Qazaxıstan Prezidenti Prezident İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Çox hörmətli İlham Heydər oğlu.

Sizi və bütün həmvətənlərinizi möhtəşəm Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Ölkələrimizi çoxəsrlik dostluq, qardaşlıq və qarşılıqlı hörmət ənənələri ilə birləşdirən bu əlamətdar bayram təbiətin yenilənməsini simvolizə edir. Qoy bu bayram xalqlarımıza bol sevinc və səadət gətirsin!

Əminəm ki, Novruz bayramının müqəddəs dəyərləri xalqlarımızın rifahına, yüksək məqsəd və istəklərə nail olmağa yönəlmiş dövlətlərarası münasibətlərimizin daha da inkişafına töhfə verəcəkdir.

Hörmətli İlham Heydər oğlu, bu gözəl bayram münasibətilə Sizə möhkəm cansağlığı və tükənməz qüvvət, ailənizə firavanlıq, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və rifah arzu edirəm".