Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan sabitlik və güc amilinə çevrilib

Prezident Ilham Əliyevin rəhbərliyi altında Azərbaycan sabitlik və güc amilinə, firavanlıq mayakına və bütün regionda uğurlu iqtisadi inkişaf modelinə çevrilib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 28 May - Müstəqillik Günü münasibətilə təbrikində yer alıb.

Təbrikdə deyilir: "Mən Azərbaycanın yəhudi icmasına və mədəniyyətinə davamlı dəstəyini, habelə Həmas-ın ötən il oktyabrın 7-də hücumundan sonra İsrailə nümayiş etdirdiyi davamlı həmrəyliyi yüksək qiymətləndirirəm. Ölkəniz unudulmayacaq dərəcədə gözəl mərhəmət və dostluq nümunəsi göstərmişdir. Mən, həmçinin Azərbaycanın İsrail və Türkiyə arasında dialoqa təkan verilməsində, regional əməkdaşlığın inkişaf etdirilməsində roluna görə minnətdarlığımı bildirmək istəyirəm.

Sizin rəhbərliyiniz altında Azərbaycan sabitlik və güc amilinə, firavanlıq mayakına və bütün regionda uğurlu iqtisadi inkişaf modelinə çevrilib".