Prezident İlham Əliyevin Çinə uğurlu səfəri Pekin ilə Bakı arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı deməkdir - Çinli eskpert

Azərbaycan Prezidenti İlham Əliyevin Çinə uğurlu səfəri və hərtərəfli strateji tərəfdaşlığın yaradılmasına dair birgə bəyanat imzalanması Çin ilə Azərbaycan arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı deməkdir.
Day.Az xəbər verir ki, bu barədə Trend-ə Çinin Taihe İnstitutunun baş elmi işçisi Van Tszayban deyib.
"Hərtərəfli strateji tərəfdaşlıq bütün əsas sahələrdə və ən mühüm strateji məsələlər üzrə əməkdaşlıq deməkdir", - deyə o qeyd edib. O əlavə edib ki, Azərbaycan Mərkəzi Asiya Dəhlizinin və İpək Yolunun əsas ölkəsidir və mühüm geosiyasi və geoiqtisadi əhəmiyyətə malikdir.
"Çin və Azərbaycan arasında strateji tərəfdaşlıq ilk növbədə aşağıdakı aspektlərdə özünü göstərir:
- qarşılıqlı faydalı əməkdaşlıq və ümumi inkişaf naminə strateji tərəfdaşlıq;
- Mərkəzi Asiya dəhlizinin təhlükəsizliyini təmin etmək və "Bir kəmər, bir yol" təşəbbüsünü təşviq etmək üçün strateji tərəfdaşlıq;
- Avrasiyanın geosiyasi mənzərəsində fundamental sabitliyi qorumaq üçün strateji tərəfdaşlıq", - deyə ekspert qeyd edib.
Van Tszayban vurğulayıb ki, Azərbaycan Prezidentinin Çinə səfəri zamanı tərəflər arasında demək olar ki, bütün sahələri əhatə edən bir sıra sazişlər və anlaşma memorandumları imzalanıb.
"Fikrimcə, iki ölkə arasında rəqəmsal iqtisadiyyat, yüksək texnologiyalar və kosmik tədqiqatlar sahələrində əməkdaşlıq xüsusi diqqətə layiqdir. Çin yaşıl texnologiyalar üzrə qlobal liderdir, Azərbaycan isə bərpa olunan enerjinin inkişafı üçün iddialı planlar həyata keçirir. Bu sahədə qarşılıqlı fəaliyyət bir-birini yüksək dərəcədə tamamlayır və dinamik inkişaf üçün geniş perspektivlər açır", - deyə o vurğulayıb.
Birgə bəyanatın digər məqamlarla yanaşı, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) hüquqi statusunun artırılmasına Çinin verdiyi dəstəkdən bəhs edən bəndlərdən birinə toxunan Van Tszayban ikitərəfli münasibətlərin gələcəyi ilə bağlı nikbin olduğunu bildirib:
"Azərbaycan artıq ŞƏT-in dialoq tərəfdaşıdır və tərəflər arasında sıx əlaqələr inkişaf edib. Azərbaycan təşkilatın məqsəd və prinsiplərini bölüşür, ŞƏT isə Avrasiya məkanında təhlükəsizliyin, sabitliyin və inkişafın təmin edilməsində Azərbaycanın rolunu yüksək qiymətləndirir. Mövcud geosiyasi gərginlik və qeyri-sabit beynəlxalq iqtisadi vəziyyət fonunda biz Azərbaycan ilə ŞƏT arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə nikbin yanaşırıq".
Ekspert bildirib ki, Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin möhkəmləndirilməsi Azərbaycanla ŞƏT-ə üzv dövlətlər arasında təhlükəsizlik, iqtisadiyyat və texnologiya sahələrində əməkdaşlığın genişlənməsinə və möhkəmlənməsinə töhfə verir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре