Prezident İlham Əliyev: Azərbaycanla Aİ arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün böyük imkanlar mövcuddur

Azərbaycanla Avropa İttifaqı arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün böyük imkanlar mövcuddur.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul edərkən deyib.

Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu dedi, Cənub Qaz Dəhlizinin 4 ildir fəaliyyət göstərərək Avropanın qaz təchizatında oynadığı əhəmiyyətli rola toxundu.

Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan artıq Avropanın 10 ölkəsini, o cümlədən Avropa İttifaqının 8 üzvünü qazla təchiz edir. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan qaz təchizatının coğrafi əhatəsinə görə Avropa məkanını qazla təmin edən ilk ölkələrdən biridir.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında uğurlu və səmərəli dialoqun mövcud olduğunu deyən dövlətimizin başçısı bərpaolunan enerji sahəsində də əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirdi. Prezident İlham Əliyev bu xüsusda qeyd etdi ki, ölkəmiz Xəzərin Azərbaycan sektorunda zəngin külək enerji resurslarına malikdir. Dövlətimizin başçısı vurğuladı ki, eyni zamanda, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə bərpaolunan Trans-Xəzər enerji dəhlizinin inkişaf etdirilməsində və Qara dəniz istiqamətində Gürcüstan, Rumıniya, Macarıstan, son dövrlərdə isə Bolqarıstanın da qoşulduğu layihələrin reallaşdırılmasında mühüm rol oynayır.

Azərbaycan Prezidenti bildirdi ki, ölkəmizlə Avropa İttifaqı arasında qazla yanaşı nəqliyyat sahəsində də əməkdaşlıq üçün geniş imkanlar var.