Ermənistanın çirkləndirdiyi Araz: Hər cavabla mürəkkəbləşən müəmma – İran mediası

İran mediası bildirir ki, Araz çayının Ermənistan tərəfindən davamlı şəkildə çirklənməsi sanki ekosistemin çirkləndiyini əks etdirir.
Day.Az Trend-ə istinadən xəbər verir ki, İran mediası Ermənistanın Araz çayını davamlı şəkildə çirkləndirməklə məşğul olduğunu təsdiqləyən faktlar və araşdırmalarla bağlı yazı dərc edib.
Yazıda çoxlu sayda dövlət və universitet araşdırmaları, aidiyyəti qurumların rəsmiləri, parlament deputatları və universitet professorlarından açıqlamalar alınıb.
Yazıda bildirilir ki, İranda bir çox dövlət sənədləri və universitet araşdırmaları vardır ki, Araz çayının çirklənməsi prosesi uzun müddətdir davam edir. Bu sənədlər və araşdırmalar minimum 15 ildir Araz çayının davamlı şəkildə ağır metallarla çirkləndiyini təsdiqləyir. Belə ki, ağır metalların bu çaya davamlı şəkildə axıdılması onun ətrafında bitki örtüyünə, florasına və canlılarına ciddi şəkildə mənfi təsir göstərir.
Araz çayı, əsasən, Ermənistanın mədənləri və "Metsamor" Atom Elektrik Stansiyasından mənşə alan alüminium, mis, manqan, arsen, qurğuşun və vanadium kimi elementlərlə çirkləndirilir. Ötən ildə Araz çayı üzərində Nurduz keçidindən öncə və sonrakı hissələrdə aparılan araşdırma çayın ağır metallarla çirkləndiyini təsdiqləyir.
Araşdırmaya əsasən, ötən ilin avqust ayında İranın energetika naziri Abbas Əliabadi bildirib ki, içməli suyu təmin etmək məqsədilə Araz çayı suyunun Təbrizə nəql olunmasını elan etdi. O, həmçinin, Culfa, Hadişəhr, Mərənd, Sufian, Şəbistər şəhərlərinin 2,5 milyon əhalisinin bu su ilə təmin olunacağını bildirdi. Bundan öncə isə Şərqi Azərbaycan vilayətinin valisi də Araz çayından Təbrizə suyun nəql olunmasını "strateji proyekt" adlandırmışdı. Halbuki ötən illərin araşdırmaları Araz çayının ağır metallarla ciddi şəkildə çirkləndiyini əks etdirir. Bu məsələ İran dövləti tərəfindən təsdiqlənir. Lakin Araz çayını çirkləndirən tərəf olan Ermənistan bu problemin aradan qaldırılması istiqamətində addım atmır.
Araşdırmalar göstərir ki, İran tərəfində Cananlı kəndi ətrafında Araz çayının suyunda 59 metal və çayın çöküntüsündə 61 metal müəyyənləşdirilib. Müəyyənləşdirilən metallar Ermənistanın Aqarak mis və molibden mədənindən axıdılan metallara uyğundur. Alüminiumun qatılığı ölkənin standartı, ətraf mühit və səhiyyə ölçüsündən artıqdır. Manqanın qatılığı İranın standartlarından yuxarıdır. Çayın suyunda qurğuşunun yuxarı olması içmək və balıqlar üçün təhlükələr yarada bilər.
Araşdırmada deyilir ki, "Metsamor" AES-in Araz çayını çirkləndirməsi ilə regionda mədə xərçəngi kimi xəstəliklər artıb. Bu, xüsusilə Ərdəbil, Şərqi və Qərbi Azərbaycan əyalətlərini əhatə edib. Əhalisinin sayına görə ölkə əyalətləri içərisində 22-ci yeri tutan Ərdəbil mədə-bağırsaq xərçənginə tutulma baxımından birinci yerdədir.
Araşdırmada vurğulanır ki, 2023-cü ilin noyabrında İranla Ermənistan arasında qarşıdakı bir il ərzində Arazın çirklənməsini aradan qaldırmaq barədə razılıq əldə edilsə də, konkret nəticə yoxdur, çirklənmənin səbəbkarı olan Ermənistan tərəfdən hər hansı ciddi addımlar atılmır.
Qeyd edək ki, İran və Azərbaycan mediasında Araz çayının Ermənistan tərəfindən davamlı şəkildə çirkləndirilməsi ilə əlaqədar yazılar və məqalələr dərc olunur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре