Şirvanşahlar Sarayında “Xəmsə” kolleksiyasının təqdimatı keçirilib

Mayın 13-də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Natavan Brendinin təsisçisi, modelyer və kolleksioner Natəvan Əliyevanın birgə təşkilatçılığı ilə "Xəmsə" kolleksiyasının təqdimatı baş tutub.

Natavan Fashion Gallery and School tərəfindən hazırlanmış kolleksiya, dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Xəmsə"sində yer alan poetik və fəlsəfi dəyərləri müasir dəb dili ilə canlandıraraq, təqdimatı mədəniyyət və sənətin vəhdətini əks etdirən nümunəvi bir hadisəyə çevirib.

Tədbirin bədii hissəsində Beynəlxalq Muğam Mərkəzinin "Cahangir Cahangirov" adına xor kollektivi çıxış edib (bədii rəhbər: Təranə Yusifova). Kolleksiya nümayişi zamanı səsləndirilən klassik musiqi nümunələri və Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasından seçilmiş hissələr təqdimata xüsusi ahəng qatıb.

Defilədə iştirak edən modellər tərəfindən təqdim olunan geyimlər Nizami Gəncəvinin yaradıcılığında mərkəzi yer tutan məhəbbət, ədalət, hikmət və gözəllik kimi ali dəyərləri vizual ifadə ilə tamaşaçılara çatdırıb.

Tədbirin məqsədi Azərbaycan klassik ədəbiyyatının və zəngin mədəni irsinin müasir yaradıcılıqla sintezini təqdim etmək, milli dəyərləri yeni formatda geniş auditoriyaya çatdırmaq olub.

Təqdimat zamanı Şirvanşahlar Sarayını ziyarət edən turistlər və sənətsevərlər Azərbaycan moda sənətinin klassik poeziya ilə harmoniyasını əks etdirən bu xüsusi layihənin bir hissəsinə çevriliblər.