Milli Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyəti Brüsseldə işgüzar səfərdədir - FOTO

Milli Məclisin NATO Parlament Assambleyasındakı nümayəndə heyəti deputat Ramid Namazovun rəhbərliyi altında 2025-ci il martın 6-8-də Brüssel şəhərində işgüzar səfərdədir.
Bu barədə Day.Az-a Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyindən məlumat verilib.
Bildirilib ki, heyət Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin məsul şəxslərinin də iştirakı ilə NATO Parlament Assambleyasının Katibliyində və NATO-nun mənzil-qərargahında ikitərəfli görüşlər keçirib.
NATO Parlament Assambleyasının Katibliyinə səfər çərçivəsində heyət qurumun Baş katibi, Müdafiə və təhlükəsizlik komitəsinin direktoru, Demokratiya və təhlükəsizlik komitəsinin direktoru, Siyasi komitənin direktoru və Elm və texnologiya komitəsinin direktoru ilə görüşlər keçirib. Görüşlər zamanı Azərbaycanla NATO arasında əməkdaşlığın parlamentlərarası müstəvidə inkişafına dair məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Nümayəndə heyətinin NATO-nun mənzil-qərargahında keçirilən görüşləri çərçivəsində Təşkilatın İctimai diplomatiya idarəsinin Əlaqələr bölməsinin rəhbəri, Siyasi məsələlər və təhlükəsizlik siyasəti idarəsinin tərəfdaşlıq və qlobal məsələlər bölməsinin direktoru və həmin idarənin Tərksilah və kütləvi qırğın silahlarının yayılmaması bölməsinin Silahlara nəzarət şöbəsinin rəhbəri ilə NATO-Azərbaycan əlaqələrinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Görüşlər zamanı Azərbaycan-NATO tərəfdaşlığının 30-cu ildönümü çərçivəsində 2024-cü il üzrə əməkdaşlıq böyük məmnuniyyətlə qarşılanıb, Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində Azərbaycan-NATO tərəfdaşlığı, Azərbaycanın NATO-nun rəhbərlik etdiyi sülhməramlı əməliyyatlara və Avropanın enerji təhlükəsizliyinə töhfəsi yüksək qiymətləndirilib. Görüşdə həmçinin Azərbaycanın nəqliyyat infrastrukturunun qlobal nəqliyyat xəritəsində rolundan bəhs edilib.
Azərbaycan nümayəndə heyəti Silahlara nəzarət şöbəsinin rəhbəri rəhbəri ilə görüşü zamanı Azərbaycanın üzləşdiyi mina problemi və onun həlli istiqamətində NATO-nun maliyyə və texniki yardımı, həmçinin müasir texnologiyaların öyrənilməsi və yeni metodların tətbiqi kimi məsələlər müzakirə edilib. 2020-ci ilin noyabrından bugünədək 383 mülki vətəndaşımızın mina partlamaları nəticəsində həlak olması və ya yaralanması, minaların keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını və həmin ərazilərdə bərpa-yenidənqurma işlərinin aparılmasını ciddi şəkildə ləngitməsi, eləcə də minaların humanitar, iqtisadi və ekoloji fəsadlarından ətraflı şəkildə məlumat verilib.
Bundan əlavə, tərəflər arasında humanitar minatəmizləmə sahəsində qarşılıqlı təcrübə mübadiləsi də geniş şəkildə müzakirə edilib.
NATO mənzil-qərargahına səfəri çərçivəsində nümayəndə heyəti həmçinin Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyini də ziyarət edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре