Paşinyan İranla neftayırma zavodu tikmək istəyir - amma hələlik xəyalında...
![Paşinyan İranla neftayırma zavodu tikmək istəyir](https://img.day.az/2025/02/15/800x550/ermeni_neft.jpg)
Müəllif: Elçin Alıoğlu
Mənbə: Trend
Ermənistanda iqtisadi tənəzzül, siyasi volüntarizm və strateji düşüncənin yoxluğu səbəbindən xroniki böhran gün keçdikcə daha da dərinləşir.
2020-ci ildəki 44 günlük İkinci Qarabağ Müharibəsində ağır məğlubiyyətdən sonra ölkə öz zəifliklərini tamamilə üzə çıxaran çoxsaylı çağırışlarla üzləşdi: işğal olunmuş ərazilərdən qovulma, xarici "hami"lərdən asılılığın güclənməsi, kritik dərəcədə köhnəlmiş infrastruktur və səmərəsiz idarəetmə. Bütün bu amillər Ermənistanı həm daxili, həm də beynəlxalq səviyyədə son dərəcə zəif və asılı vəziyyətə salıb.
İndisə Ermənistanın baş naziri Nikol Paşinyan və komandası ilk dəfə iki il əvvəl səsləndirdikləri idefiksə dönürlər. Onlar "Sünik" adlandırdıqları Qərbi Zəngəzurda gündə 100 000 barrel istehsal gücünə neft emalı zavodunun (NEZ) inşası layihəsinin real olduğunu təsdiqləyirlər.
Onlar iddia edirlər ki, gündəlik 100 000 barrel emal gücünə malik NEZ-in tikinti xərclərini 1,5-2 milyard ABŞ dolları arasında qiymətləndirirlər. Bu məbləğ İran və Ermənistanın birgə səyləri və ya regionun enerji resurslarına çıxışda maraqlı olan Çin və Hindistan kimi xarici investorların cəlb edilməsi ilə ödənilə bilərdi. Eyni zamanda, Ermənistan gündəlik təxminən 50 000 barrel yanacaq istehlak edir. Bu o deməkdir ki, NEZ daxili tələbatı tam ödəyərək artıq məhsulları ixrac üçün saxlaya bilərdi. Emal olunmuş neft məhsullarının əsas ixrac istiqamətləri Gürcüstan, Cənubi Rusiya və Şərqi Avropa ola bilərdi. Bu, Ermənistanı tranzit ölkə kimi möhkəmləndirərək Tehranın həmin bazarlardakı mövqeyini gücləndirə bilərdi.
Haqqında bəhs etdiyimiz xülya ölkənin əsas problemlərini həll etməyən, sadəcə populist qərarların növbəti nümunəsi olsa da, erməni cəmiyyətində müzakirə edilməyə başlayıb. Halbuki sözügedən projekt İrəvanın xaotik və mənasız siyasətinin yeni simvoluna çevrilməklə yanaşı, Paşinyanın "inkişaf" illüziyası yaratmaq məqsədindən xəbər verir.
Ermənistanın Sünik bölgəsində neft emalı zavodunun tikintisi təşəbbüsü, reallıqda həyata keçirilmək imkanlarından məhrum olan, populizmə söykənən addım idi. Layihənin uğursuzluğu həm Ermənistanın iqtisadi və siyasi problemlərinin, həm də İranın Cənubi Qafqazdakı strateji zəifliyinin bariz nümunəsinə çevrildi.
İrəvanın iqtisadi vəziyyətisə gerçəkdən acınacaqlıdır. Dünya Bankının məlumatlarına əsasən, 2022-ci ildə adambaşına düşən ümumdaxili məhsul (ÜDM) 4700 ABŞ dolları təşkil edib və bu göstərici Ermənistanı Cənubi Qafqazın ən yoxsul ölkələrindən birinə çevirib. İnflyasiya səviyyəsi davamlı olaraq yüksəkdir, enerji daşıyıcılarının illik 20-30% artan qiymətləri isə iqtisadiyyata sürəkli ağır zərbələr vurur.
Ermənistan nə neft, nə də qaz ehtiyatlarına malikdir, bu isə onun tamamilə idxaldan asılı olduğunu göstərir. Əsas tədarükçülər olan Rusiya və İran isə bu asılılıqdan siyasi təsir aləti kimi istifadə edərək, öz maraqlarına uyğun şərtlərə diktə edirlər.
Hazırda N.Paşinyan iqtidarının mənsubları iddia edirlər ki, sən demə, "Ermənistan üçün Sünik bölgəsində NEZ tikintisi həyati əhəmiyyət daşıyan addım olardı". Onların iddialarına görə, yanacaq-sürtgü materialları və ümumiyyətlə, yanacaq idxalından tam (100%) asılı olan və daxili bazarın təminatı üçün məhdud imkanlara malik bir ölkə üçün bu layihə həddən ziyadə önəmlidir. Belə ki, layihə reallaşarsa, yerli neft emalı Ermənistana özünü yanacaqla təmin etmək və qlobal qiymətlərdən asılılığı azaltmaq imkanı verə bilərdi. Üstəlik, NEZ-in tikintisi ölkənin ən depressiv bölgələrindən biri olan Sünikdə iqtisadi inkişafın katalizatoru ola bilərdi. Yeni iş yerlərinin yaradılması, infrastrukturun inkişafı və investisiyaların cəlb edilməsi bölgənin vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilərdi. Və ən nəhayət, Paşinyan komandası bəyan edir ki, İranla əməkdaşlıq Ermənistana etibarlı xammal mənbəyi təmin etməklə yanaşı, xüsusilə qlobal enerji qeyri-sabitliyi və karbohidrogen qiymətlərinin artması fonunda çox mühüm addım olardı.
Ermənistan hökuməti tərəfindən NEZ-in tikintisi təşəbbüsü beynəlxalq neft qiymətlərindən asılılığın azaldılması yolu kimi təqdim olunsa da, layihənin başlanğıcdan uğursuzluğa düçar olduğu aydındır. İrəvanın belə layihə üçün nə lazımi resursları, nə logistika infrastrukturu, nə də strateji investorları var. Üstəlik, ermənilərin İran kimi potensial tərəfdaşı sözügedən "təşəbbüs"ə açıq şəkildə şübhə ilə yanaşaraq üstüörtülü olsa da, layihənin iqtisadi və praktiki cəhətdən mənasız olduğunu bir daha vurğulayır.
Təbii ki, NEZ layihəsi Ermənistan hakimiyyətinin daxili və xarici təzyiqlər şəraitində öz reputasiyasını qorumaq üçün atdığı ümidsiz addımdan başqa bir şey deyil. İqtisadiyyatın islahatı, korrupsiya ilə mübarizə və infrastrukturun modernizasiyası kimi əsas problemləri həll etmək əvəzinə Nikol Paşinyan və dəstəsi öz uğursuzluqlarını ambisioz, amma reallıqdan çox uzaq təşəbbüslərlə ört-basdır etməyə çalışır.
İranla əməkdaşlıq Ermənistan üçün enerji təhlükəsizliyini artırmaq və iqtisadi mövqeyini gücləndirmək üçün strateji addım ola bilərdi. Di gəl ki, İrəvan hətta bu sahədə ardıcıllıq göstərməkdə acizdir. İlk baxışdan - söz yox - İranın özəl sektoru tərəfindən gündə 100 000 barrel neft emalı gücünə malik zavodun tikintisi təklifi hər iki tərəf üçün faydalı olardı. Amma Tehranın iki il əvvəl ermənilərlə kuluar danışıqlarda eyham vurduğu bu layihəni Nikol Paşinyan həmin dövrdə qəbul etdi ki, bu da İrəvandakı mövcud hakimiyyətin mürəkkəb layihələri idarə etmək və effektiv danışıqlar aparmaq bacarığı olmadığını ortaya qoydu.
İranın Ermənistanın indiki təşəbbüsünə çox dərin şübhə ilə yanaşması da anlaşılandır. 150 milyard barrel həcmində təsdiqlənmiş neft ehtiyatlarına malik olan (dünya ehtiyatlarının təxminən 10%-i) İran bu layihədən istifadə edərək öz mövqeyini Cənubi Qafqazda gücləndirə bilərdi. Ən azı belə NEZ vasitəsilə Tehran Ermənistanla iqtisadi və siyasi əlaqələrin möhkəmləndirilməsinə, Qərbin genişmiqyaslı və total sanksiyaları şəraitində neft ixracı üçün alternativ marşrutların yaradılmasına, habelə neft ixracından və əlaqəli xidmətlərdən gəlirlərin artırılmasına, hipotetik də olsa, nail ola bilərdi.
Fəqət Tehranın hazırda N.Paşinyanın təkrar gündəmə gətirməyə çalışdığı "layihə"yə olduqca soyuq yanaşması Ermənistan rəhbərliyinə qarşı etimadsızlıqdan, ya da İranın strateji planlaşdırmasındakı problemlərdən xəbər verir.
Ermənistanda neft emalı zavodunun tikintisi ideyası həm İran, həm də beynəlxalq ekspertlər arasında geniş müzakirələrə səbəb olmuşdu. İranda bir çox analitik qeyd edir ki, belə bir layihə Qərbin təsirinin artdığı bir vaxtda regionda mövqeləri gücləndirmək üçün əhəmiyyətli bir addım ola bilərdi.
Erməni analitikləri isə layihənin irəliləyişinin olmamasından dərin məyusluqlarını bildirirlər. Onlar vurğulayırlar ki, İranla əməkdaşlıq enerji təhlükəsizliyinin təmin olunmasında və yanacaq mənbələrinin şaxələndirilməsində əsas element ola bilərdi. Erməni ekspertlər hesab edirlər ki, NEZ layihəsinin asqıda qalması Paşinyan hakimiyyətinin iqtisadi inkişaf üçün imkanlardan düzgün istifadə edə bilməməsinin daha bir nümunəsidir.
Xatırladaq ki, Ermənistan enerji qeyri-sabitliyi fonunda tamamilə yanacaq idxalından asılıdır. Əsasən Rusiya və İrandan yanacaq tədarük edən ölkə illik 1,2 milyon ton neft məhsulları idxal edir ki, bu da təxminən 1 milyard ABŞ dollarına bərabərdir. Belə bir asılılıq Ermənistanı qlobal bazar qiymətlərindəki istənilən dəyişikliklərə qarşı son dərəcə həssas edir və daxili bazara əlavə təzyiqlər yaradır. Məsələn, qlobal bazarda neft qiymətlərinin kəskin artması Ermənistanda yanacağın qiymətini 35% artırdı ki, yaşana olay nəqliyyat və kənd təsərrüfatı sektorlarına ciddi zərbə vurdu.
Cənubi Qafqaz Rusiya, Türkiyə, Azərbaycan və Qərb kimi iri oyunçuların maraqlarının toqquşduğu strateji regiondur. Azərbaycanla münasibətlərin inkişafı və iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətində real addımlar atsaydı, 150 milyard barrel neft ehtiyatına malik olan İran regionun enerji sektorunda dominant oyunçulardan biri ola bilərdi. Ancaq rəsmi Bakı ilə təmaslardakı volüntarizm, daha çıq desək, səbatlı strategiyanın yoxluğu, üstəlik Ermənistanın aşkar dəstəklənməsi İranın bu strateji istiqamətdə öz mövqeyini gücləndirmək imkanını əldən verməsinə səbəb oldu.
Unutmayaq ki, 44 günlük İkinci Qarabağ Müharibəsindəki tam kapitulyasiyadan sonra Ermənistan izolyasiya vəziyyətinə düşdü və onun iqtisadi asılılığı İrandan əhəmiyyətli dərəcədə artdı. İran bu fürsətdən istifadə etmək əvəzinə Ermənistanı ruhlandırmağa çalışdı, "İrəvana tam və total dəstək" kimi yanlış taktikanı reallaşdırmağa başladı, Bakı ilə münasibətilərlə əlaqələri normallışdırmaq üçün gərəkli səylər göstərmədi və nəticədə bölgədəki geostrateji proseslərdə mövqelərini zəiflətdi.
Moskvaya gəldikdə isə, Rusiya Ermənistana yanacaq tədarük edən əsas ölkə kimi, NEZ layihəsini öz iqtisadi maraqlarına potensial təhdid kimi görə bilərdi. Bununla belə, Rusiya neftinin Ermənistan bazarındakı dominantlığı artıq uzun müddətdir ki, mübahisəsiz olaraq qalır. NEZ-in yaradılması Rusiya ilə əməkdaşlığı ləğv etməzdi, lakin Ermənistana öz asılılığını müəyyən qədər zəiflətmək üçün əlavə rıçaqlar təqdim edə bilərdi. Bundan başqa, Ermənistanla Rusiya arasında münasibətlərin pisləşdiyi şəraitdə NEZ İrəvan üçün Moskva ilə danışıqlarda manevr imkanları yaradan alətə çevrilə bilərdi.
Ermənilərin "Sünik" dedikləri Qərbi Zəngəzurda neft emalı zavodunun tikintisi layihəsi əslində İrəvanla Tehran üçün əldən verilmiş imkanların simvoluna çevrilib. İran üçün bu, mövcud resurslardan effektiv istifadə etmək və regionda mövqelərini gücləndirmək qabiliyyətinin olmamasının növbəti sübutudur.
Ermənistan üçünsə "layihə" enerji təhlükəsizliyinin təmin olunması və iqtisadiyyatın gücləndirilməsi strategiyasının növbəti uğursuzluğu kimi qiymətləndirilməlidir.
Ermənistan uzunmüddətli siyasət qurmaqda aciz olduğunu yenidən nümayiş etdirir. Struktur problemləri həll etmək əvəzinə, İrəvan diqqəti əsas böhrandan yayındıran mənasız layihələrlə məşğul olur.
Populist və marazmatik təşəbbüslər əvəzinə Nikol Paşinyan iqtidarı iqtisadiyyatın modernizasiyasına, daxili infrastrukturun inkişafına və vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsinə diqqət yetirməli idi. Bunun üçün isə məsuliyyəti öz üzərinə götürə biləcək və şüurlu qərarlar qəbul edən rəhbərlik tələb olunur ki, bəhs olunan məqamlar da Paşinyana və komandasına xas deyil.
Ermənistan öz səhvlərinin girovuna çevrilərək, daha da dərin xaosa və xarici oyunçulardan asılılığa sürüklənir.
Və bu proses sürətlənir...
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре