Prezident İlham Əliyev Şəmkirdə avtomobil yollarının təmirinə 2 milyon manat ayırdı

Prezident İlham Əliyev Şəmkir rayonunun Dəllər Cəyir-Dəllər Daşbulaq və Qədimqala-Miskinli-Keçili-Xuluf avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, iyirmi min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Dəllər Cəyir-Dəllər Daşbulaq və Qədimqala-Miskinli-Keçili-Xuluf avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 2 (iki) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu sərəncamda göstərilən avtomobil yollarının əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalı, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.