Ermənistan militarizasiya siyasətini dayandırmalıdır

Müəllif: Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü

Müharibələr və silahlı münaqişələrin tarixi bir qayda olaraq nümayiş etdirir ki, məğlub olan tərəf tərksilah olunur, reparasiyalar ödəyir, sülh müqaviləsinin bağlanması üçün irəli sürülən şərtləri qəbul edir. Bunun əksinə olaraq, İkinci Qarabağ müharibəsindən sonra kapitulyasiya aktına imza atan Ermənistan tamamilə başqa davranış sərgiləyir. Sürətlə militarizasiya siyasətini həyata keçirən mənfur qonşumuzun 2025-ci il üçün nəzərdə tutduğu hərbi xərcləri artıq 2 milyard ABŞ dollarına yaxınlaşır, bu isə ümumi daxili məhsulun 5 faizini təşkil edir. Ermənistan Fransa, Hindistan və bir sıra başqa ölkələrlə hərbi təchizat sahəsində genişmiqyaslı əməkdaşlıq edir. Məsələn, 2024-cü ildə Hindistandan silah alınması üçün Ermənistan 600 milyon dollar xərcləyib. Təcavüzkar dövlətin silahlanmasında Fransanın da xüsusi payı var. Özüyeriyən artilleriya qurğuları,  ortamənzilli raketlər, "Mistral" hava hücumundan müdafiə sistemləri və sair silah növləri Ermənistana verilir.

Qonşu dövlətlərə qarşı daima ərazi iddiaları irəli sürən, otuz ilə yaxın bir müddətdə torpaqlarımızı işğal altında saxlayan  Ermənistanın məkrli niyyətləri sirr deyildir. Heç kəs təminat verə bilməz ki, hər zaman Azərbaycana qarşı aqressiv siyasət aparan və revanşızmə meylli olan Ermənistan yeni silahlı taxribatlara əl atmayacaq. Bu mənada Azərbaycan öz suverenliyinə və ərazi bütövlüyünə hər hənsı bir təhdidə imkan verməyəcək və onu anında dəf etmək gücünə məlikdir.

Müasir şəraitdə Azərbaycanın səyləri nəticəsində Cənubi Qafqaz regionunda davamlı beynəlxalq sülhün və təhlükəsizlik rejiminin bərqərar olunması üçün əlverişli şərait yaranmışdır. Bu gün Ermənistanı silahlandıran və hərbçilərinə yeni müharibə aparılması üçün təlimlər təşkil edən dövlətlər praqmatik mövge nümayiş etdirməli və belə təhlükəli davranışdan çəkinməlidirlər.  

Ermənistan sözdə özünün güya sülh "tərəfdarı" olmasını bəyan etsə də, reallıqda biz başqa mənzərənin şahidi oluruq. Həqiqətən də sülhün və sülh müqaviləsinin tezliklə bağlanmasının tərəfdarı olmasını sübut etmək üçün Ermənistan ilk növbədə, onun Konstitusiyasında yer alan ölkəmizə qarşı ərazi iddiasını aradan qaldırmalı və ikincisi, sülh gündəliyinə zidd olan militarizasiya prosesini dərhal dayandırmalı və əldə etdiyi silahları qeri qaytarmalıdır.

Cənubi Qafqaz regionunda tezliklə sülhün bərqərar olunmasına, kommunkasiya xəttlərin açılmasına, yeni əməkdaşlıq formatının inkişaf etdirilməsinə başqa alternativ yoxdur.