Azərbaycanın buğda idxalında böyük artım: Məhsuldarlıq və ərzaq təhlükəsizliyi perspektivləri - RƏY

Bu ilin birinci yarısında Azərbaycan ümumilikdə 602 min 255 ton buğda idxal edib ki, bu da ölkənin ərzaq təhlükəsizliyi üçün mühüm göstəricidir. Buğdanın idxal dəyəri isə 130 milyon 661 min ABŞ dolları təşkil edib ki, bu da ölkənin bu sahəyə ciddi maliyyə resursları ayırdığını göstərir. Eyni zamanda, Azərbaycanda buğda idxalı 56% artıb. Həmçinin, hər il kənd təsərrüfatına yatırılan investisiyalar artmasına baxmayaraq, xaricdən idxal edilən məhsullar da artır. Belə böyük həcmdə idxal isə həm daxili bazarın tələbatını ödəmək, həm də ərzaq təminatını stabilləşdirmək məqsədi daşıyır.
Bəs, bu artımın əsas amilləri hansılardır?
Day.Az bildirir ki, mövzu ilə bağlı Trend-in sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, məhsuldarlığın artırılması üçün keyfiyyətli toxumlardan istifadənin, düzgün aqrotexniki qulluğun vacibliyi təbliğ və təşviq olunur.
Qeyd edək ki, mövcud göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 216 min 233 ton (56 %), dəyər baxımından isə 45 milyon 482 min ABŞ dolları (53,4%) çoxdur.
Məlumat üçün bildirək ki, ötən il yanvar-iyun aylarında isə Azərbaycana buğda idxalı 102 milyon 620 min ABŞ dolları dəyərində 460 min 645 ton olub.
Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev Trend-ə açıqlamasında qeyd edib ki, buğda idxalının artması müəyyən səbəblərlə əlaqələndirilə bilər:
"Ölkədə təbii şəraitin əlverişli olmaması, istilərin kəskinləşməsi və təbii fəlakətlər buğda istehsalının aşağı olmasının əsas səbəblərindəndir. Bununla belə, Azərbaycanda daha çox ərzaqlıq buğda xaricdən idxal edilir ki, bu da təbiidir, çünki buğda rentabelli məhsul sayılmır. Ölkədə təxminən 1 milyon hektar sahə dənli-paxlalı bitkilər üçün ayrılıb, lakin qeyd olunan səbəblərdən buğdanın məhsuldarlığı yüksək deyil. Qarşıya qoyulan əsas məqsəd sahələrin genişləndirilməsi deyil, məhsuldarlığın artırılmasıdır".
Komitə sədri qeyd edib ki, mütləq məhsuldarlıq artırılmalıdır:
"Suvarma texnologiyasına ciddi əməl olunmalıdır. Çünki ölkəmizdə buğda əsasən dəmyə sahələrdə yetişdirilir və bu sahələrdə məhsuldarlıq yüksək ola bilməz. Bunun səbəbi isə həmin sahələrin ancaq təbii imkanlar hesabına suvarılmasıdır. İri təsərrüfatlar və şirkətlər yaradılmalıdır ki, bilavasitə buğda istehsalı ilə məşğul olsun və məhsuldarlıq artırılsın. Əlbəttə, investisiyaların artırılması müsbət haldır və bundan iri şirkətlər də faydalanırlar. Digər tərəfdən, buğda istehsalında müəyyən qədər məhsuldarlığın aşağı düşməsində kiçik təsərrüfatların rolu çox məhduddur. Çünki pay sahibləri 2-3 hektar ərazidə taxıl əkirlər və bu, məhsuldarlıq üçün o qədər də əlverişli deyil. Hesab edirəm ki, sahibkarlar öz təsərrüfatlarını birləşdirməli, daha böyük sahələrdə buğda əkinini həyata keçirməlidirlər. Bu, suvarmadan və texnikadan səmərəli istifadə olunması, həmçinin yığımın sürətlənməsi baxımından əlverişli ola bilər. Bu istiqamətdə işlər gedir və qarşıya qoyulan məsələlər çox mühümdür. Ölkə öz ərzaq təminatını təmin etməlidir və ərzaqlıq buğdaya olan tələbat bir neçə ildən sonra tam yerinə yetiriləcək".
Kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli isə Trend-ə bildirib ki, ölkədə ciddi problemlərdən biri ərzaq buğdası ilə bağlıdır:
"Ölkədə istehlak olunan ərzaqlıq buğdanın təxminən 40%-i yerli istehsal, 60%-i isə idxal hesabına təmin olunur. Buğda əsasən Rusiyadan, az bir hissəsi isə Qazaxıstandan idxal edilir".
"Buğda idxalının artımını həmişə sentyabr-dekabr aylarında görürdük. Çünki bu, Rusiyada yeni biçin mövsümünün başa çatmasından sonrakı dövrə təsadüf edirdi. Lakin hiss olunur ki, bu ilin əvvəlindən idxalın həcmi artıb. Bu il daxili istehsalın azalacağı gözlənilmir, çünki hava şəraiti taxılçılıq üçün əlverişli olub. Hətta rəsmi açıqlamalardan məhsuldarlığın yüksək olduğu görünür. İnsanların qidalanma rasionundakı dəyişikliklər istehlakın ilbəil azalacağını göstərir. Bu, cüzi olsa da mövcuddur. İldə təxminən 1 milyon - 1 milyon 100 min ton taxıl idxal edirik və yenə də təxmin edirəm ki, həmin həcmdə idxal davam edəcək. Yəqin ki, ilin ikinci yarısında idxal azalmağa başlayacaq. Yəni, ərzaq təhlükəsizliyi ilə bağlı risk mövcud deyil", - ekspert əlavə edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре