“Azərbaycan-Türkiyə-Pakistan dostluğu və qardaşlığı əbədidir”

"Mayın 28-də, Azərbaycanın Müstəqillik Günündə Azərbaycan-Türkiyə-Pakistan ikinci Zirvə görüşünün keçirilməsi ölkələrimiz və xalqlarımız arasında olan dostluq və qardaşlıq əlaqələrinin sarsılmazlığının daha bir nümayişidir. Bu mühüm və mötəbər tədbirin 30 illik erməni işğalından sonra yenidən qurulan və sürətlə dirçələn Laçında təşkil olunması isə xüsusi siyasi və mənəvi önəm daşıyır". Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, vurğulayıb ki, sammitdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin öz çıxışlarında səsləndirdikləri fikirlər də bu üç qardaş ölkə arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini bir daha təsdiqləmiş oldu.  "Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, ölkələrimizin və xalqlarımızın bir-birinə bağlılığının əsasında birgə tarix, mədəniyyət və ortaq mənəvi dəyərlərin durması da əsil qardaşlıq münsibətlərinin formalaşmasını şərtləndirən ən mühüm amillərdən biridir. Bu üç qardaş ölkə daim bir-birinin yanında olub və bu gün də yanındadır. Azərbaycan xalqı 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyi əsla heç zaman unutmayacaq. Azərbaycan da hər zaman qardaş Türkiyənin və Pakistanın yanında olub. Türkiyədə PKK terror qruplaşmasının özünü ləğv etməsi və tərksilah ilə bağlı qərarı yalnız Türkiyə üçün deyil, ümumilikdə bölgədə sülh və əmin-amanlıq üçün önəmli məsələdir və Azərbaycan buna ən çox sevinən ölkələrdən biridir. Azərbaycan Pakistan və Hindistan arasında bu yaxınlarda yaşanmış son gərginliyi böyük narahatlıqla izləmiş və ilk gündən  Pakistanla həmrəyliyini açıq şəkildə ifadə etmişdir."       

K.Qafarov daha sonra Azərbaycan, Türkiyə və Pakistan arasında müxtəlif sahələrdə iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb: "Cənab Prezident İlham Əliyev Azərbaycanın Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyduğunu və Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları qoymağa hazır olduğunu bəyan etməklə iqtisadi əlaqələrin genişləndirilməsi zərurətini, eləcə də bunun üçün böyük imkanlar olduğunu diqqətə çatdırdı. Xüsusilə müdafiə sahəsində əməkdaşlığın ölkələrimiz arasında tərəfdaşlığın önəmli istiqamətlərindən biri olduğu qeyd edildi. Əlbəttə birgə hərbi təlimlər və hərbi-texniki sahədə həyata keçirilən layihələr hər üç ölkənin silahlı qüvvələrinin güclənməsinə xidmət edir. Bu çox mühüm bir amildir. Çünki Azərbaycan-Türkiyə-Pakistan hərbi əməkdaşlığı kifayət qədər böyük bir coğrafiyada sülhün və sabitliyin qorunmasını təmin edir".