Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”nə dəyişiklik edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında" 2021-ci il 22 iyun tarixli 1375 nömrəli, "Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" 2022-ci il 21 iyul tarixli 1756 nömrəli, "Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" 2022-ci il 21 iyul tarixli 1757 nömrəli, "Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" 2023-cü il 26 may tarixli 2151 nömrəli, "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" 2024-cü il 1 aprel tarixli 25 nömrəli və "Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" 2024-cü il 10 iyul tarixli 134 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Fərmana əsasən, qoruq artıq idarə etdiyi çoxmənzilli binaları isti su və istiliklə təchiz etmək, həmin binaların istilik enerjisinə tələbatının ödənilməsini təmin etməlidir. Həmçinin, Qoruq tikintisini təşkil etdiyi çoxmənzilli binaların idarə edilməsi, ümumi əmlakının (o cümlədən liftlərin) saxlanılması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqq daxil olmaqla, yaşayış sahəsinin saxlanılmasına və təmirinə görə müqavilə ilə müəyyən edilmiş məbləğdə haqq alacaq.

Eyni zamanda qoruq müvafiq ərazidə müqavilə əsasında isti su və istilik təchizatı xidmətləri göstərmək və bu xidmətlərə görə müqavilə ilə müəyyən edilmiş məbləğdə haqq almaq hüququna da malik olacaq.

Yuxarıda göstərilən müqavilələr üzrə haqların məbləğləri təsdiq ediləcək.