Məhkəmədə ittihamçılar terrorçuluq cinayətləri üzrə konkret epizodları açıqlayıblar
![Məhkəmədə ittihamçılar terrorçuluq cinayətləri üzrə konkret epizodları açıqlayıblar](https://img.day.az/2025/02/11/800x550/mehkeme_prosesi_4.jpg)
Fevralın 11-də Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası zamanı dövlət ittihamçıları Fuad Musayev, Vüsal Abdullayev və Təranə Məmmədova terrorçuluq cinayətləri üzrə konkret epizodları elan ediblər.
Day.Az xəbər verir ki, o cümlədən qeyd edilib ki, 1991-ci il yanvarın 9-da Şuşa rayonu istiqamətində hərəkətdə olan "UAZ-469" markalı avtomobili atəşə tutaraq sürücü Qoyek İvan İvanoviçə, avtomobildə sərnişin qismində əyləşmiş sovet ordusunun hərbi qulluqçuları - 44682 nömrəli hərbi hissənin kəşfiyyat polkunun komandiri, polkovnik-leytenant Larionov Oleq Mixailoviçə və Laçın hərbi komendantlığının qərargah rəisi, mayor İvanov İqor Yuryeviçə, "Molodyoj Azerbaydjana" qəzetinin müxbiri, xidməti vəzifələrini yerinə yetirmək üçün həmin əraziyə ezam olunmuş jurnalist Əsgərova Salatın Əziz qızına güllə yaraları kimi müxtəlif bədən xəsarətləri yetirilərək, 4 nəfər şəxs qəsdən öldürülüblər.
Bundan başqa, bildirilib ki, 1991-ci il noyabrın 20-də içərisində Azərbaycan Respublikasının dövlət nümayəndələri, Rusiya Federasiyasının və Qazaxıstan Respublikasının müşahidəçilərinin olduğu helikopter Xocavənd rayonuna eniş etmək üçün həmin rayonun Qarakənd kəndi ərazisi üzərindən aşağı məsafədə uçarkən cinayətkar təşkilatın üzvləri bundan məlumat alaraq AK-74 konstruksiyalı pulemyot və avtomat silahlarla təxminən 30 dərəcəli bucaq altında 300 metr məsafədən həmin helikopterə intensiv atəşlər açmaqla hücum edib onu zədələyərək idarə etmədən çıxarmağa nail olublar.
Nəticədə Qarakənd kəndinin şərqində, dağın şimal yamacından 5 kilometr aralıda kəndarası torpaq yola perpendikulyar şəkildə çırpılıb partlamaqla yanmış helikopterdə olmuş Azərbaycan Respublikasının sabiq Baş prokuroru Qayıbov İsmət İsmayıl oğlu, Azərbaycan Respublikasının daxili işlər naziri Əsədov Məhəmməd Nəbi oğlu, Azərbaycan Respublikasının Dövlət katibi İsmayılov Tofiq Kazım oğlu, Azərbaycan Respublikası Baş nazirinin müavini Hacıyev Zülfü Saleh oğlu, Azərbaycan Respublikası Milli Məclisinin millət vəkilləri Cəfərov Vaqif Cəfər oğlu və Məmmədov Vəli Hüseyn oğlu, Qazaxıstan Respublikası daxili işlər nazirinin müavini Serikov Sanlal Dosumoviç, telejurnalist Mustafayev Alı Mustafa oğlu, videooperator Şahbazov Fəxrəddin İbrahim oğlu, işıq operatoru Hüseynzadə Arif İsmayıl oğlu, Azərbaycan Respublikası meliorasiya və su təsərrüfatı nazirinin birinci müavini Namazəliyev Qurban Hüseyn oğlu, Azərbaycan Respublikası Prezidenti Aparatının şöbə müdiri Mirzəyev Osman Mirzəhüseyn oğlu, Azərbaycan Respublikasının Dövlət katibinin köməkçisi Məmmədov Rafiq Məmməd oğlu, Fövqəladə vəziyyət rayonunun komendantı Jinkin Nikolay Vladimiroviç, milis general-mayoru Lukaşov Mixail Dmitriyeviç, polkovnik-leytenant Koçeryov Oleq Nikolayeviç, eləcə də Dağlıq Qarabağ üzrə Milli təhlükəsizlik şöbəsinin rəisi İvanov Sergey Semyonoviç, Azərbaycan Respublikası Dağlıq Qarabağ Muxtar Vilayətinin prokuroru Plavskin İqor Aleksandroviç, Dağlıq Qarabağ Muxtar Vilayətinin Daxili işlər idarəsinin rəisi Kovalyev Vladimir Vladimiroviç, habelə helikopterin uçuş heyətinin 3 üzvü - Kotov Vyaçeslav Vladimiroviç, Dolqov Gennadi Vladimiroviç və Yarovenko Dmitri Borisoviçə ağır dərəcəli müxtəlif bədən xəsarətləri yetirməklə xidməti vəzifələrini icra edən 22 nəfər qəsdən öldürülüb.
Bununla yanaşı, qeyd olunub ki, 2010-cu il yanvarın 26-da Azərbaycan Respublikasının Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi ərazisində Füzuli Hərbi Prokurorluğuna məxsus olan "UAZ" markalı, 00-21 HP dövlət qeydiyyat nişanlı avtomobili avtomat konstruksiyalı silahlarla atəşə tutmaqla xidməti vəzifələrini yerinə yetirən Füzuli hərbi prokurorluğunun müstəntiqi Hidayətov Araz Qabil oğluna güllə yarası xəsarəti yetirilib.
Həmçinin elan edilib ki, cinayətkar birliyin üzvləri tərəfindən hazırlanan ağ rəngli, itə bənzər oyuncağın içərisinə yerləşdirilmiş tələ-mina olan partlayıcı qurğunu Tovuz çayına atmış, 2011-ci il iyulun 14-də həmin çayın Ermənistan Respublikası ilə həmsərhəd olan Tovuz rayonu Əlibəyli kəndindən keçən hissəsinin kənarında oynayan 1999-cu il 15 sentyabr təvəllüdlü - azyaşlı Şahmalıyeva Aygün Zirəddin qızının çaydan sözügedən oyuncağı taparaq marağını cəlb etdiyindən evə gətirib masanın üzərinə qoyarkən yaranmış fiziki təmasla əlaqədar baş vermiş partlayış nəticəsində ətrafa qəlpələrin səpələnməsi ilə Aygün Şahmalıyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре