Azad edilmiş ərazilərdə güzəştli ipoteka krediti ilə bağlı şərtlərdə dəyişiklik edildi

Prezident İlham Əliyev "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, fərmana əsasən, güzəştli ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 90 faizindən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşayış sahəsinin qiymətinin 90 faizindən, güzəştli ipotekaya aid olmayan kreditin məbləği isə 85 faizindən çox olmamalıdır.

İpoteka krediti üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin ("Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 dekabr tarixli 2381 nömrəli Fərmanının 7.3-cü bəndinə əsasən hərbi qulluqçulara verilən maliyyə dəstəyi nəzərə alınmaqla) 70 faizindən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşayış sahəsinin alınması məqsədilə verilən kredit məbləği üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 75 faizindən çox olmamalıdır. Bu tələb ipoteka kreditinin məbləğinin kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən ilkin bazardakı yaşayış sahəsinin qiymətinin 60 faizindən az olduğu hallara şamil edilmir.