Fernando Boteronun həyat dolu əsərləri “Art Weekend”də Heydər Əliyev Mərkəzində

Məşhur kolumbiyalı rəssam-heykəltaraş, insanları və heyvanları, eləcə də müxtəlif fiqurları nəhəng ölçüdə təqdim etməklə "Boterismo" üslubunu yaratmış Fernando Boteronun əsərləri ilk dəfə oktyabrın 31-də Heydər Əliyev Fondunun təşkil etdiyi "Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyimizi İNDİ Duy" ("Fly to Baku. Art Weekend. Sense the Future NOW") layihəsi çərçivəsində Bakıda sərgilənəcək.

Day.Az xəbər verir ki, Heydər Əliyev Mərkəzində nümayiş olunacaq "Bədii formanın təntənəsi" (The Triumph of Form) adlı fərdi sərgidə rəssamın 100-dən çox əsəri təqdim ediləcək. Bu əsərlər Fernando Boteronun 70 il ərzində yaratdığı sənət nümunələridir. Bunların arasında rəssamın həm 14 yaşında olarkən korrida səhnələri ilə yaratdığı ilk akvarel işləri, həm də kətan üzərində fərdi rəsm texnikası ilə çəkdiyi əsərləri var. Müəllifin işləri parlaqlığı, həyatdoluluğu ilə seçilir. Rəssam hətta Leonardo da Vinçinin "Mona Liza"sını öz üslubunda - böyük ölçüdə təqdim edir. Boteronun "Atlı adam" heykəltaraşlıq əsəri 2022-ci ildə "Christie's" hərracında 4.3 milyon dollara satılıb. Onun hərracdakı əsərinin satış rekordu isə 2023-cü ildə "Musiqiçilər' əsərinə görə olub - 5.1 milyon dollar. Ümumilikdə Botero 3000-dən çox rəsm əsəri, 200-dən çox heykəltaraşlıq nümunəsi yaradıb.

Fernando Botero dünyada geniş auditoriyanın nəzər-diqqətini özünə çəkə bilib. 30-dan çox ölkədə 100-dək muzey sərgisi keçirilən, milyonlarla izləyicisi olan rəssam 20 yaşında Kolumbiyanı tərk etsə də, vətəni hər zaman onun ilham mənbəyi olub. Özünü "Kolumbiyalıların ən kolumbiyalısı" adlandıran Boteronun əsələrindəki mərkəzi mövzu uşaqlıq xatirələridir: Latın Amerikası həyatı, natürmortlar, korrida. Bununla da o, İtaliya intibahının universal ruhunu Latın Amerikasının həyat enerjisi ilə birləşdirib.

Rəssam İspaniyanın "Lope de Veqa" teatr şirkəti üçün eskizlər hazırlayıb, 1950-ci illərdə Madrid və Parisdə yaşayaraq böyük ustadların əsərlərini araşdırıb, Florensiya Universitetində fresko texnikasını öyrənib, ABŞ-da abstrakt ekspressionizmi kəşf edib, Qabriel Qarsiya Markesin "Çərşənbə axşamı siesta" hekayəsini illüstrasiya edib. 1973-cü ildən heykəltaraşlıqla məşğul olmağa başlayan müəllif üçölçülü həcmlərə müraciət edib.

2023-cü ildə vəfat edən rəssamın həyat və yaradıcılığına həsr olunan "Botera" sənədli filmi çəkilib. Film bir çox festivallarda müxtəlif nominasiyalarda mükafatlara layiq görülüb.