Çirklənən dünyanın xilasında Azərbaycanın rolu

Müəllif: Elvin Səxavətoğlu

Məlumdur ki, dünyada havanın temperaturu hər il müəyyən qədər artır. Bu mənfi tendensiyanı həyatımızda da hiss edirik.

Qlobal istiləşmə dünyada buzlaqların əriməsinə, əkinəyararlı torpaqların azalmasına, gündəlik temperaturun yüksəlməsinə səbəb olur.

Bəs istiləşmənin səbəbi nədir?

Əsas səbəblərdən biri karbon emmisiya qazlarının atmosferi çirkləndirməsidir.

Məsələn, xüsusilə böyük iqtisadiyyata, ağır sənayeyə malik ölkələr atmosferin çirkləndirilməsində, dolayısı ilə qlobal istiləşmənin sürətlənməsində böyük rol oynayır.

Karbon qazının (CO2) böyük hissəsini dünyada yalnız bir neçə ölkə havaya buraxır. Onlar Çin, ABŞ, Hindistan, Rusiya və Avropa İttifaqıdır. 

Çıxış yolu nədir?

Çıxış yolu ilə bağlı ilk tezislər 1991-ci ildə britaniyalı iqtisadçı Maykl Ceykobs tərəfindən irəli sürülüb. Onun fikirincə, çıxış yolu "yaşıl enerji" və yaxud "yaşıl iqtisadiyyat"a keçiddir. O bu mövzu ilə bağlı "Yaşıl iqtisadiyyat: ətraf mühit, davamlı inkişaf və gələcəyin siyasəti" adlı kitabını da təqdim edib.

"Yaşıl enerji"yə keçidi aktuallaşdıran səbəblər bunlardır:

- "yaşıl enerji"dən istifadə iqlim dəyişikliyini azaltmağa və qlobal istiləşməni məhdudlaşdırmağa kömək edir;

- "yaşıl enerji" sənayesinin inkişafı nəticəsində yeni iş yerləri yaranır ki, bu da davamlı inkişaf üçün vacib amillərdən biridir;

- "yaşıl enerji"dən istifadə havanın keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır;

- "yaşıl enerji"yə keçid bu sahədə yeni yanaşmaların və texnologiyaların tətbiqini stimullaşdırır;

- "Yaşıl enerji"dən istifadə həm də insanların sağlamlığı üçün əhəmiyyətlidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 13 milyondan çox ölüm halları havanın çirklənməsi ilə bağlıdır.

Qlobal istiləşmənin ilbəil artdığı dövrdə dövlətlər "yaşıl enerji"yə keçidi daha da sürətləndirirlər.

Proqnozlara görə, 2030-cu ilədək bərpaolunan mənbələrdən və yaxud "yaşıl enerji"dən alınan elektrik enerjisi dünyada elektrik enerjisi istehsalının 65 faizini təmin edəcək. Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin hesablamalarına görə, 2050-ci ilədək dünyada elektrik enerjisinin 90 faizi bərpaolunan və yaxud "yaşıl enerji" mənbələrindən əldə edilə bilər.

Karbon qazı emissiyası qlobal səviyyədə 2050-ci ilə qədər 70 faiz azaldılacaq ki, bu da iqlim dəyişikliyinin qarşısının alınmasına kömək edəcəkdir. İlk növbədə külək və günəş enerjisi hesabına elektrik enerjisi istehsalında sürətli artım olacaqdır. Bunun əsasən Qafqazda, Mərkəzi Asiyada, Şərqi və Cənub-Şərqi Avropada baş verəcəyi bildirilir. Qlobal iqlim dəyişikliyinin qarşısının alınması üçün 2050-ci ildən sonrakı dövrdə karbon qazı emissiyasının minimum həddə endirilməsi nəzərdə tutulur. Hidrogen və sintetik yanacaqlar, birbaşa elektrikləşdirmə, bioyanacaqlar innovativ biznes modellərinə və bu sahədə struktur dəyişikliyinə ciddi təsir göstərəcək.

Azərbaycanın "yaşıl enerji"yə keçiddəki rolu

Dünyanı çirkləndirən dövlətlərlə yanaşı, planetimizin çirklənməsinin qarşısını almaq istəyən ölkələr də var. Onlar arasında ilk sırada Azərbaycan dayanır. Azərbaycanın əlverişli coğrafi mövqeyi və iqlim şəraiti "yaşıl enerji" istehsalı üçün geniş imkanlar yaradır. Külək, günəş, dağ çayları, biokütlə və geotermal su mənbələri hesabına bərpaolunan enerji istehsalı sahəsində böyük uğurlar əldə edilir.

Artıq Azərbaycanın "yaşıl enerji"yə keçid stratejiyası mövcuddur. Bununla bağlı 2020-ci ildən bəri bir çox mühüm addımlar atılıb.

Xüsusilə vurğulanmalıdır ki, Azərbaycan külək və günəş enerjisindən istifadə edilməsi sahəsində böyük irəliləyişlər əldə edib.

Bu sektorun inkişaf etdirilməsi üçün işğaldan azad olunmuş ərazilərdə böyük işlər görülür. "Yaşıl enerji"nin dünya bazarlarına nəqli Azərbaycan dövlətinin enerji siyasətində əsas istiqamətlərdən biridir. Azərbaycan 2030-cu ilədək 5000 meqavat bərpaolunan enerji istehsalı potensialına malik olmağı planlaşdırır. 2023-cü ildə Azərbaycanda Qafqazın və Mərkəzi Asiya regionunun 230 meqavat gücündə ən böyük günəş elektrik stansiyası istifadəyə verilmiş və bu cür yeni stansiyaların tikintisi davam edir. Xəzər dənizindən Qara dənizə və Avropaya qədər uzanacaq "yaşıl enerji" elektrik kabelinin inşası istiqamətində mühüm işlər görülür.

Azərbaycanın "yaşıl enerji" potensialı 

Azərbaycanın bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt təşkil edir. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı isə 520 MVt həcmindədir.

Azərbaycanda bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədilə Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi beynəlxalq maliyyə təşkilatlarının dəstəyi ilə layihələr həyata keçirilir.

Birləşmiş Ərəb Əmirliklərinin "Masdar", Səudiyyə Ərəbistanının "ACWA Power", Böyük Britaniyanın "bp", Avstraliyanın "Fortescue Future Industries", Yaponiyanın "TEPSCO", İtaliyanın "Maire Tecnimont", Çinin "China Gezhouba Group Overseas Investment", Fransanın "Total Energies" və digər xarici şirkətlərlə Azərbaycanda bərpaolunan enerji istehsalına dair müqavilələr imzalanıb və müvafiq tədbirlər həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur, həmçinin Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonaları elan olunub. Bu ərazilər yüksək potensiallı "yaşıl enerji" mənbələrinə malikdir.

Ümumilikdə, Azərbaycanda "yaşıl enerji"yə keçidlə bağlı Ali rəhbərlik səviyyəsində sistemli iş aparılır. Bu isə ciddi nəticələrin əldə olunmasına böyük töhvə verir. Azərbaycanın dünyanın ən nüfuzlu iqlim tədbiri olan COP29-a ev sahibliyi etməsi, ölkəmizin bu sahədə həyata keçirdiyi sistemli işin nəticəsidir.