Kanat yollarının açılması turizmə nə vəd edir?

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın kanat yolunun təməlini qoyub.
Ölkə ərazisində müxtəlif regionlarda kanat sistemlərinin qurulması nəqliyyat və turizm potensialının artırılması baxımından nə qədər əhəmiyyətlidir?
Day.Az xəbər verir ki, turizm eksperti Rəhman Quliyev Trend-ə bildirib ki, Azərbaycana gələn qonaqlar və yerli vətəndaşlar yay tətili ilə əlaqədar xüsusilə bölgələrə üz tuturlar:
"Bu gün seçim qarşısında qalan turistlər daha əyləncəli yerlərə üstünlük verirlər. Kanat vasitəsilə gəzinti turistlər üçün daha maraqlıdır. Bu, beynəlxalq təcrübədə də öz sözünü deyir. Turizm sahəsində kanat şəbəkəsi turistləri cəlb etmək üçün mühüm vasitədir. Bu gün Azərbaycanın şimalında, Qusar, Quba və eyni zamanda, Qəbələ və Balakəndə də bu sistem mövcuddur".
Ekspertin sözlərinə görə, yaxın zamanda Prezident İlham Əliyev Şuşa-Xankəndi kanat yolunun açılışının anonsunu verdi:
"Bu çox unikal layihədir. Vətəndaşlar üçün Qarabağda belə bir xəttin açılması zəruridir. Təkcə Şuşa-Xankəndi deyil, Kəlbəcər, Zəngilan, Laçın istiqamətində də dağ massivləri var. Həmin ərazilərdə də kanat sisteminin yaradılması həyata keçirilə bilər.
Bu gün bütün dünyada dağ massivi olan şəhərlərin içində belə kanat yolları mövcuddur. Bu gün biz tək kanat deyil, turistləri maraqlandıracaq bir çox layihələrə yaxından baxmalıyıq. Azərbaycana turist gətirilməsi üçün layihələr hazırlanmalıdır. Ümumi olaraq yerli turistlərin də bölgələrə getməsinə şərait yaratmaq üçün mümkün turizm vasitələrindən istifadə etmək lazımdır".
Mövzu ilə bağlı Trend-ə danışan nəqliyyat məsələri üzrə ekspert Elməddin Muradlı bildirib ki, kanat yolları dünya tarixində bir çox sahələrdə əhəmiyyətli rol oynayıb:
"Bu vasitə xüsusilə hərbi sahədə və dağlıq ərazilərdə insanların rahat hərəkəti üçün istifadə olunub. Azərbaycanda kanat sırf turizm növü kimi ortaya çıxıb. Xüsusi olaraq da Qəbələdə bu, böyük marağa səbəb oldu. Çünki uzaq məsafəni qət edirdi, yaxın zamanlarda o qədər də effektiv olmur. Sonuncu dəfə Prezident İlham Əliyev mesaj verdi ki, Şuşa-Xankəndi istiqamətində kanat yolunun çəkilməsi düşünülür. Bu da, təbii ki, həmin ərazidə yaşayanlar və turizm üçün çox böyük töhfə verəcək.
Xankəndidə yaşayan Şuşaya gəlirsə, onun üçün avtomobil yolundan daha qısa olanı məhz kanat yolu olar. Yaxud da turistlər artıq Şuşaya səyahət edəndən sonra Xankəndinə nəqliyyat vasitəsilə düşmək yerinə kanat yolu ilə hərəkət edə bilərlər".
Ekspertin sözlərinə görə, ucqar kəndlər də var ki, orada yol çəkmək, yaxud bir-biri ilə əlaqələndirmək olmur:
"Belə yerlərdə insanların rahat hərəkət etməsi üçün kanat sistemlərindən istifadə edilə bilər. Məsələn, 30 ildir Kür çayını qayıqla keçib işə gedən müəllim var. Həmin ərazilərdə bu sistem qurularsa, insanlar qayıqla deyil, kanat vasitəsilə daha rahat hərəkət edə bilər. Sadəcə bu sistemlərin qorunub saxlanılması və nə qədər perspektivli olması məsələləri var. Bu məsələlərə görə bir çox hallarda bu sistemlərin yerinə keyfiyyətli yol çəkilməsini üstün tuturlar".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре