Ermənistan üçün son şans: sülh, yoxsa xaos?

Müəllif: Elçin Alıoğlu
Mənbə: Trend
Son aylarda rəsmi İrəvan siyasi ambivalentlik nümayiş etdirərək bir tərəfdən açıq şəkildə sülh çağırışları edir, digər tərəfdən isə Azərbaycanla münasibətlərin normallaşması prosesinə maneələr yaradır. Ermənistan rəhbərliyinin siyasi bəyanatları və konkret addımları göstərir ki, ölkə daxilində hələ də reallığı qəbul etmək istəməyən və xalqı növbəti fəlakətə sürükləməyə hazır olan güclü revanşist qüvvələr mövcuddur.
Bu ikili mövqe bir neçə aspektdə özünü göstərir. Bir tərəfdən baş nazir Nikol Paşinyan sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirir və Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyır. Amma elə həmin İrəvanda onun partiyasının nümayəndələri və Ermənistanın rəsmi strukturları sülh prosesi ilə uzlaşmayan ritorikadan əl çəkmir.
Belə ki, hakim "Vətəndaş müqaviləsi" partiyasının deputatlarından ibarət Ermənistan-Avropa İttifaqı parlament komissiyası Minsk Qrupu və Madrid Prinsiplərinə qayıdışla bağlı qeyri-realist bəyanatları dəstəkləyib ki, yaşanan olay dolayı yolla revanşizmə təhrik deməkdir.
Əsas sual budur: Ermənistan, həqiqətən, sülh istəyirmi, yoxsa yenidən xaosa ümid bəsləyir?
2020-ci ildəki 44 günlük İkinci Qarabağ Müharibəsində məğlub olduqdan sonra Ermənistan siyasi elitasında revanşist meyillər qalmaqda davam edir. Bu, Azərbaycanın diplomatik səylərini bloklamaq üçün istifadə edilən institutları dirçəltmək cəhdlərində və silahlı müqavimətə açıq çağırışlarda özünü büruzə verir.
Revanşizmin bariz nümunələrindən biri Ermənistanın sabiq prezidenti Robert Köçəryanın son bəyanatları oldu. O, açıq şəkildə İrəvanı ATƏT-in Minsk Qrupunun ləğvinə qarşı çıxmağa çağırdı. Halbuki bu qrup artıq öz aktuallığını çoxdan itirib və onilliklər boyu heç bir nəticə əldə etməyib. Fəqət erməni siyasi elitası hələ də bu quruma ümid bəsləyir və Azərbaycan üzərində təzyiq vasitəsi kimi istifadə etməyə çalışır.
Bu, revanşist mövqeyin yeganə nümunəsi deyil. Ermənistan rəhbərliyinin nümayəndələri, o cümlədən, parlament sədri Alen Simonyan, qarabağlı erməni separatçıların 2023-cü ilin sentyabrında Azərbaycan Ordusuna müqavimət göstərməməsindən narazılıq ifadə ediblər. Bu kimi açıqlamalar Ermənistanın hələ də işğal və təcavüzə nostalji duyduğunu, mümkün hərbi revanşla bağlı illüziyalardan imtina etmədiyini sübut edir.
Minsk Qrupu 1992-ci ildə Ermənistan və Azərbaycan arasındakı münaqişənin sülh yolu ilə həlli üçün yaradılmışdı. Amma 30 ilə yaxın fəaliyyəti boyunca heç bir effektiv mexanizm təklif edə bilmədi.
Səbəblər bəlli.
İrəvan Minsk Qrupundan status-kvonu qorumaq və işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması ilə bağlı təşəbbüsləri bloklamaq üçün istifadə edirdi. Həmsədr ölkələr (Fransa, ABŞ və Rusiya) prosesdə koordinasiyasızlıq nümayiş etdirir, bu da qərarların qəbulunu iflic edirdi. Minsk Qrupu 2020-ci ilin iyulunda Ermənistanın hərbi təxribatlarına heç bir reaksiya vermədi, bu isə həmin ilin sentyabr-noyabr aylarında genişmiqyaslı müharibəyə gətirib çıxardı.
Əslində, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı imzalanan vaxt artıq Minsk Qrupu tamamilə funksiyasız idi. Lakin Ermənistan bu gün də onu diplomatik vasitə kimi istifadə etməyə çalışır.
Qarabağdan olan siyasətçi kimi Robert Köçəryan həmişə Azərbaycanla münasibətlərdə sərt xəttin tərəfdarı olub. Onun Minsk Qrupunu bərpa etmək cəhdi bir neçə amilə əsaslanır:
1. Ermənistanı keçmişə qaytarmaq istəyi - Köçəryan hesab edir ki, Minsk Qrupu vasitəsilə sülh prosesini yenidən sonsuz gecikdirmək mümkündür.
2. Azərbaycan üzərində beynəlxalq təzyiq illüziyası - Ermənistan ümid edir ki, Qərb Minsk Qrupunu danışıqlara yeni tələblər əlavə etmək üçün alət kimi istifadə edə bilər.
3. Erməni diasporasını səfərbər etmə cəhdi - Köçəryan erməni lobbisini "mübarizənin bitmədiyinə" və Qərbin yenidən dəstək verə biləcəyinə inandırmağa çalışır.
Reallıqda isə Minsk Qrupunun ləğv edilməsi artıq geri dönüşü olmayan bir prosesdir. Rusiya onun aktuallığını itirdiyini rəsmən bəyan edib, ABŞ və Fransa isə 2023-cü ildən etibarən bu qurumla bağlı istənilən fəaliyyəti faktiki olaraq dayandırıblar. Buna görə də Köçəryanın Minsk Qrupunu dirçəltmək cəhdləri yalnız keçmişə yapışmaqdan başqa bir şey deyil.
2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda birgünlük antiterror əməliyyatı keçirdi və bunun nəticəsində qanunsuz separatçı qurum tamamilə məhv edildi. Təbii ki, İrəvanda bu hadisəyə dair açıq-aşkar radikal bəyanatlar səsləndi. Alen Simonyan separatçıların "son nəfəsinədək müqavimət göstərməli olduqlarını" bəyan etdi ki, bu da, əslində, müharibənin davam etdirilməsinə çağırış deməkdir.
Ermənistanın xüsusi tapşırıqlar üzrə keçmiş səfiri Edmon Marukyan qarabağlı erməni separatçılarını "Qarabağı təslim etməkdə" açıq şəkildə günahlandırdı. Köçəryan və Sərkisyanın tərəfdarları, müharibənin nəticələrini tanımamağa və onu yenidən nəzərdən keçirmək üçün "alternativ yollar" axtarmağa çağırdılar. Erməni diasporasının radikal nümayəndələri, o cümlədən, Ermənistanın hərbi dəstəyinin gücləndirilməsini tələb edən təşkilatlar da fəallaşıblar.
Nikol Paşinyanın sülhə can atdığına dair bəyanatlarına baxmayaraq, İrəvan intensiv şəkildə silahlanmağa davam edir. Belə ki, 2023-2024-cü illərdə Ermənistan Fransadan müasir hava hücumundan müdafiə sistemləri və artilleriya aldı. 2023-cü ildən etibarən Ermənistan NATO strukturlarına hərbi inteqrasiyanı həyata keçirməyə başlayıb və birgə təlimlər keçirir. Hücum dronları və zirehli texnika alaraq, hərbi kursunu davam etdirdiyini açıq şəkildə göstərir. Göründüyü kimi, Ermənistandakı revanşist meyillər təkcə ritorika ilə deyil, eyni zamanda mümkün eskalasiyaya hazırlıq məqsədilə atılan konkret addımlarla da dəstəklənir.
44 günlük İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Ermənistana bəlli prinsiplər əsasında sülh müqaviləsi imzalamağı təklif etdi. Həmin prinsiplər hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü tanıması, şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyası, habelə nəqliyyat kommunikasiyalarının açılması idi. Ancaq İrəvan konkret addımlardan yayındığı kimi, revanşist ritorika da danışıqları çətinləşdirir.
Revanşist meyillərin yaratdığı təhlükələrdən biri də Ermənistanın Qərb strukturlarından Rusiya və Azərbaycana qarşı istifadə etmək istəyidir. Qərb hazırda MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) təzyiqləri artıraraq Rusiyanın regiondan çıxarılmasına can atır. Fransa Ermənistanı faktiki olaraq birbaşa hərbi əməkdaşlığa cəlb edib. ABŞ-dəki erməni lobbisi aktivləşərək Bakıya qarşı sanksiyaların tətbiq olunmasına can atır.
Ermənistanda revanşist meyillər regionun sabitliyi üçün ciddi təhdid olaraq qalır. ATƏT-in Minsk Qrupunun yenidən bərpasına dair cəhdlər və separatçıları "lazımi müqavimət göstərməməkdə" ittiham etmək Ermənistan elitasının 2020-ci ilin məğlubiyyətindən nəticə çıxarmadığını nümayiş etdirir. Əgər Ermənistan, həqiqətən, sülh istəyirsə, revanşist ritorikadan imtina etməli, yeni sərhədlərin reallığını qəbul etməli və hərbi fantaziyalardan əl çəkərək ölkəsinin inkişafına fokuslanmalıdır.
Bu arada, erməni siyasətinin ikili standartlarını göstərən başqa bir əsas məqam da Azərbaycanın hərbi cinayət törətmiş erməni hərbçiləri üzərində apardığı məhkəmə proseslərinə İrəvanın reaksiyasıdır. Bu məhkəmələr Ermənistanın hərbi cinayətlərdə, o cümlədən etnik təmizləmələrdə, mülki əhalinin qətlində və Azərbaycan ərazilərinin dağıdılmasında iştirakını açıq şəkildə ifşa edir. Buna görə də, rəsmi İrəvan Azərbaycan məhkəmə sistemini gözdən salmağa çalışır, bu prosesləri "siyasiləşdirilmiş" adlandırır və Bakını "etnik təmizləmə"də ittiham edir.
Halonki faktlar təkzibolunmazdır. Çünki Qarabağın işğalı dövründə erməni silahlı qüvvələri 900-dən çox yaşayış məntəqəsini tamamilə dağıdıb, məscidləri, qəbiristanlıqları, məktəbləri, xəstəxanaları və digər infrastrukturu məhv edib. 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi. Azad edilmiş ərazilərdə kütləvi məzarlıqlar aşkar edildi, burada erməni hərbçiləri tərəfindən qətlə yetirilmiş yüzlərlə azərbaycanlının qalıqları tapıldı.
İndi, cinayətkarlar məhkəmə qarşısında cavab verməli olduğu halda, İrəvan 30 illik işğalın məşum həqiqətlərinin üzə çıxacağından qorxaraq, Azərbaycan ədalətini əvvəlcədən gözdən salmağa çalışır.
Avropa İttifaqının (Aİ) Ermənistanda yerləşdirdiyi mülki müşahidə missiyası (EUMA) Qərbin regionda nüfuzunu artırmaq və Ermənistan-Azərbaycan münasibətlərini gərginləşdirmək məqsədilə geosiyasi oyunun bir hissəsinə çevrildiyini də unutmayaq. Brüsselin bu missiyanı "sülhməramlı" kimi təqdim etməsinə baxmayaraq, onun fəaliyyəti vəziyyətin gərginləşməsinə və sülh danışıqlarının perspektivlərinin zəifləməsinə xidmət edir.
Aİ missiyası (EUMA) 2023-cü ilin yanvarında İrəvanın tələbi ilə və Azərbaycanın razılığı olmadan Ermənistanda yerləşdirildi. Bu, beynəlxalq praktikanın pozulmasıdır, çünki sərhəd monitorinq missiyalarının yerləşdirilməsi, adətən, hər iki tərəfin razılığı ilə həyata keçirilir. Lakin Bakı Avropa müşahidəçilərini nəinki dəvət etmədi, hətta onların mövcudluğuna rəsmi şəkildə etirazını bildirdi.
Mandata əsasən, missiya gərginliyi azaltmaq və müşahidə aparmaq üçün yaradılmışdı, lakin reallıqda onun hesabatları birtərəfli xarakter daşıyır və həqiqi vəziyyəti əks etdirmir. Belə ki, onların hesabatlarında Ermənistanın təxribatları, atəşkəs rejiminin pozulması və sərhəd bölgələrinə silah daşınması barədə məlumatlar yer almır.
Avropa İttifaqı, xüsusən də Fransa və Almaniya ənənəvi olaraq Ermənistanı dəstəkləyən mövqe tutur. Bu, İrəvana siyasi, maliyyə və hərbi dəstək vermələrində açıq şəkildə görünür. Məsələn, Fransa 2023-2024-cü illərdə Ermənistana silah tədarükü təşəbbüsünü irəli sürdü ki, bu da Aİ-nin elan etdiyi "sülhməramlı" missiyasına ziddir.
EUMA, həmçinin, digər Qərb strukturları ilə əlaqəli fəaliyyət göstərir. 2023-cü ilin sentyabrında İrəvan NATO ilə əməkdaşlığı genişləndirmək barədə saziş imzaladı ki, bu da Ermənistanın Qərbin hərbi-siyasi mexanizmlərinə dərin inteqrasiyasını təsdiqləyir. Beləliklə, Avropa müşahidəçilərinin mövcudluğu sadəcə "mülki" missiya deyil, Qərbin regiondakı təsirini gücləndirmək strategiyasının bir hissəsidir.
Aİ missiyasının fəaliyyətində ən təhlükəli məqamlardan biri onun Ermənistanın Azərbaycan əleyhinə təxribatlarını qanuniləşdirmək rolunu oynamasıdır.
2023-2024-cü illər ərzində Ermənistan hakimiyyəti dəfələrlə Azərbaycanı sabitliyi pozan tərəf kimi təqdim etməyə çalışıb. Məsələn, 2023-cü ilin oktyabrında Ermənistan guya Azərbaycan Ordusunun onun ərazisinə "soxulması" barədə iddialar irəli sürdü, lakin peyk görüntüləri bu iddiaları təkzib etdi.
Bununla yanaşı, Aİ missiyası Ermənistanın aşağıdakı təxribatlarını tamamilə gözardı etdi:
1. Mina terroru: 2023-cü ildə Ermənistanın diversiya qrupları tərəfindən Azərbaycanın ərazisinə yerləşdirilmiş yüzlərlə mina zərərsizləşdirildi.
2. Silahlı hücumlar: 2023-cü ilin iyun-noyabr aylarında Ermənistan tərəfindən Azərbaycan mövqeləri 200-dən çox dəfə atəşə tutuldu.
3. Hərbi texnikanın cəmləşdirilməsi: Peyk görüntüləri göstərirdi ki, Ermənistan sərhəd bölgələrində hərbiləşməni davam etdirir.
Bütün bu faktlara baxmayaraq, Aİ missiyası vəziyyəti obyektiv qiymətləndirmək üçün heç bir addım atmadı.
Avropa müşahidəçilərinin mövcudluğu Ermənistana yalançı təhlükəsizlik hissi aşılayır. İrəvan hesab edir ki, münaqişə yenidən alovlanacağı təqdirdə Qərb onun tərəfini tutacaq. Bu isə erməni hakimiyyətini daha radikal addımlar atmağa sövq edir.
Məsələn, 2023-cü ilin noyabrında Ermənistan sərhədə qoşun və hərbi texnika yığdığı zaman Azərbaycan öz mövqelərini möhkəmləndirmək üçün adekvat tədbirlər gördü. Aİ müşahidəçiləri bu prosesi Ermənistana sərf edən şəkildə izah edərək, Bakını "gərginliyi artırmaqda" günahlandırdılar.
Avropa missiyasının mövcudluğu Qərbin Ermənistanı öz orbitinə çəkmək strategiyasının bir hissəsidir. Xatırladaq ki, 2023-cü ildə Aİ Ermənistana əməkdaşlıq proqramları çərçivəsində 270 milyon avrodan çox vəsait ayırdı. Fransa və ABŞ 2024-cü ildə Ermənistan ordusuna zirehli texnika və rabitə vasitələri tədarük edəcəklərini elan etdilər. Üstəlik, Ermənistan Aİ-də qeyri-rəsmi şəkildə "namizəd statusu" olan ölkələrdən biri kimi müzakirə edilir.
Bütün bu addımlar Ermənistanı Rusiyadan uzaqlaşdırmağa və Qərbin hərbi-siyasi strukturuna inteqrasiya etməyə yönəlib ki, bu da Moskva və Bakının regiondakı mövqelərini zəiflədir.
EUMA-nın digər əsas məqsədi Rusiyanın regiondakı təsirini azaltmaqdır. İrəvan Moskvanı "Azərbaycanın aqressiyasına" göz yummaqda günahlandıraraq, onu etibarsız tərəfdaş kimi təqdim etməyə çalışır. 2023-cü ildə Ermənistan KTMT-dəki fəaliyyətini faktiki olaraq dondurdu və Rusiya ilə birgə hərbi təlimlərdən imtina etdi. Maraqlıdır ki, bu, eyni zamanda, Aİ-nin regionda fəallığının artması ilə üst-üstə düşdü.
Aİ missiyasının Ermənistanda mövcudluğu sülhə töhfə vermir, əksinə, əlavə risklər yaradır. Bu missiya Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə olunur, Ermənistanın təxribatlarını ört-basdır edir və regionda Qərbin təsirini gücləndirir və geosiyasi balansı pozur.
Əgər Qərb, həqiqətən, sabitlik istəyirsə, o zaman missiyanın mandatını yenidən nəzərdən keçirməli və tərkibinə neytral tərəflərin nümayəndələrini daxil etməli, Ermənistanı əldə olunmuş razılaşmalara riayət etməyə məcbur etməli, həmçinin, İrəvana birtərəfli dəstək siyasətindən əl çəkməlidir, çünki bu, yalnız yeni gərginlik dalğasına səbəb olur.
Əks halda, Aİ missiyası sülhməramlı deyil, Cənubi Qafqazın sabitliyinə qarşı yönəlmiş geosiyasi alət olaraq qalacaq.
Fəqət tarix artıq sübut edib: Qərb Ermənistanı xilas etməyəcək.
Erməni siyasi elitası xarici siyasət strategiyasını ABŞ və Fransadan yardım gözləmək kimi yanlış ümidlər üzərində qurmağa davam edir. Lakin son hadisələr aydın şəkildə göstərdi ki, Ermənistan Qərbin əsas prioritetləri arasında deyil. ABŞ açıq şəkildə Cənubi Qafqazdakı vəziyyətə müdaxilə etməyəcəyini bildirdi və diqqətini digər geosiyasi istiqamətlərə yönəltdi. Fransa daxili böhranlarla üz-üzədir - küçə etirazları, iqtisadi problemlər və Emmanuel Makronun populyarlığının enməsi Parisin Ermənistana real dəstək göstərmək iqtidarında olmadığını sübut edir. Fransız siyasətçilərinin bütün bəyanatları sadəcə diplomatik jestlərdir. Bununla yanaşı, İrəvanın strateji tərəfdaş hesab etdiyi Rusiya və İran Ermənistanın Qərblə yaxınlaşmasına qarşı sərt mövqe nümayiş etdirir.
Kreml artıq göstərib ki, "qardaşlıq" oyunu oynamaq niyyətində deyil və Ermənistanın Qərblə gizli əlaqələrinə dözməyəcək. Tehran açıq şəkildə bəyan edib ki, Ermənistanın Qərbin regiona nüfuz etməsinə yardım edəcəyi təqdirdə sərt cavab tədbirləri görəcək.
Nəticə etibarilə, Ermənistan Qərbin ona real dəstək verməyəcəyini nə qədər tez anlasa, bir o qədər tez daxili problemlərini həll etməyə və qonşuları ilə sülh münasibətləri qurmağa başlaya bilər. Əks halda, erməni rəhbərliyi öz xalqını yenidən qeyri-müəyyən gələcək və təcrid olunmuş vəziyyətə sürükləyəcək.
Ermənistan sərt seçim qarşısındadır: ya revanşist ritorikaya tamamilə son qoyur, Azərbaycana qarşı ərazi iddialarından imtina edir və real şəkildə regional iqtisadi və siyasi layihələrə inteqrasiya etməyə başlayır, ya da tam təcridə sürüklənir.
Bunun üçün İrəvan Konstitusiyaya dəyişikliklər edərək Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaları ehtiva edən bütün müddəalar çıxarılmalı, silahlanma yarışına son qoymalı və Qərb himayədarlarından alınmış silahlar geri qaytarmalı, Minsk Qrupu, Madrid Prinsipləri və digər aktuallığını itirmiş mexanizmlərdən istifadə etməklə beynəlxalq strukturlarla manipulyasiyalara son verməli, regionda dağıdıcı rol oynayan Aİ müşahidə missiyasını Ermənistan ərazisindən çıxarmalı, beynəlxalq normalara uyğun olaraq Qərbi Azərbaycandan qovulmuş azərbaycanlı qaçqınların öz doğma torpaqlarına qayıdışı təmin etməlidir.
Əgər Ermənistan Qərbin himayəsinə arxalanaraq ikili standartlar siyasətini davam etdirsə, bu, onun siyasi, iqtisadi və geosiyasi fəlakətini daha da sürətləndirəcək. İrəvan illüziyaları tərk etməli və anlamalıdır: revanşizm erməni dövlətçiliyinin tam süqutuna aparan yoldur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре