Azərbaycan sülh gündəliyini ardıcıl formada təşviq edir - Nizami Səfərov
Müəllif: Nizami Səfərov, Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü
Cənubi Qafqaz regionunda davamlı beynəlxalq sülhün və təhlükəsizlik rejiminin bərqərar olunması əhəmiyyətli dərəcədə post-münaqişə dövründə Azərbaycanın irəli sürdüyü sülh gündəliyinin həyata keçirilməsi ilə bağlıdır. Bu ilin avqust ayının 8-də Vaşinqtonda fövqəladə əhəmiyyətli sənədlərin imzalanması bütöv bir bölgənin inkişafı üçün tarixi şans yaratmışdır. Xatırlatmaq istərdim ki, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin görüşünün nəticələrinə dair Birgə Bəyannamənin 3-cü bəndində ikitərəfli və beynəlxalq təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyəti təsdiq edilmışdır. Əlavə olaraq, "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in iki ölkənin xarici işlər nazirləri tərəfindən paraflanan mətninin X-cu maddəsində tərəflərin iqtisadiyyat, tranzit və nəqliyyat sahələrində əməkdaşlığın təsis edilməsi üçün ayrıca razılaşmaların bağlanması məsələsi əksini tapmışdır. Azərbaycanın beynəlxalq hüquqa və beynəlxalq ədalətə söykənən səyləri, eyni zamanda, konkret xoşməramlı addımalrla müşahidə olunur. Azərbaycan Respublikasının Prezidenti cari ilin oktyabr ayının 21-də Qazaxıstana dövlət səfəri çərçivəsində verdidyi bəyanatda qeyd etmişdir ki, Ermənistana işğal dövründən mövcud olan yüklərin tranziti məhdudiyyətləri aradan qaldırılmışdır. İlk tranzitin Qazaxıstanın Ermənistana taxıl yükü olması rəmzi məna daşıyır və Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, eyni zamanda dövlətlərarası praktikada mövcudluğunun göstəricisidir.
Sülhün və əmin-amanlıqın bərqərar olunmasını təşviq edən addımların həmçinin Ermənistan tərəfindən atılması əhəmiyyətli xarakter daşıyır. Məsələ burasındadır ki, paraflanan sülh sazişinin yekun imzalanması və ratifikasiyası üçün ən ciddi maneə Ermənistanın Konstitusiyasında yer alan Azərbaycana qarşı ərazi iddialarıdır. Əgər zamanın tələblərindən irəli gələn konstitusiyon dəyişikliklər baş verərsə, sülh müqaviləsinin hüquqi reallığa çevrilməsi üçün ən ciddi maneə aradan qaldırılmış olar. Azərbaycan Respublikası Prezidentinin dediyi kimi, Ermənistan "konstitusiyasının dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре