Azərbaycan ilə Rumıniya arasında investisiya, neft-qaz, "yaşıl enerji" sahələrində əməkdaşlıq müzakirə edilib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 14-də Rumıniya Parlamenti Senatının Sədrinin vəzifəsini müvəqqəti icra edən Mirça Abrudeanla görüşüb.

Bu barədə Day.Az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan-Rumıniya əlaqələrinin strateji tərəfdaşlıq əsasında dinamik inkişafından məmnunluq ifadə olunub.

Siyasi dialoqun yüksək səviyyədə olduğu bildirildi, dövlət başçıları və digər səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərin əlaqələrin genişlənməsi baxımından əhəmiyyəti vurğulandı. İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın və qarşılıqlı dəstəyin önəmi qeyd edilib.

Parlamentlərarası əməkdaşlığa toxunularaq parlament səviyyəsində qarşılıqlı səfərlərin, həmçinin hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyətinin əhəmiyyəti vurğulanıb.

Azərbaycan ilə Rumıniya arasında ticarət-iqtisadi, investisiya, neft-qaz, yaşıl enerji, nəqliyyat, dövlət xidmətlərinin göstərilməsi, humanitar və digər istiqamətlərdə əməkdaşlığın genişlənməsi məmnunluqla vurğulanıb.

Eyni zamanda qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.