Atmosfer prosesləri daha tez proqnozlaşdırılacaq

Quba rayonunun II Nügədi kəndi ərazisində yeni quraşdırılan meteoroloji dopler radara baxış keçirilib.

Day.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov Trend-ə bildirib ki, Erkən Xəbərdarlıq Sisteminin vacib elementi olan dopler hava radarı atmosfer proseslərini izləməyə və erkən xəbərdarlıqların hazırlanmasına imkan verəcək və 100-150 km radiusda gözlənilən dolu-leysan prosesləri ilə bağlı bir neçə saat öncədən məlumat almaq mümkün olacaq.

"Eyni zamanda, dopler radar vasitəsilə, Böyük Qafqazın cənub - şərq yamacı çaylarında baş verə biləcək sel və daşqınlar barədə erkən xəbərdarlıqlar da tərtib ediləcək".

Xidmət rəisi qeyd edib ki, radar sisteminin idarə olunması fasiləsiz olaraq avtomatlaşdırılmış rejimdə həyata keçiriləcək.