Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdış strategiyasına hər kəsin töhfə verməsi çox vacibdir - Sevil Mikayılova

Prezident İlham Əliyevin irəliyə sürdüyü Qərbi Azərbaycana qayıdış strategiyası ətrafında hər birimizin dərindən düşünməyimiz və bundan sonra da töhfə verməyimiz çox vacibdir.
Day.Az xəbər verir ki, bunu Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Sevil Mikayılova komitənin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsi"nin müzakirəsində çıxışı zamanı deyib.
Deputat bildirib ki, Ombudsmanın məruzəsi kifayət qədər hərtərəfli və mükəmməl hazırlanıb, vətəndaşların həyat fəaliyyətinin bütün sahələrini əhatə edir. Qərbi Azərbaycandan qovulmuş və qaçqın vəziyyətinə salınmış azərbaycanlıların hüquqlarının bərpa olunması ilə bağlı hissəyə toxunararq millət vəkili məsələ ilə bağlı məhkəmə-hüquq müstəvisində iş görülməsinin vacibiyini bildirib.
"Ombudsmanın məruzəsində qeyd olunur ki, Ermənistan əhalinin zorla köçürülməsinin insanlıq əleyhinə cinayət kimi təsbit olunduğu Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutuna qoşulmasına baxmayaraq, o, öz üzərinə düşən məsuliyyəti yerinə yetirmir.
Azərbaycan adıçəkilən sənədə qoşulmayıb, amma zərərçəkən tərəfdir.
"Bu məsələ ətrafında xüsusi olaraq düşünməyimiz zəruridir, adekvat və yaxud paralel hansısa addımların atılması çox vacibdir ki, beynəlxalq məhkəmə instansiyalarında Qərbi Azərbaycandan qovulmuş şəxslərin hüquqlarını hərtərəfi şəkildə qoruya bilək".
Millət vəkili çıxışında hesabatda əksini tapan təhsil hüquqları ilə bağlı hissəyə də diqqət çəkib.
"Orta məktəbdə natamam orta təhsil 9 il nəzərdə tutulub və əgər 9-cu sinifi bitirən şəxslər təhsildə yüksək nəticələr göstərmirlərsə, onlar 11 illik təhsilə qədəm qoymurlar və təhsillərini dayandırmalı olurlar.
Biz əgər nəzərə alsaq ki, Azərbaycanda əmək qanunvericiliyinə əsasən, əmək münasibətləri 18 yaşından sonra tənzimlənir (istisna hallarda valideynlərin icazəsi ilə 15 yaş), o zaman bu müddət ərzində bir boşluq yaranır. Yəni, ya bu şəxslər peşə təhsilinə cəlb olunmalıdırlar, necə ki, əvvəllər belə bir praktika var idi, ya da ki, onların əmək fəaliyyətinə cəlb olunması üçün qanunvericiliyimizdə müəyyən dəyişikliyin olması çox vacibdir".
Milli Məclisin deputatı məruzədə yer alan gender bərabərliyinin təminatları ilə bağlı hissəyə də öz təkliflərini səsləndirib.
"Xüsusi olaraq məruzədə qeyd olunur ki, Bakı Dövlət Universitetində "Genderə giriş" fənni tədris edilib və o davam edəcək. Əgər bu fənnin mütləq şəkildə bizim təhsil sistemimizə daxil olması ilə bağlı qərar vermişiksə, o zaman nəzərə almalıyıq ki, hamı ali təhsil hüququ qazanmır. Ona görə orta məktəb proqramında biz bu fənnin və yaxud bu mövzunun hər hansı bir fənn daxilində keçilməsinə, onun bu təhsil pilləsində nəzərə alınmasına nail olmalıyıq", - deyə deputat əlavə edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре