Bu günədək Qarabağda iş görmək istəyən şirkətlərdən 4 minədək müraciət olub

İƏT Baş katibinin Şuşa Biznes Forumunun platforma kimi geniş istifadə olunması ilə bağlı fikirləri bizim üçün çox önəmlidir.

Day.Az bildirir ki, Trend-in Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Biznes Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

İcraçı direktoe bildirib ki, bu platforma daha geniş imkanlar nöqteyi-nəzərindən istifadə oluna bilər:

"2025-ci ildə İƏT-ə üzv ölkələrlə ticarət dövriyyəmiz 1,5 milyard dollar olub. Son 30 ildə İƏT ölkələrindən Azərbaycana yatırılan investisiyaların həcmi 5 milyard dollardır. Düşünürük ki, potensial bundan çoxdur. Biz bu barədə iştirakçılara detallı məlumatlar vermişik".

O əlavə edib ki, İƏT Baş katibinin təklif etdiyi yeni yol xəritəsinin hazırlanması ticarət təşviqi agentlikləri və bu sahədə fəaliyyət göstərən qurumların potensialının üzə çıxarılması ilə bağlıdır:

"Bu gün dünya ticarətinin əsas qollarından biri olan logistika həddən artıq bahalaşır. Yeni çağırışlara hazır olmalıyıq. Hazırlayacağımız tədbirlər planında üzv ölkələrin ticarət palatalarının müzakirələri zamanı ən əsas komponentlərdən biri logistika problemlərinin həlli olmalıdır".

Y.Abdullayevin sözlərinə görə, bu gün Şuşada İƏT üzvlərindən 100-dən çox sahibkar iştirak edir.

"Fikirlər səsləndirildi ki, İƏT üzvləri Qarabağda aparılan layihələrdə fəal iştirak etsinlər.

Bu günədək Qarabağda iş görmək istəyən yerli və xarici şirkətlərdən 4 minədək müraciət daxil olub. İƏT çərçivəsində bu imkanları dəyərləndirib müraciətlərin sayını artırmaq istəyirik", - deyə o fikrini tamamlayıb.