Müstəmləkə irsi Fransız Qvianasının milli kimliyinə və mədəniyyətinə təsir etməyə davam edir

Müstəmləkə irsi Fransız Qvianasının milli kimliyinə və mədəniyyətinə təsir etməyə davam edir.

Trend xəbər verir ki, bunu bu gün Dekolonizasiya və Sosial Azadlıq Hərəkatının üzvü (Fransız Qvianası) Dominik Monte "Kolonializm: Milli-dini kimliyin silinməsi" mövzusunda keçirilən beynəlxalq konfransa həsr olunmuş mətbuat konfransında deyib.

"Fransa bizə öz dövlət radiosunu, televiziyasını, məktəb proqramlarını, tarixini və müxtəlif icmalarını sırıdı. Biz, yerli xalqlar, əslində kim olduğumuzu anlamağa çalışaraq özümüzü itirilmiş hiss edirik", - o bildirib.

O vurğulayıb ki, bir müddət sonra yerli sakinlər özlərini fransız kimi identifikasiya etməyə başladılar.

"Bu gün Qvianada öz müqəddəratını təyinetmə hərəkatı mövcuddur. Biz öz kimliyimizi dərk etməyə çalışır, mədəniyyətimizi formalaşdırır və tariximizi öyrənirik. Uzun müddət bizə danışılmayan gizli tarixi mövzulara həsr olunmuş konfransların sayı getdikcə artır", - o bildirib.