Bəzi müəssisələrin lisenziyaları ləğv olundu

Yanğından mühafizə fəaliyyəti üzrə çalışan bəzi müəssisələrin lisenziyaları ləğv olunub.

Day.Az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Belə ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış planlı yoxlamalar zamanı "Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri" fəaliyyət növü üzrə lisenziyaya malik "Nəzarət ölçü cihazları və avtomatika" və "Gözcü güvənlik" məhdud məsuliyyətli cəmiyyətlərinin qeyd olunan fəaliyyət növü üzrə lisenziyanın şərtlərinə əməl etmədikləri aşkar olunub.

Keçirilmiş yoxlamalar zamanı müəyyən edilib ki, sözügedən müəssisələr fəaliyyət növünün xüsusiyyətindən asılı olaraq qanunvericiliyin tələblərinə uyğun müvafiq ixtisasa malik mütəxəssislərlə və işçi heyətlə, istifadə olunacaq avadanlıqlarla, maddi-texniki baza ilə təmin olunmayıb.

Qeyd olunanları nəzərə alaraq, "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Qanununun 27.3-cü maddəsinə əsasən, aidiyyəti üzrə qaldırılmış vəsatətlər nəticəsində yanğından mühafizə fəaliyyəti üzrə lisenziyanın şərtlərinə riayət etməyən sözügedən müəssisələrin müvafiq lisenziyaları ləğv olunub.

Dövlət Yanğın Nəzarəti Xidməti bu sahədə pozuntuların aşkar olunması və aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.