Subasmalara qarşı hansı tədbirlər görülür?
İntensiv yağışlar zamanı müxtəlif ərazilərdə yaranan problemlərin aradan qaldırılması məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Day.Az xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq ADSEA-dan bildiriblər.
Qeyd edilib ki, xüsusilə rayonlar üzrə sukanal idarələrinin rəhbərləri, ümumilikdə bütün işçi heyəti yığılan suların ərazilərdən çəkilməsi, yağış və kanalizasiya kollektorlarının təmizlənməsi və fəaliyyətinin bərpası istiqamətində müntəzəm və fasiləsiz işlər icra edirlər.
"Yağışların intensivliyi nəticəsində bəzi ərazilərdə subasma hallarının baş verməməsi üçün həmin ərazilər əvvəlcədən nəzarətə götürülüb, texnika, mal-material və işçi heyəti ilə təmin olunub.
Qeyd edək ki, hava şəraitindən asılı olmayaraq şəbəkələr vəsitəsilə həm yağış sularının, həm də tullantı sularının maneəsiz şəkildə daşınması üçün kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işlərini müntəzəm həyata keçirilir.
Eyni zamanda, kanalizasiya nasos stansiyaları təftiş olunur, mövcud olan digər mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir. İntensiv yağışlar zamanı isə bu işlər daha da gücləndirilmiş şəkildə icra edilir.
Hazırda hava şəraiti ilə əlaqədar sukanal idarələrin məsul əməkdaşları yağış sularının idarə olunmasını nəzarətdə saxlayırlar, baş verəcək fəsadların qarşısının öncədən alınması məqsədilə işlər həyata keçirirlər", - qurumdan bildirilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре