Azərbaycanın uğurlarını və yüksəlişini dünyaya tanıdan platforma

Bu günlərdə respublikamız növbəti dəfə Qlobal Bakı Forumuna ev sahibliyi etdi.
Day.Az xəbər verir ki, artıq 12-ci dəfə keçirilən bu Forum dünyanı düşündürən aktual problemlərin həlli yollarını araşdıran, bu barədə dünya ictimaiyyətini məlumatlandıran siyasi platformadır. Qlobal Bakı Forumu həm də Azərbaycanın uğurlarını və yüksəlişini dünyaya tanıdan mühüm tədbir kimi özünü göstərməkdədir.
Qlobal Bakı Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən etibarən təşkil olunur. Artıq gözəl bir ənənəyə çevrilən bu Forumun siyasi və qlobal əhəmiyyətini, çəkisini artıran ən vacib amil onun Azərbaycan Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilməsidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin yüksək beynəlxalq nüfuzu bu tədbirə bütün dünyada böyük marağın və diqqətin olmasını şərtləndirir. Elə bu səbəbdən də Qlobal Bakı Forumunda onlarla ölkədən görkəmli dövlət xadimləri - prezidentlər, baş nazirlər, tanınmış siyasətçilər, diplomatlar iştirak edirlər. Bu amilin özü, yəni tanınmış dövlət və siyasi xadimlərinin iştirakı ilə keçirilməsi də beynəlxalq səviyyədə Qlobal Bakı Forumuna olan marağı daha da artırır. İndiyədək keçirilən forumların statistik göstəriciləri təsdiq edir ki, ildən ilə müzakirələrdə iştirak edənlərin sırası daha da genişlənib. Bu da Foruma dünyada artan marağın bariz göstəricisidir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi Qlobal Bakı Forumu qlobal gündəlikdəki mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinə çevrilib.
Bu tədbirin məhz Bakıda keçirilməsi isə Azərbaycana dünya miqyasında verilən böyük önəmin bariz nümunəsidir. Coğrafi baxımdan Şərq ilə Qərbin kəsişməsində yerləşən Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizin dünyada siyasi dialoqların qurulmasında mühüm rol oynadığını nümayiş etdirir. Məhz Bakıda siyasi liderlərin, politoloqların, nüfuzlu dövlət xadimlərinin iştirakı ilə dünyanı narahat edən ən aktual məsələlər müzakirə olunur. Forumun dövlətlərarası əməkdaşlığa, siyasi münasibətlərə konstruktiv töhfə verdiyi, qarşılıqlı siyasi anlaşma üçün əlverişli şərait yaratdığı şübhəsizdir. O cümlədən xalqımızın qədim tarixi, zəngin mədəniyyəti, tolerantlığı barədə vaxtilə yetərincə məlumatı olmayanlar bu cür tədbirlər vasitəsilə Azərbaycanı daha yaxından tanıyır və onun artan gücünün, beynəlxalq nüfuzunun şahidinə çevrilirlər.
Martın 13-dən-15-dək keçirilən XII Qlobal Bakı Forumu "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusuna həsr olunmuşdu. Forumda 400-ə yaxın iştirakçı, o cümlədən ən azı 50 fəaliyyətdə olan və sabiq prezident, Baş nazir, həmçinin BMT strukturlarının rəhbərləri, alimlər və ekspertlər iştirak etdilər. Onların iştirakı ilə keçirilən panel iclasların hər birində müasir dünyanı dərindən düşündürən aktual məsələlər ətrafında müzakirələr aparıldı, diskussiyalar keçirildi.
Qeyd etdiyim kimi cür tədbirlər Azərbaycanı dünyaya daha yaxından tanıdır. Bu baxımdan cənab Prezident İlham Əliyevin bu forumların açılış mərasimlərindəki çıxışları Azərbaycanın ən mükəmməl təqdimatı olmaqla, hər zaman mühüm siyasi hadisəyə çevrilir. Cənab Prezidentin XII Qlobal Bakı Forumundakı çıxışı da bu baxımdan əlamətdar oldu. Əhatəli və dərin məzmunlu çıxışında cənab Prezident İlham Əliyev Azərbaycanın qlobal proseslərdə iştirakı, beynəlxalq təzyiqləri qətiyyətlə dəf etməsi, üzləşdiyimiz ədalətsizliklər, Ermənistanın işğal siyasəti, ərazi bütövlüyümüzün və milli suverenliyimizin bərpası, Qərbin regionda vəziyyəti gərginləşdirmək cəhdləri kimi məsələlərə toxundu. Xüsusilə qeyd etməliyik ki, Cənab Prezidentin qeyd etdiyi bütün məsələlər həm də XII Qlobal Bakı Forumunun müzakirəyə çıxardığı dünyanın yeni geosiyasi düzəni mövzusu ilə mütənasiblik təşkil etdi.
Ümumilikdə Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumundakı çıxışı Azərbaycan dövlətinin nailiyyətlərinin, üzləşdiyi ədalətsizliklərə qarşı qətiyyətli mübarizəsinin növbəti möhtəşəm təqdimatı idi. Beynəlxalq ictimaiyyət bir daha Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) və dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatının fəaliyyətinə vermiş olduğu töhfələr barədə məlumatlandırıldı. Eyni zamanda Azərbaycanın öz ərazilərini işğaldan azad etməklə BMT-nin Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan qətnamələrini icra etdiyi tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu gün ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası nəinki Azərbaycan xalqının güclü iradəsinin təzahürüdür, o cümlədən beynəlxalq ədalətin nümayişidir.
Eyni zamanda cənab Prezident XII Qlobal Bakı Forumunun tribunasından Fransa başda olmaqla Qərb siyasi dairələrinin yaranmış yeni reallıqlar fonunda yürütdükləri riyakar siyasətini ifşa etdi. Bu gün bəzi Avropa bürokratlarının Ermənistanın keçmişdə nələr etdiyini, hansı cinayətləri törətdiyini görməzdən gələrək onu sülh göyərçini kimi təqdim etməyə çalışmaları, Fransanın bu ölkəni silahlandıraraq yenidən müharibəyə sürükləməsi, Avropa İttifaqının Azərbaycanla sərhədə monitorinq adı altında kəşfiyyat missiyası göndərməsi riyakarlıqdan başqa bir şey deyil. Prezident İlham Əliyev Forumdakı çıxışında bütün bunlar barədə bəhs etməklə əsil həqiqətləri, habelə USAID kimi təşkilatların, korrupsioner Bob Menendez, eləcə də Adam Şif, Frenk Pallone, Nensi Pelosi kimi şəxslərin ABŞ-dakı erməni diasporundan pul alaraq Azərbaycanı gözdən salmağa çalışdıqlarını XII Qlobal Bakı Forumunun iştirakçılarının diqqətinə çatdırdı.
Beləliklə, auditoriyasının əsasən siyasi və dövlət xadimlərindən ibarət olması onu deməyə əsas verir ki, Qlobal Bakı Forumu respublikamızın üzləşdiyi ədalətsizliklərin dünyaya çatdırılması baxımından olduqca mühüm platformadır. Belə bir tədbirin həm də indiki gərgin qlobal şəraitdə, dünya düzəninin dəyişikliklərə məruz qaldığı, yeni çağırışların meydana çıxdığı bir dövrdə ölkəmizdə keçirilməsi böyük əhəmiyyət kəsb edir. Ümumilikdə isə XII Qlobal Bakı Forumu bir daha nümayiş etdirdi ki, bütün dünyada qəbul olunan norma və prinsiplərə hörmətlə yanaşan Azərbaycan qlobal aktuallıq kəsb edən məsələlərin müzakirələrinin aparılması, problemlərin həlli yollarının axtarılması baxımından ən mötəbər ünvandır.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре