Məhkəmədə 44 günlük müharibə zamanı Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərində məktəbdə hərbi müşavirə keçirilməsinə dair sübut tədqiq edilib

İyunun 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyan prokurorun suallarını cavablandırarkən 2020-ci ildə 44 günlük müharibə zamanı qondarma qurumun "prezidenti" Arayik Harutyunyanın istəyi ilə bir neçə istiqamətdə olduğunu bildirib.
Day.Az xəbər verir ki, o, həmin vaxt heç bir vəzifə tutmadığını, təqaüddə olduğunu söyləyib.
A.Harutyunyan ona iki dəfə - oktyabrın 14-də və noyabrın 3-də, yaxud 4-də (dəqiq günü xatırlamır - red.) ona müraciət edərək təhlükəsizlik, mülki müdafiə işləri ilə əlaqədar yerli "hakimiyyət orqanları"na kömək etməyi və artilleriyanın vəziyyətini yoxlamağı istəyib. L.Mnatsakanyan da öz növbəsində qeyd olunanlarla bağlı Hadrut, Suqovuşan və digər istiqamətlərdə olub.
Bu zaman məhkəmədə növbəti sübut tədqiq olunub. 44 günlük müharibə zamanı çəkilmiş videokadrlarda Şuşakənddə məktəbin sinif otağında hərbi müşavirə keçirildiyi görünür.
Videokadrlarda Levon Mnatsakanyan da görünür.
Müşavirəni Samvel Babayan (qondarma rejimin keçmiş "müdafiə naziri", keçmiş "təhlükəsizlik şurasının katibi" - red.) keçirir. Videokadrlarda Azərbaycan hərbçilərinə qarşı hücum müzakirə edilir. Samvel Babayan bildirir ki, "orada xəritədə minalanmış sahə var, həmin o minalanmış sahə ilə keçməyin, partlayar". O, daha sonra deyir: "Sığnağın altı ilə oradan bura kilsə tərəf 1-1,5 kilometrdir. Oradan "karyer"lə yol var. Həmin yol bağlanmalıdır. Deməli, tapşırıq düşməni Şuşada mühasirəyə almaqdır. Bizim sabahkı fəaliyyətimiz bütün Qarabağın taleyini həll edəcək. Qarabağın taleyi bizim sabahkı fəaliyyətimizdən asılıdır. Qarabağın taleyi asılıdır. Nə dediyimi başa düşürsünüz...
...Kim hansı tapşırığı alırsa o tapşırığı da icra etməlidir. Yəni ki, biz düşmənin arxa yolunu, çıxışını bağlamalıyıq. Bizə lazım olan mövqeləri sürətli şəkildə tutmalıyıq. Səhər saat 6-da biz orda oluruq. Heç kim geçikmir. Otururuq 1 saat nəzarət edirik, baxırıq. Saat 7-də artıq yarılma başlayır. Artilleriya təxminən 15 dəqiqə işləyir. Çünki biz hücuma keçəcəyik. Bir-birimizi başa düşdük, bir-birimizi tapa biləcəyik? Telefonları, hər şeyi bir-birinizə vermisiniz?".
Sübutun tədqiqindən sonra Levon Mnatsakanyan prokurorun suallarını cavablandırarkən müşavirədəki müzakirlərdə iştirak etmədiyini iddia edib, səhəri günə planlaşdırılan hücumun baş tutmadığını bildirib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре