Bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olan şikayətlərə baxılıb

Yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlərə baxılıb.

Day.Az xəbər verir ki, MSK-nın bu gün keçirilən icasında çıxışçılar şikayətlərin hansı seçki dairələrindən daxil olduğu barədə məlumat verilib.

Bildirilib ki, şikayətlər 56 saylı Şabran-Xaçmaz (2 şikayət), 67 saylı Sabirabad, 68 saylı Sabirabad-Şirvan, 72 saylı Cəlilabad kənd, 81 saylı İmişli, 82 saylı İmişli-Saatlı, 85 saylı Füzuli-Ağcabadi, 86 saylı Ağcabədi dairə seçki komissiyalarının müxtəlif məntəqə komissiyalarından daxil olub.

Qeyd edilib ki, müraciətlər aidiyyəti üzrə baxılması üçün dairə seçki komissiyalarına göndərilib.

Qeyd edək ki, yanvarın 29-u saat 19:00-da Azərbaycanda bələdiyyə seçkilərində səsvermə başa çatıb. Saat 19:00-a olan məlumata əsasən, bələdiyyə seçkilərində 1 874 810 seçici səsvermə hüququndan istifadə edib, seçici fəallığı 31,45 % olub.

Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8 071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxil edilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıya daxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçki komissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.