Qlobal Bakı Forumunda “Yeni dünya düzənində orta güclər” mövzusunda panel iclası keçirilib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda XII Qlobal Bakı Forumu martın 14-də işini panel iclaslarla davam etdirir.
Day.Az xəbər verir ki, Ekvadorun xarici işlər naziri Mariya Fernando Espenazonun moderatorluğu ilə keçirilən sessiya "Yeni dünya düzənində orta güclər" mövzusuna həsr edilib.
Sessiyada çıxış edən Bolqarıstanın xarici işlər naziri Georq Georqiyev qeyd edib ki, Avropa və Avropa İttifaqı ABŞ administrasiyası ilə konstruktiv və strateji əməkdaşlığı davam etdirməlidir.
"Avropa və Avropa İttifaqı ABŞ administrasiyası ilə konstruktiv və strateji əməkdaşlığı davam etdirməlidir. Əgər biz, həqiqətən, ümumi məqsədə - BMT Nizamnaməsi və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq Ukraynada hərtərəfli, ədalətli və uzunmüddətli sülhə - nail olmaq istəyiriksə, bu, siyasi zərurətdir", - deyə nazir qeyd edib.
Georqiyev vurğulayıb ki, ümumi dəyərlər və sülhə can atmaq əsasında qurulan möhkəm tərəfdaşlıq beynəlxalq münasibətlərdə həlledici rol oynayır.
"İkinci Dünya Müharibəsindən sonra sülh, sabitlik və rifahın təmin olunmasında həlledici rol oynamış Avropa İttifaqı və ABŞ arasındakı strateji tərəfdaşlıq, bu gün hər zamankından daha böyük önəm kəsb edir", - deyə o əlavə edib.
Avstriyanın 2000-2004-cü illərdə Xarici İşlər naziri, 2004-2009-cu illərdə Avropa İttifaqının Xarici Əlaqələr və Qonşuluq Siyasəti üzrə komissarı, 2009-2010-cu illərdə isə Aİ Ticarət və Qonşuluq Siyasəti üzrə komissarı olmuş Benita Ferrero-Valdner qeyd edib ki, orta gücə malik dövlətlər beynəlxalq idarəetməyə əhəmiyyətli dərəcədə təsir göstərə, həmçinin qlobal koalisiyaların yaradılmasında mühüm rol oynaya bilər.
Onun sözlərinə görə, orta gücə malik dövlətlər mühüm regional təsirə və strateji müstəqilliyə sahibdirlər ki, bu da onların aparıcı dünya gücləri ilə çoxtərəfli əlaqələr qurmasına şərait yaradır, eyni zamanda həmin güclərin təzyiqinə tabe olmadan müstəqilliklərini qorumalarına imkan verir. Bu beynəlxalq danışıqlara təsir etmək və qlobal idarəetmə strukturlarına töhfə vermək üçün imkanlar yaradır.
"Orta gücə malik dölətlər beynəlxalq idarəetməni dəyişdirə, qlobal idarəetməyə inamın bərpasına əhəmiyyətli töhfə verə bilərlər ki, bu da siyasi böhrn və çoxqütblü dünya şəraitində xüsusilə vacibdir",- deyə o qeyd edib.
Ferrero-Valdner vurğulayıb ki, belə ölkələr inkişaf etməkdə olan dövlətlər və BRİKS, Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) kimi alternativ institutlarla koalisiyalar yarada bilər ki, bu da iqtisadi və təhlükəsizlik əməkdaşlığı üçün yeni imkanlar açır.
Öz növbəsində, Azərbaycan Xarici İşlər Nazirinin müavini Elnur Məmmədov qeyd edib ki, ölkələr müstəqil qərarlar qəbul etmək imkanı əldə etmək üçün dayanıqlı iqtisadiyyata sahib olmalıdır.
"Müstəqil qərarlar qəbul etmək və milli maraqları önə qoymaq imkanı əldə etmək üçün əlbəttə ki, dayanıqlı iqtisadiyyatın olması lazımdır. Və biz məhz belə bir iqtisadiyyatı son 30 ildə Azərbaycanda qurmuşuq. Əgər bu yoxdursa, əgər strateji müstəqilliyiniz və iqtisadi azadlığınz yoxdursa, siz müstəqil qərarlar qəbul edə bilməyəcəksiz vəöz ölkənizin maraqlarını nəzərə ala bilməyəcəksiz", - deyə nazir müavini bildirib.
Onun sözlərinə görə, resurslardan və geostrateji mövqedən düzgün istifadə etməyi bacarmaq lazımdır.
"Qaydalar heç də hər zaman hər bir vəziyyətdə kömək etmir və biz yalnız BMT-də və ya Təhlükəsizlik Şurasında qətnamələrin qəbul edilməsini deyil, eyni zamanda yerində real dəyişikliklərə səbəb olacaq həll yollarını tapmağa çalışırıq. Və məhz bu, Azərbaycan üçün qarşıya çıxan bir məsələyə çevrildi, çünki illər boyu ölkəmiz Ermənistan tərəfindən silahlı təcavüzə məruz qaldı və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi heç bir dəyişikliyə gtirib çıxarmadı", - E. Məmmədov deyib.
2019-2022-ci illərdə Latviyanın sabiq müdafiə naziri Artist Pabriks bildirib ki, kiçik və orta gücə malik ölkələr ədalətli dünya düzəninin axtarışında mühüm rol oynayır.
Sabiq nazirin sözlərinə görə, dünya hazırda keçid dövrünü yaşayır - köhnə düzən hələ başa çatmayıb, yeni düzən isə hələ tam formalaşmayıb
"Pis xəbər ondan ibarətdir ki, yeni dünya düzəni və ya mövcud dünya düzəninin yoxa çıxması hələlik son nöqtəsinə gəlib çatmayıb və vəziyyət, ola bilsin pisləşsin. Lakin ölçülərindən asılı olmayaraq, bütün ölkələrin hörmət etməli olduğu qanunlara əsaslanan ədalətli dünya düzəni gec-tez bərqərar olacaq", - deyə Artis Pabriks bildirib.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре