Azərbaycan-İsrail münasibətlərində yeni səhifə - Hersoqun Bakı səfəri nə vəd edir?

Müəllif: Elvin Səxavətoğlu
Azərbaycan-İsrail münasibətləri dərin tarixi köklərə malikdir. Buna tarix boyu Azərbaycanda yahudilərə göstərilən xoş münasibət və müasir dövrdə Bakı-Təl-Əviv əlaqələri bariz nümunədir. İkitərəfli əlaqələrin möhkəmlənməsində ən mühüm amillər sırasında qarşılıqlı səfərlərin təşkili dayanır.
İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana son səfəri də ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından böyük əhəmiyyətə malikdir.
Ölkə başçısı İlham Əliyev mətbuata birgə bəyanatda Hersoqun Azərbaycana səfərini tarixi səfər adlandırıb və əlaqələrin inkişafı üçün çoxlu işlərin görülməli olduğunu vurğulayıb.
Sitat: "Biz səfərdən (İsrail Prezidentinin səfəri - red.) sonra müsbət dinamikanın şahidi olacağıq. Çünki baxmayaraq biz ayrı-ayrı istiqamətlər - ticarət, enerji, təhlükəsizlik sahələri üzrə artıq çoxlu işlər görmüşük, mən tamamilə əminəm ki, böyük potensial mövcuddur. Lakin çoxlu işlər görülməlidir. Əlbəttə ki, biz sizin Azərbaycana səfərinizi tarixi səfər hesab edirik".
Təl-Əvivlə hərbi əməkdaşlığa toxunan Prezident müdafiə sənayesi sahəsində Azərbaycanla İsrail arasında çoxillik əməkdaşlığı məmnunluqla qeyd edib.
Sitat: "Azərbaycan uzun illərdir bu sahədə müasir İsrail avadanlıqlarından istifadə edir. Bu isə bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir, dövlətçiliyimizi, dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü qorumağa imkan verir".
Rəqəmlər də Azərbaycan-İsrail hərbi əməkdaşlığının ilbəil sürətlə inkişaf etdiyini sübut edir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, 2011-2020-ci illərdə Azərbaycanın əsas silah idxalının 27 faizi İsrailin payına düşüb. 2016-2020-ci illərdə isə Azərbaycanın əsas silah idxalının 69 faizi İsrailin payına düşüb. Bu da həmin dövr üçün İsrailin silah ixracının 17 faizini təşkil edir.
Azərbaycanın İsraildən ixrac etdiyi silahlar sırasında "Harop","Elbit" istehsalı, kamikadze tipli "SkyStriker" PUA-ları, həmçinin "Lora" uzaq mənzilli raketləri xüsusi qeyd etmək lazımdır.
Cəmiyyət İsrail istehsalı "Harop" PUA-ları və "Lora" uzaq mənzilli raketləri ilə İkinci Qarabağ Müharibəsində yaxından tanış olmuşdu. Müharibə zamanı qeyd edilən silahlar sözün həqiqi mənasında Ermənistan ordusunun başına bəla olmuşdu.
Azərbaycan və İsrail Prezidentlərinin verdiyi mesajlardan belə aydın olur ki, digər sahələrlə yanaşı, hərbi sferada da əlaqələrin daha da inkişaf etdirilməsi üçün mühüm addımlar atılacaq. Bundan sonra Azərbaycan Ordusunda İsrail istehsalı silahların sayının artacağını proqnozlaşdırmaq olar.
İsrail Azərbaycana Ermənistanla gərginliklər fonunda yalnız hərbi sferada deyil, diplomatik və lobbiçilik fəaliyyəti istiqamətində də böyük dəstək verib.
Məsələn, yahudi lobbisi ilə yüksək səviyyəli münasibətlər erməni lobbisinin ABŞ-dakı anti-Azərbaycan xəttini neyrallaşdırmaq üçün böyük imkanlar yaradıb və hazırda da yaratmaqdadır.
Bakı-Təl-Əviv münasibətlərinin inkişaf etməsinə təsir edən əsas amillərdən biri də Azərbaycanda yaşayan yahudilərə tarix boyu göstərilən xoş münasibətdir. Tarixi faktlar sübut edir ki, əksər hallarda yahudilər yaşadıqları ölkələrdə etnik və milli ayrı-seçkiliyə məruz qalıblar. Amma Azərbaycanda isə bu fakt heç vaxt müşahidə olunmayıb. Xüsusilə müstəqillik dövründə Azərbaycanda yahudi icmasına dövlət qayğısı artırılıb.
Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycandakı yəhudi icmasını ölkəmiz üçün böyük sərvət adlandırıb.
Sitat: "Bu gün biz, həmçinin ölkələrimiz arasında qarşılıqlı turist axını səviyyəsinin artırılması imkanlarını da müzakirə etdik. Hazırda (ölkələrimiz arasında - red.) həftədə cəmi 4 reys yerinə yetirilir. Fikrimcə, bu, kifayət deyil. Nümayəndə heyətlərimizin üzvlərinə uçuşların sayını yalnız mövsümi əsasda deyil, həm də daimi əsasda artırmaq üçün müvafiq göstərişlər verilib".
Bu səfər yahudilərlə Azərbaycan xalqı arasında münasibətlərin daha da dərinləşməsi üçün yeni səhifə açacaq.
İki ölkə arasında inkişaf edən münasibətlərə iqtisadi əlaqələr də böyük töhvə verir. Məsələn, İsrail Azərbaycandan ən çox neft idxal edən ikinci ölkədir. Azərbaycan bu ilin birinci rübündə İsrailə 445,6 milyon dollar dəyərində 710,8 min ton neft ixrac edib. Yanvar-mart aylarında iki ölkə arasında ticarət dövriyyəsi 450 milyon dollar təşkil edib.
Prezident birgə bəyanatda İsrailin Azərbaycandan uzun illərdir neft ixrac etməsini xüsusi vurğulayıb.
Sitat: "Bəzi iqtisadi göstəricilər (Azərbaycanla İsrail arasında - red.) ticarət dövriyyəsinin 1,7 milyard ABŞ dollarından çox olduğunu göstərir ki, bu da mühüm rəqəmdir. Amma hesab edirəm ki, növbəti illərdə ticarət dövriyyəmizi şaxələndirməyə çalışmalıyıq. Bu, yalnız enerji amilindən asılı olmayacaq, baxmayaraq ki, Azərbaycan uzun illərdir İsrail üçün etibarlı xam neft tədarükçüsü hesab olunur. Bu, həm də enerji sahəsində sıx əməkdaşlığımızın olmasının göstəricisidir".
Göründüyü kimi, iki ölkə arasında münasibətlər bütün istiqamətlər üzrə yüksələn xəttlə inkişaf edir. Xüsusilə vurğulamaq lazımdır ki, İsrail-Azərbaycan əlaqələri regional təhlükəsizliyə xidmət edir. İsxak Hersoqun Azərbaycana səfəri isə İkinci Qarabağ Müharibəsindən sonra Cənubi Qafqazda formalaşan yeni reallıqlar fonunda Bakı-Təl-Əviv əlaqələrinin daha da möhkəmlənməsinə, həm hərbi, həm iqtisadi, həm də siyasi əlaqələrimizin genişlənməsinə gətirib çıxaracaq. Digər tərəfdən, İsrailin müsəlman ölkəsi olan Azərbaycanla əlaqələri inkişaf etdirməsi digər islam dövlətlərini də bərabərhüquqlu münasibətlərə sövq edə bilər. Çünki Azərbaycan İsraillə bərabərhüquqlu münasibətlər baxımından bütün İslam Dünyasına nümunədir.
Təbii ki, bu məqam bəzi maraqlı gücləri narahat etməyə bilməz. Amma Azərbaycan və İsrail müstəqil siyasət yürüdən dövlətlərdir. Bu səbəbdən, iki ölkə arasında əlaqələrin inkişafına heç bir qüvvənin təsir edə bilməyəcəyini proqnozlaşdırmaq olar.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре