Aİ-nin Azərbaycandakı Nümayəndəliyi "Avropada Təhsil" sərgisi keçirir

25 oktyabr tarixində Bakıda Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi "Avropada Təhsil" sərgisinin
açılışı olub.

Day.Az xəbər verir ki, 26 oktyabrda "Hilton" mehmanxanasında davam edəcəksərgidə Avropanın 10 ölkəsini təmsil edən 30-dan çox universitet iştirak edib potensial tələbələrə təhsil imkanları barədə məlumat verir.

Açılış mərasimində Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç, Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Həsən Həsənli və Aİ-yə üzv dövlətlərin səfirləri iştirak ediblər.

Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç bildirib:

"Biz sizi Avropa İttifaqının ali təhsil dünyasına dəvət edirik. "Taleyini təhsil yazsın" builki təhsil sərgisinin şüarıdır. Təhsil imkanlara açılan bir qapıdır və biz Azərbaycanın gənc nəslini Avropa İttifaqında ali təhsil sahəsində olan imkanları kəşf etməyə dəvət edirik".

 

Sərginin rəsmi açılış mərasimində iştirak edən elm və təhsil nazirinin müavini Həsən Həsənli Azərbaycan hökuməti tərəfindən həyata keçirilən "2022-2028 Dövlət Proqramı" çərçivəsində Avropa universitetlərində 200-yə yaxın tələbələnin təhsil aldığını bildirmiş, proqramın yaratdığı imkanları vurğulamışdır. Nazir müavini, həmçinin Latviya, Macarıstan və Rumıniya kimi Avropa ölkələri ilə hökumətlərarası təqaüd proqramları vasitəsilə ikitərəfli əməkdaşlığın həyata keçirildiyini qeyd etmişdir. Azərbaycan ali təhsil müəssisələri ilə Avropa universitetləri arasında mövcud əməkdaşlıqlar çərçivəsində həyata keçirilən ikili diplom proqramları, ortaq tədqiqat layihələri və müəllim-tələbə mübadilələri barədə məlumat verilmişdir.

"Avropada Təhsil" sərgisi Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin keçirdiyi geniş miqyaslı təhsil kampaniyasına daxildir. Sərgi həm də Aİ-Azərbaycan arasında daha geniş tərəfdaşlığın bir hissəsidir. Aİ Azərbaycanda təhsil sektorunu 29 layihə ilə dəstəkləmişdir.

Sərginin hər iki günündə təmənnasız olaraq keçiriləcək məlumat sessiyalarında Avropa universitetləri təhsil proqramlarını təqdim edəcəklər. Gənc Avropa Səfirləri Aİ-nin dəstəklədiyi təhsil imkanları haqqında da məlumat verəcəklər.

"Avropada Təhsil" sərgisi şənbə və bazar günləri, 25-26 oktyabr tarixlərində saat 10:00-dan 18:00-dək
"Hilton" mehmanxanasının "Sevda" zalında keçiriləcək. Avropada təhsil almağa marağı olan bütün tələbə və gənc mütəxəssislər www.eu4azerbaijan.eu/europe-education-fair/ linkdən istifadə edərək qeydiyyatdan keçməyə və tədbirə qatılmağa dəvət olunurlar.