuna toxunaraq, təhsilin eyni zamanda ekstremizmə, radikalizmə, fundamentalizmə, terrorçuluğa qarşı təminat olduğunu və müasir həyatın təhlükəli elementlərinə qarşı sığorta olduğunu vurğuladığını qeyd etmişdir.
Məqaləsində müəllif UNESCO-nun baş direktoru İrina Bokovanın və İƏT-in Baş katibi İyad Mədəninin çıxışlarına da toxunmuşdur.

Qeyd edək ki, M.Osmanın məqaləsi "Əl-Əhram" qəzetinin özündə və internet səhifəsində yayılmışdır.